Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb, ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib.
Səfəri "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə vurğulayıb ki, görüş zamanı həm informasiya təhlükəsizliyi, həm də ikitərəfli siyasi dialoqla bağlı məsələlərin müzakirəsi ehtimalı var:
"İndiki məqamda anti-Azərbaycan siyasəti aparan qüvvələr aktivləşib. Burada isə İsrailin təcrübəsi Azərbaycan üçün çox faydalı ola bilər. Çünki İsrail lobbisi və hakimiyyəti həm 44 günlük savaşda, həm də ondan sonrakı dövrdə Azərbaycana dəstək verib. Bu isə təsadüfi deyil. Ona görə ki, İsrail lobbisinin üzvlərinin Azərbaycandan çıxan yəhudilərdir. Yəni Azərbaycanla onları möhkəm tellər bağlayır. İndi isə onlar Azərbaycana dəstək verərək haqq səsini dünyaya yayırlar. Bu da anti-Azərbaycan kampaniyasının yaratdığı fəsadları azaldır. Digər tərəfdən rəsmi Təl-əviv və Bakı arasında siyasi, iqtisadi, hərbi və başqa sahələrdəki dialoqlar da uğurla davam etdirilir. Belə səfərlər isə iki ölkə arasındakı əməkdaşlığı daha da inkişaf etdirilməsinə töhfə verir".