Mən vətəndən üz döndərdim, vətən mənə qucaq açdı

Həmayil Əhmədqızı yazır

Həyatım sürət qatarına bənzəyirdi. Dayanmadan, fasiləsiz hərəkət edən sürət qatarına. Qarşıma çıxanlara baxsam da, nə görür, nə dərk edirdim. Geri dönüb arxaya baxmağı qəti sevməzdim. Daim irəliyə, gələcəyə can atırdım. Gələcək mənim üçün çətinliklə də olsa, uğurlu bir yol açmışdı. 

Bu yolla irəlilədikcə istədiyim, can atdığım hər şeyi əldə edirdim. İş həyatımdakı uğurlarıma baxıb özümü dünyanın xoşbəxti hesab edirdim. Elə düşünürdüm, bu xoşbəxtlik sonsuza qədər davam edəcək. Dinamik yaşam tərzim vardı. Həyatım, əsasən, müxtəlif ölkələrdə, konfranslarda, simpoziumlarda, elmi məclislərdə keçirdi. Amerika kimi böyük, güclü dövlətin vətəndaşı olduğum üçün, mötəbər məclislərdə onu təmsil etdiyim üçün qürurlanırdım. Tədqiqatlarımın nəticələri, ixtiralarım mənə şan-şöhrət, ölkəyə xeyli gəlir gətirirdi. İllər keçir, zaman mənə çox şeyləri versə də, sən demə, verdiklərini təmənnasız vermirmiş. Məndən xəbərsiz, gizlicə ən dəyərli, ən qiymətli olanlarımı çalırmış. Uğurlu iş həyatım olsa da, təəssüf ki, bunu ailə həyatım üçün deyə bilmirəm. Zaman keçir, yaşlanırdım, ancaq sağlam idim. Özümdə tükənməz enerji hiss edirdim. Gecə-gündüz yorulmadan çalışırdım. Heç zaman xəstəlik, ölüm haqqında düşünməzdim. Lakin son günlər səhhətimdə bir rahatsızlıq hiss edirdim, ancaq əhəmiyyət vermirdim. Keçib gedəcəyini düşünürdüm. Günlər keçir, bu rahatsızlıq keçib getmirdi. Bir gün konfransda çıxış edərkən birdən halım pisləşdi. Səhhətimdə ciddi problem olduğu üzə çıxdı. Müayinədən sonra həkimlər xəstəliyimin ciddi olduğunu bildirdilər. İnanmadım. Təkrar-təkrar müayinədən keçsəm də, nəticə dəyişmədi. Həkimlərin dediyinə görə bu xəstəlik milyonda bir insanda olurmuş. Bu amansız xəstəlik milyonların içərisində arayıb-axtarıb məni tapmışdı. O gündən həyatımın sürət qatarı dayandı. Baxıb görə bilmədiklərimi görməyə, gördüklərimi dərk etməyə başladım. Həkimlərin “sayılı günlərin qalıb” deməsi dünyamı alt-üst etdi. Mənim üçün dəyərli olan hər şey dəyərini də, mənasını da itirdi. Varlığımı işıqlandıran işıq söndü. Dünyam qara rəngə boyandı. O qaranlıq dünyada tək başına qalmışdım. Özümü tamamilə kimsəsiz, yalnız hiss edirdim. Uşaq kimi olmuşdum. Kimsəyə sığınmaq istəyirdim. Kimə?! O “kimi” axtarırdım, tapa bilmirdim. Birdən necə oldu, bilmirəm, içimdən bir-birinin arxasınca bu sözlər süzüldü:

Nə olaydı, olaydı,
Anam burda olaydı.
Sinəsinə sıxaraq,
Mənə həyan olaydı.

