İran Azərbaycana hücum etmək üçün ordusuna “hazır ol” əmri verib.
Bu barədə Rusiya Araşdırmaları İnstitutu (RUSEN) X platformasındakı hesabında paylaşıb.
“İranın şimal-qərbindəki ordusu Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün Ermənistanla toqquşmaya girəcəyi təqdirdə, əks-hücum əməliyyatına başlamaq üçün hazırlıq görür”, - paylaşımda bildirilib.
Qeyd edək ki, sözügedən iddia sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
İranın Azərbaycana qarşı heç vaxt səmimi mövqe göstərmədiyini deyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Rəsmi Tehran Bakını özünün idealoji təhdid hesab edir:
"Yəni həm Cənubi Azərbaycan faktorundan, həm də Azərbaycanla Türkiyənin güclənməsindən qorxur. Ümumiyyətlə Fransa və digər güclər Ermənistandan niyə istifadə edirsə, İran da o məqsədi güdür. Cənub qonşumuz bu məsələdə canfəşanlıq göstərməyinin səbəbləri də qeyd etdiyim faktorlardır. Bundan əlavə İranın Ermənistana silah tədarük etməsi qonşuluq prinsipinə uyğun deyil. Çünki Azərbaycan İranın sərhədlərinə yaxın hansısa bir ölkəyə silah tədarük etsə idi, rəsmi Tehran bunun ətrafında böyük bir diplomatik qalmaqal yaratmağa çalışardı. Baş verənlərə isə biz öyrəşmişik və İran növbəti dəfə əsl üzünü nümayiş etdirir".