Zaman gözləmir: Ərdoğan reytinqini bərpa etməyə çalışır - ŞƏRH

 "Türkiyə cəmiyyətində son zamanlarda əfqanların və suriyalıların köçü fonunda ciddi bir narahatlıq var. Yəni cəmiyyətin nizamı pozulub"

"Proseslərə Türkiyədə baş tutan son seçkilərdən baxmaq lazımdır".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Ərdoğanın qeyri-qanuni miqrasiyaya qarşı addımların atılması ilə bağlı verdiyi təlimatdan danışarkən deyib.

O, bildirib ki, Türkiyədəki son seçkilər, cəmiyyətdəki siyasi fiqurların sadəcə atdıqları addımların uğurlu olub-olmamasına görə qiymət aldıqlarını göstərdi:

"Son seçkilərə qədər çoxu düşünürdü ki, bu günə qədər Ərdoğan asan qələbə qazanıb. Lakin son tendensiya ölkəyə olan miqrant axını və iqtisadi çətinliklər ucbatından cəmiyyəti ona səs verməkdən yayındırdığını ortaya çıxardı. Bu gün də eyni təhlükə var və demokratik mühitə uyğun olaraq Ərdoğanla, komandası xalqın gözündəki inamını itirməmək üçün onun istəkləri doğrultusunda addımlar atır. Bu əsas faktordur. Çünki hazırkı iqtidar yeni seçkiləri gözləmək istəmir və xalqın gözündəki yüksək reytinqini geri qaytarmağa çalışır. Amma eyni zamanda ortada milli məsələlər də var. Biz görürük ki, Türkiyə cəmiyyətində son zamanlarda əfqanların və suriyalıların köçü fonunda ciddi bir narahatlıq var. Yəni cəmiyyətin nizamı pozulub". 

Ekspertin sözlərinə görə, bu hadisə daxili siyasətdə çətinliklər yaradır:

"Eyni zamanda miqrantlar mədəni cəhətdən Türkiyə cəmiyyətindən geri qaldığı üçün, bu özündə əlavə problemlər yaradır. Digər tərəfdən iqtisadi yük də artmış olur. Çünki miqrantların sayı o qədər artıb ki, Türkiyə qarşılaşdığı iqtisadi çətinliklərlə bərabər, miqrant yükü ilə bacara bilmədiyinin fərqindədir. Bu fəsadları da aradan qaldırmaq iqtidarın əsas qərarlarından biridir. Ümumiyyətlə bütün faktorları nəzərə aldıqda demək olar ki, Ərdoğanın və DİN rəhbərinin qərarları ölkədə stabil siyasət xəttinin formalaşdırılmasına hesablanıb".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-qanuni miqrasiyaya qarşı lazımi addımların atılması barədə təlimat verib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Prezident Rəcəb Tayyib Ərdoğana “qanunsuz immiqrasiya ilə mübarizə” mövzusunda məlumatlandırıb.
 A.Yerlikaya təqdimatında əcnəbilərin Türkiyə vətəndaşlığını almasında bəzi sui-istifadə hallarının olduğunu bildirib.
Bundan əlavə, əcnəbilərə müəyyən şərtləri yerinə yetirmək və müəyyən miqdarda sərvət sahibi olmaq müqabilində verilən müstəsna vətəndaşlığın təyinatından kənar məqsədlər üçün istifadə edildiyinə dair iddialar müzakirə olunub. 
Vurğulanıb ki, Daxili İşlər Nazirliyinə daxil olan “Türkiyə vətəndaşlığına keçmə” ilə bağlı müraciətlər bu səbəbdən bir müddət təxirə salınıb.
Xatırladaq ki, Türkiyədə olan Suriyalı mühacirlərin ölkələrinə göndərilməsi prosesi sürətləndirilib.