Öz-özümə mat qalmışdım. Bir anda insanın həyatı, düşüncəsi, istəyi necə dəyişərmiş. Doğrudan da hər anın bir hökmü varmış. Bu gün ana axtarıram, ona sığınmaq üçün. Vaxtilə bu dünyada arayıb-axtarmadığım anamı. Dünyadan köçəndə gözləri yolda qalan anamı. Ağrılarım şiddətlənəndə anamı səsləyirəm, anamı çağırıram. Bəlkə də, məni bu bəladan qurtaracağına inandığım üçün anamı axtarırdım. Ən məşhur həkimlərin müalicəsi bir nəticə vermirdi. Həyat dolu bir insan olduğum üçün xəstəliyə təslim olmaq istəmirdim. Onunla vuruşur, çarpışır, əlindən qurtarmağa çalışırdım. Ancaq bacarmırdım, gücüm yetmirdi. Nə qədər yarımçıq, tamamlanmamış işlərim var idi. Varlığımı tamamilə mənə yad hisslər bürümüşdü. Yalan da olsa, kiminsə təsəllisinə, təskinliyinə ehtiyacım vardı. Kimin?! Atam-anam çoxdan dünyasını dəyişib. Bacım dünyanın o başında, mən bu başında. Ailəm olsa da, yox kimi idi. İki oğlum, Mikel və Mişel, hər ikisi Amerikanın müxtəlif şəhərlərində yaşayır. Gəlib-getmələri yox, hərdənbir telefonla danışırıq. Xəstəliyimdən belə xəbərləri yoxdur. Yoldaşım xəstəliyimi biləndə təsirlənsə də, nə üzüldü, nə sarsıldı. Öz işində-gücündə idi. Səhər evdən çıxır, axşam dönürdü. İndi görür, dərk edirdim, Amerika verdiklərinin əvəzinə insanın qəlbindən zaman-zaman istiliyi, hərarəti alıb buz kimi soyuq bir varlığa çevirirmiş. Gözlərim qarşısında atamın ağır xəstə olduğunu biləndə anamın keçirdiyi sarsıntı canlandı. Anam hər vəchlə çalışırdı, bunu atama hiss etdirməsin. Atamın yanında heç nə olmamış kimi davranır, başına pərvanə kimi dolanaraq onun bütün istəklərini yorulmadan, nəvazişlə, qayğı ilə yerinə yetirirdi. Ancaq gizlində göz yaşı tökərək atama kömək üçün Allaha dua edib yalvarırdı. Bacımla mən atamın yanından ayrılmazdıq. Bacım yorulmadan atamın başına sığal çəkər, oxşayar, mən əllərini ovcuma alıb ovuşdurardım. Bu qayğı, bu nəvaziş atama xəstəliyini unutdurardı. Atam narahat olmağımıza qıymazdı.  Bizə təskinlik verərək tez-tez deyərdi: “Siz həkimlərin dediyi sözlərə inanmayın. Mən sapasağlamam. Bir-iki günə ayağa duracağam”. Bu xatırlatma mənə çox şeyləri deyir, çox şeyləri söyləyirdi. Həkimlərin təkidinə baxmayaraq, xəstəxanada yatmaq istəmirdim. Evdə qulluqçu qadından başqa kimsə olmasa da, xəstəxanaya getmək istəmirdim. İstəmirdim, ömrümün son günlərini xəstəxanada keçirim. Həkimin nəzarəti altında evdə müalicə alırdım. Ancaq xəstəliyim get-gedə irəliləyir, ağrılarım daha da şiddətlənirdi. Hiss edirdim, yavaş-yavaş həyatla vidalaşıram. Bunu qəbul edə bilmirdim. Bu gün ağrılarım daha da şiddətlənmişdi. Həkimdən xəbərsiz ən güclü ağrıkəsici qəbul etdim. Dərman tez təsirini göstərdi. Ağrılarım azalsa da, evdə qərar tuta bilmirdim. Qəfəsə salınmış quş kimi vurnuxurdum, axtarırdım. Sanki nəyisə itirmişəm, ancaq tapa bilmirdim. Nəyi itirmişəm, onu da bilmirdim. Axırda yoruldum, sıxıldım. Sanki havam çatmırdı. Evdən çıxdım. Hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Şəhərin küçələrini sərsəm-sərsəm dolaşmağa başladım. Məni caynağına alan amansız xəstəlikdən, varlığımı saran neqativ enerjidən qurtulmağa çalışırdım. Ancaq qurtula bilmirdim. Nə qədər dolaşmışdım, bilmirəm. Başımı qaldırıb özümü qəbiristanlığın qarşısında gördüm. Təəccüb qalmışdım. Bura niyə gəlmişdim? Necə gəlmişdim? Özümün özümdən belə xəbərim yox