Sorğu keçirilsə, bizimlə yaşamaq istədiklərini deyəcəklər  - Qarabağdakı erməni icması...

Erməni bloqer Roman Baqdasaryan Qarabağdakı separatçıları növbəti dəfə ifşa edərək, orada ermənilərin azərbaycanlıların dövründə daha yaxşı yaşadıqlarını bildirib.

Həmçinin  bloqer Xankəndidə “aclıq”dan danışanlara da münasibət bildirib.

Bloqerin fikirlərinə münasibət bildirən sabiq millət vəkili Həvva Məmmədova "Sherg.az"a açıqlamasında vurğulayıb ki, əlbəttə, ermənilər azərbaycanlıların dövründə daha firəvan yaşayırdılar: 

"Biz ermənilər ilə birgə yaşamışıq. Amma son dövrlər müxtəlif bloqerlər müsahibələrində çox böyük statistik səhvlərə yol verirlər. Bəzən deyirlər ki, orada azərbaycanlıların sayı 11-12 faiz təşkil edir. Azərbaycanlıların sayı orada daha çox olub, hətta 20 faizə  qədər çatıb. Sadəcə orada yaşayan azərbaycanlılar qeydiyyata alınmaqda həmişə çətinlik çəkiblər. Uzun müddət qeydiyyata alınmadan yaşayıblar. Qeydiyyatsız olanları isə şəhərdən çıxarıblar. Amma oraya tanımadığımız insanları gətirirdilər. 1980-ci ildən başlayaraq ermənilərin sayını artırmağa başladılar. 1988-ci ildən isə başladılar mitinqə ki, biz azərbaycanlılar ilə yaşamaq istəmirik. Azərbaycanın inkişaf etmiş şəhərləri  Gəncə və Mingəçevir idi. Ən yüksək iqtisadi göstəriciyə malik olan isə  Xankəndi şəhəri idi. 1889-cu ildə Ziyad Səmədzadənin kitabında Qarabağın iqtisadi göstəriciləri faktlarla əks olunub.
Ermənilər nə qədər inkar etsələr də, bunların hamısı yersizdir. Qarabağda yaşayan ermənilər Laçına gəliblər. Bu gün onlar arasında sorğu keçirilsə, onlar bezdiklərini deyəcəklər. Canlarını qurtarmaq üçün azərbaycanlılar ilə birgə yaşamaq istədiklərini bildirəcəklər. Ermənistan və Azərbaycanın iqtisadi göstəricilərini müzakirə etmək olmaz. Ermənistandan olan deputatlar, jurnalistlər ölkəmizə gəlib gedirlər. Azərbaycanın iqtisadi vəziyyətini görüb dəhşətə düşürlər. Özlərinin və bizim  hansı səviyyədə yaşadığımızı müzakirə edirlər. Son dönəmlərdə oradan yaşlılar  və gənclər  çıxıb gedir. Hər adam da Qarabağı tərk edə bilmir. Gedənlərin isə yuxarıdan tapşırığı olur.  Bunların içində Rusiya vətəndaşı da var. Ağdam-Xankəndi yolundan  istifadə etmək, ərzaqları aparmaq istəmirlər. Çünki Qarabağa müxtəlif yollar ilə silah və muzdlular gəlir. Onlar bu gün ağır vəziyyətə düşüblər. Qarabağda yaşayan erməniləri əsl ermənilər qəbul etmir. Bildirirlər ki, azərbaycanlıların xarakteri onlara keçib. Onların məqsədi daşnaqsütun ideologiyası ilə formalaşdırmaq idi. Buna görə də Qarabağda yaşayan ermənilərin yeganə çıxış yolu Azərbaycanın konstitusiyasını və vətəndaşlığını qəbul edərək birgə yaşamaqdır".