Hər il 400 minə yaxın insan dünya sularında boğularaq, həyatını itirir
"Dünya çimərliklərdə təhlükəsizlik məsələləri ilə mübarizə aparır və burada baş verən boğulma halları istehsalatda qeydə alınan qəzalar sırasında ilk yeri tutur".
Bunu "Sherg.az"a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev boğulma hallarından danışarkən deyib. Onun sözlərinə görə, hər il 400 minə yaxın insan dünya sularında boğularaq, həyatını itirir:
"Buraya dəniz, okean, çay, göllər və s. daxildir. Ona görə çimərlikdə təhlükəsizliyin qorunmasına ciddi yanaşmaq lazımdır. Boğulma halları ilə bağlı ümumi statistikaya baxdıqda suda batma faktlarının 95 faizindən çoxunun qeyri-çimərlik ərazilərində baş verdiyini görürük. Bu, bir daha qadağan olunan çimərliklərdə çimmək, üzmək, vaxt keçirmək, istirahət etməyin yolverilməz olduğunu deməyə əsas verir. Hansı çimərliklərdən istifadə etməyə icazə verilirsə, həmin sahələrdə xilasedicilər və digər təhlükəsizlik tədbirləri də həyata keçirilir.
Təəssüf ki, insanlar bəzən qadağan olunan çimərliklərə üz tuturlar. Üzmə sərhədləri müəyyənləşdirilən hissədən qat-qat uzağa üzmək, saatlarla suda vaxt keçirmək və ya spirtli içkinin təsiri altında suya girmək boğulma hallarını artıran amillərdəndir. Ona görə sahilyanı ərazilərdə yaşayanlar, çimərliyə istirahət üçün gedənlər, kanal, göl və çaylarda üzmək istəyənlər işini planlı şəkildə qurmalıdırlar. Doğru ərazi seçmək şərtdir. Həmçinin boğulma hallarının böyük əksəriyyəti əlverişsiz hava şəraitində çimərliyə gedən an baş verir. Küləyin sürəti saniyədə 10-12 metrdən çox olarsa, çimərliyə üz tutmaq məsləhət deyil. Əfsuslar olsun ki, maarifləndirmə işləri aparılsa da, insanlar məlumatlandırılsa da, bəzən buna qeyri-ciddi yanaşırlar. Sonda bədbəxt hadisələrin başvermə riski qaçılmaz olur".
Qeyd edək ki, az qala hər gün suda boğulma faktları ilə rastlaşırıq. Bəzilərinin həyatını qurtarmaq mümkün olsa da bəzi hallarda xilasedicilərin əlindən heç nə gəlmir və bədbəxt hadisənin qarşısını almaq cətinləşir. İnsanlar oxuduqları maarifləndirici yazılardan, xəbərlərdən, bilgiləndirmə məqsədilə təqdim olunan süjetlərdən dərs götürmür. Nəticədə də faciə baş verir.