Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarının əsas hissəsinə başlayıb.
bu barədə ABŞ-ın “Nyu-York Times” nəşri yazıb.
Bildirilib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin əsas qüvvələri, o cümlədən əvvəllər ehtiyatda olan bölmələr cənub-qərb istiqamətində cəmlənib.
"Rəsmi Kiyevin aylardır əks-hücum əməliyyatlarına hazırlaşdığını deyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a vurğulayıb ki, Qərb mətbuatı Ukraynanın aylardır Rusiya üzərində qələbəni gücləndirmək üçün, taktiki təlimlər həyata keçirdiyini yazırdı:
"Əlbəttə Rusiya kəşfiyyatına da Ukraynanın əməliyyatlar keçirmək üçün ciddi hazırlıq görməsi bəlli olan bir məsələ idi. Yəni rəsmi Moskva Kiyev tərəfindən həyata keçiriləcək əks-hücum əməliyyatlarına əvvəlcədən proqnozlaşdıra bilib. Bu səbəblə də ilkin mərhələdə Ukrayna tərəfindən hansısa uğurlar əldə edilmədi. Digər tərəfdən isə, NATO və Qərb Rusiya ilə körpüləri tam yandırmaq istəmir. Ona görə də, bu gün Ukraynaya nə qədər hərbi və müdafiə sənayesi məhsulları baxımından yardım edilsə də, rəsmi Kiyevin gözlədiyi dəstək tam verilmir. Bu da Ukraynanın Rusiyaya qarşı uğurlu həmlələr həyata keçirmək imkanını məhdudlaşdırır. Lakin bütövlükdə Ukraynanın məsələyə fokslanması, işğal edilmiş müəyyən ərazilərin azad edilmək perspektivlərini özündə saxlayır".
Qeyd edək ki, Ukrayna əks-hücum əməliyyatına bu il iyunun əvvəlində başlayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.