Fransa milli azlıqların hüquqlarını pozur  - Müdaxilə olunmalıdır!

Fransa Təhsil Nazirliyi bazar ertəsi günü ənənəvi müsəlman paltarı geyinərək Fransa məktəblərinə gedən 300-ə yaxın qızın dərslərə buraxılmadığını bildirib.

Bir çox müsəlman ölkələrində hicab və niqabla birlikdə ictimai yerlərdə geyilməsi nəzərdə tutulan uzun ənənəvi ərəb qadın paltarı olan əbaya keçən həftədən Fransa dövlət məktəblərində qadağan olunub.

Ümumilikdə, rəsmi rəqəmlərə görə, yeni tədris ilinin əvvəlində yaşı 15 və daha yuxarı olan 298 qız məktəbə qadağan olunmuş geyimdə gəlib.

Qadağanın xatırladılmasından sonra şagirdlərin əksəriyyəti geyimini dəyişib dərslərinə başlamağa razılaşıb. Lakin 67 qız qanuna tabe olmaqdan imtina etdiyi üçün evlərinə göndərilib.

İndi qaydalara görə, məktəb rəhbərliyi həmin şagirdlərin valideynləri ilə dialoqa başlamalıdır. Əgər bu kömək etməsə, onlar təhsil müəssisələrindən xaric ediləcəklər.

Fransa rəhbərliyinin anti-islamizm, semitizmi təbliğ etdiyini deyən millət vəkili Asim Mollazadə "Sherg.az"a bildirib ki, onlar ölkədəki milli azlıqların haqlarını pozaraq, beynəlxalq hüquq normalarına zidd hərəkətlər edir:

"Bu siyasətin nəticəsində 80 min yəhudi Fransanı tərk edib. Orada məscidlər yandırılır, sinaqoqlara hücumlar olur və qara dərili əhaliyə qarşı polis tərəfindən zorakılıq tədbiq edilir. Məsələn, Fransanın tərkibində olan Korsika parlamentində öz dilində danışmaq qadağan olunub. Bu isə bütün beynəlxalq hüquq normalarına ziddir. Sözügedən xətt Fransada ikinci dünya müharibəsində hakimiyyətə olan “Vişi"nin siyasətinə qayıdış kimi qiymətləndirilə bilər".
Parlamentarinin sözlərinə görə, rəsmi Paris ölkədə olan sosial-iqtisadi uğursuzluğa görə rasist siyasət həyata keçirir:

"Biz Fransanın kolonyalarında yenidən imperiya ruhunda əhaliyə qarşı zorakılığın da şahidi oluruq. Bu barədə bizə həmin müstəmləkələrdən olan nümayəndələr məlumat verir. Həmçinin səslərini dünyaya çatdırmağı xahiş edirlər. Ümumiyyətlə belə pozuntular bütün beynəlxalq strukturlarda qaldırılmalı və dini, milli azlıqların təhlükəsizliyi üçün prosesə müdaxilə olunmalıdır. Biz də bu məsələni dəfələrlə Avropa Şurasında qaldırmışıq. Hətta Fransadakı kobud pozuntuların qarşısının alınması üçün daha ciddi monitorinqlərin həyata keçirilməsini tələb etmişik".