"Sağı-solu bəlli olmayan Rusiya sabah Gürcüstana da qoşun yeridə bilər"
“Biz Gürcüstanın Rusiyanı təcrid etməsini gözləyirik”. Bunu Tbilisidə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Aİ tərəfdaşlarının Rusiya ilə münasibətlərə diqqətlə yanaşmasını gözləyir: “Gürcüstan da bu tərəfdaşlarımız siyahısındadır. Biz Rusiyanın təcrid edilməsi üçün addımların atılmasını gözləyirik”.
Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov söyləyib ki, Qərb Ukraynaya bənzər ssenarini Gürcüstanda da tədbiq etmək niyyətindədir:
"Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün mübarizə aparır. Josep Borelin açıqlamalarında deyilir ki, Gürcüstan Avropa İttifaqına üzv ola bilər, amma biz ondan Rusiyanı təcrid etməsini gözləyirik. Yəni rəsmi Tbilisiyə "Avropa İttifaqına üzv olmaq istəyirsənsə, mənim dediyimi etməlisən" mesajı verilir. Ümumiyyətlə beynəlxalq təşkilatlara üzvlüyü təkcə dövlətlərin potensialındın asılı deyil bu, həm də alış-veriş məsələsidir. Ola bilsin ki, Gürcüstan Avropa İttifaqına namizəd statusu almağa tam layiqdir, amma siyasi səbəblərdən Aİ buna getməz. İndi isə Tbilisidən Kremillə əlaqələrini tamamilə kəsməsini istəyirlər. Necə ki, Ukraynayı Rusiyaya qarşı çıxardılar, Gürcüstandan da bu tələb olunur. Əlbəttə Gürcüstanı Rusiyadan uzaqlaşdırmaq asan olmayacaq. Çünki sabiq Prezident Mixail Saakaşvilinin dövründə Gürcüstanın siyasət kursu daha Qərb yönümlü idi. İndiki hökumət isə Rusiyameyilli xətt tutur. Ümumiyyətlə beynəlxalq ictimaiyyətin və təşkilatların Rusiyanın əleyhinə olmsına baxmayaraq, Gürcüstanın Moskva ilə bağlı siyasətini dəyişəcəyini düşünmürəm. Ən azından ona görə ki, ortada Ukrayna mənzərəsi var və bu Gürcüstanı qorxudur. Yəni sağı-solu bəlli olmayan Rusiya sabah Gürcüstana da qoşun yeridə bilər. Beynəlxalq təşkilatların bunu istəyib-istəməməsini demək çətindir. Ancaq indiki məqamda rəsmi Tbilisi odla oynamamalıdır".