idi. Çaşqın-çaşqın, diqqətlə məzarları nəzərdən keçirdim. Xeyli dayandıqdan sonra qəbiristanlığın içərisinə doğru irəlilədim. Diqqətlə bir-bir məzarlara baxırdım. Kənardan baxan olsaydı, kiminsə məzarını axtardığımı zənn edərdi. Kimin?! Birdən bütün vücudum üşüyürmüş kimi titrəməyə başladı. Bu titrəyişin arxasınca varlığımı mənə yad bir hiss bürüdü. Bu hiss adını qoya bilmədiyim bir hiss idi. Birdən mənə elə gəldi ki, buradakı bütün məzarlar buzdan yonulub düzəlib. O buzlardan parça-parça qopub içimə dolurdu. Hiss edirdim, mən də yavaş-yavaş donub buza dönürəm. Bir anlıq özümü onların arasında hiss etdim. Dəhşətə gəldim. Bura tamamilə mənə yad bir dünya idi. Bədənim ürpəşdi. Geri çəkilib “əsla, əsla” içimdən bir haray qopdu. Qorxurdum. Mənə elə gəlirdi ki, bu an qəbirdəkilər qəbirdən qalxıb məni tutub güclə burada saxlayacaqlar. Tez məzarların arasından çıxdım. Qəbiristanlığın çıxışında küncdən bir ovuc torpaq götürdüm. Niyə bilmirəm. Torpaq da buz kimi idi. Bu soyuqluq bütün vücuduma yayıldı. Torpağı burnuma yaxınlaşdırdım. Qəribə bir qoxusu vardı. Mənə yad bir qoxu idi. Ovcumdan torpağı tez yerə atdım. Uzun illər bu ölkədə yaşasam da, onun torpağı ilə yaxından təmasda olmamışdım. Öz-özümü başa düşə bilmirdim. Sanki kimsə kənardan məni idarə edirdi. Çaşbaş qalmışdım. Hava mülayim olsa da, titrəyirdim. Bütün bədənim buza dönmüşdü. İsinmək üçün isti bir ocağa, sığınmaq üçün isti bir qucağa ehtiyacım var idi. Yeriməyə taqətim yox idi. Qəbiristanlığın qarşısındakı oturacaqda oturdum. Ürəyim birdən-birə şiddətlə döyünməyə başladı. Elə şiddətlə döyünürdü ki, səsini açıq-aydın eşidirdim. Mənə elə gəlirdi ki, ürəyim sinəmdən çıxıb getmək istəyir. Hara?! Əlimi üzərinə qoyub oxşamağa başladım. Ancaq bu nəvazişim ona təsir etmirdi. Daha da şiddətlə çırpınırdı. Birdən içimdə sanki fırtına qopdu. Bu fırtına məni qayalara çırpıb ikiyə böldü. Nəyim vardı, şan-şöhrət, pul-para, hər şeyimi dəryaya qərq etdi. Məni isə, sahilə-qayaların üstünə atdı. Deməli, ürəyimin hay-həşir salması olacaqlardan xəbər verirmiş. Qarşıma baxıram. Qaranlıq bir boşluq var. Birdən bu boşluğun içərisindən gözəgörünməz bir əl məni qaranlığın içərisinə doğru dartmağa başladı. Əlindən qurtarmağa çalışırdım. Çarpışırdım, çabalayırdım, ancaq get-gedə gücdən düşür, qurtula bilmirdim. Hər şeyin bitdiyini hiss edirdim. Deməli, gələcəyə gedən yolum bura qədər imiş. O zülmətin içərisində qalmaq istəmirdim. Çətinliklə arxaya döndüm. Lap uzaqlarda işıq görünürdü. Özümdə qeyri-adi bir güc hiss etdim. O güc məni qaranlığın içərisindən dartıb o işığa aparırdı. İçimdə nələrinsə canlandığını hiss edirdim. Gözlərim qarşısında bu an dünyada mənim üçün əvəzi olmayan məkanı, bu məkanın ən gözəl mənzərəsini canlandırdı. Bu mənzərəni illər keçsə də, elə aydın görürdüm ki, xəyal olduğuna belə inana bilmirdim. Xəstəliyimi unutmuşdum. O dəhşətli ağrıları hiss etmirdim. Varlığıma xoş bir hiss yayılırdı. Bu nə sirr idi, təəccüb qalmışdım. İçimdəki bədbinliyi, ümidsizliyi tamamilə yox etmişdi. Yavaş-yavaş özümə gəlirdim, ancaq yerimdən tərpənmək istəmirdim. Qorxurdum ki, tərpənsəm, uzun illər görmədiyim, indi xəyalına qovuşduğum o dünyamdan qoparam.Bu xəyal içimdə güclü bir istək yaratmışdı. Heç bir gücün qarşısına ala bilməyəcəyi bir istək. Bu istək məni qanadlandırıb lap uzaqlara