Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olunacaq.
Baş tutacaq görüşü "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, bu görüş barəsində deyiləcək sadə bir cavab var:
"Loru dildə desək, biz ermənilərlə öz hayımızdayıq, vasitəçilər öz hayındadırlar. Yəni onlar bir-biri ilə kimin daha böyük rol oynayacağı və nəticəyə nail olacağı barəsində rəqabət aparırlar. Bu, hər zaman baş verən bir vəziyyətdir. Çünki onlar həmişə əsas problemləri yaddan çıxarıb rəqabət apararaq vaxt itirirlər. Mən hesab edirəm ki, indiki mərhələdə əsas problem ermənilərin mövqeyidir. Biz görürük ki, Ermənistan tərəfi müharibədən sonra vaxtı uzatmaq üçün yeni taktika seçiblər. Bu taktika isə onları məcbur edir ki, reallıqdan uzaq hansısa məsələləri gündəmə gətirib müzakirəsini davam etsinlər. Ona görə də Moskva da buna bənzər mənzərə ilə qarşılaşacağımızı istisna etmirəm".