"Digər tərəfdən bu bəyanat düzgündür. Çünki Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq istəmir"
“Ermənistan Azərbaycanın Qarabağ bölgəsinin əhalisinin taleyini həll edə bilməz”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bildirib.
“Bizim fikrimiz belədir: Ermənistan Respublikası Qarabağ əhalisinin taleyini həll edə bilməz”, - N.Paşinyan vurğulayıb.
Paşinyanın açıqlamasını "Sherg.az"a şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, biz bəyanatı təhlil edərkən Paşinyanın bunu daxili auditoriyaya üçün hazırladığına baxmalıyıq:
"Yəni o yerli əhalini sülh sazişinə hazırlayır. Digər tərəfdən bu bəyanat düzgündür. Çünki Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq istəmir. Paşinyanın sözlərinə görə Xankəndi ilə Bakı arasında birbaşa danışıq olmalıdır. Lakin onlar təklif edir ki, beynəlxalq ictimaiyyət də bu görüşlərdə iştirak etsin. Bunu isə Azərbaycan tərəfinin qəbul edəcəyinə inanmıram. Ona görə ki, bu Azərbaycanın torpaqlarıdır və orada yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Ümumiyyətlə məsələni tam dəqiqliyi ilə Moskvadakı danışıqlardan sonra şərh etmək mümkün olacaq".