aparırdı. Yeganə bir arzum vardı: tezliklə xəyalımdakı dünyama qovuşmaq. “Təyyarəyə minmək, səfərə çıxmaq qəti olmaz. Hər an həyatın üçün arzuolunmaz hadisə baş verə bilər.” Həkimlərin dönə-dönə etdiyi bu xəbərdarlığın indi mənim üçün heç bir əhəmiyyəti yox idi. Çox zaman ürəyimin istəyinə müxalif olan ağlım bu dəfə ona kömək edirdi. İstəyimi beynimdə tez-tez təkrarlayaraq daha da gücləndirirdi. Nə gedəcəyimi, nə gələcəyimi kimsəyə bildirmədən, sabaha bilet sifariş verib daxilən rahatlandım. Güclə ayağa durub çətinliklə yeriyərək evə döndüm. Ağrılarım şiddətlənmişdi, ancaq əhəmiyyət vermirdim. Gecəyarı idi. Yatağa uzandım, yata bilmədim. Tez-tez gah pəncərəyə, gah da saata baxırdım. Səbirsizliklə səhərin açılmasını gözləyirdim. Səhər açılmaq bilmirdi. Öz-özümə təəccüb qalmışdım. Birdən-birə məndə Amerikaya qarşı bu dönüklüyün səbəbi nə idi? Heç kəsin sözünü dinləmədən, məsləhətini eşitmədən bu ölkəyə sevdalanıb gəlmədimmi? On il çətinliyim olsa da, otuz il firavan həyat yaşamadımmı? Mənə arzuladığım, istədiyim hər şeyi vermədimi? İndi istədiyim, axtardığım nədir, bilmirdim. O bilmədiyimi hər yerdə, hey axtarırdım, gəzirdim, ancaq tapa bilmirdim. Yavaş-yavaş dərk edirdim, Amerika mənə çox şeyləri versə də, mənim axtardığımı verməyib. İçimdə bir qorxu, bir təlaş vardı. Axtardığımı tapmamış ölmək istəmirdim. Tələsirdim. Tezliklə buradan uzaqlaşmaq istəyirdim. İçimdə bir ümid şölələnirdi. O ümid işığına can atırdım. Vaxta xeyli qalsa da, artıq dayana bilmirdim. Evdən çıxdım. Təyyarə limanının gözləmə zalı insanlarla dolu idi. Bir yerdə qərar tuta bilmirdim. Var-gəl edir, təyyarəyə nə vaxt minik başlanacağını səbirsizliklə gözləyirdim. Nəhayət, təyyarəyə minik başlandı. Sevinirdim, ancaq içimdə bir təlaş var idi. Yerimdə rahat otura bilmirdim. Qalxırdım, otururdum, sağa-sola boylanırdım. Boş yer yox idi. Bütün yerlər dolmuşdu, mənə isə elə gəlirdi ki, təyyarədə məndən başqa kimsə yoxdur. Bir mən idim, bir də uzaq keçmişimin xatirələri.  Onlar küskün-küskün, mən xəcalətli-xəcalətli bir-birimizə boylanırdıq. Kövrəldim. 
Amerikaya üz tutanda təbiətin də, həyatımın da bahar fəsli idi. Güllük-gülüstanlıq çağı idi. Dönüşüm yenə də bahar fəslinə təsadüf edir. Ancaq bilmirəm, ömrümün payızının sonumu idi, qışımı. Bağ-bağçamın meyvələri dərilmiş, yarpaqları saralıb-solub xəzana dönmüşdü. İçimdə soyuq küləklər əsirdi. 
Yaşımın neçə olduğunu bilmirdim. Özümü bildim-biləli kəndin quzularını otarırdım. Kənddə mənə balaca çoban deyərdilər. Quzu sahibləri ayda iki dəfə qoyunlarının südünü sağıb çoban haqqı verərdilər. O süddən anam yağ, pendir, şor, çəçil, qurut düzəldib, qış ehtiyatı görərdi. Anamın düzəltdiyi ağartılara baxıb qürurlanırdım. Onlar mənim qazancım idi.
 Ailəmiz elə də böyük deyildi: atam, anam, kiçik bacım və mən. Atam ağır xəstə olduğu üçün iş görə bilmirdi. Ailəmizin bütün işlərini anam görərdi. Üstəlik, həm də təsərrüfatdda çalışardı. Anamın nə vaxt yatıb-durduğunu görməzdim. Bütün vaxtı ayaq üstə olardı. Ona kömək etmək istəsəm də, edə bilmirdim. Əksinə, mən dərsə gedəndə quzuları anam otarardı. Dərslərimi çiçəkli dağın sinəsinə uzanaraq oxuyardım. Yan-yörəmdə quzuların çiçək qarışıq yamyaşıl otları qopartdıqca xırıp-xırıp səsləri mənim diqqətimi kitabdan ayırardı. O səsi dinlədikcə sanki ruhumu oxşayan bir musiqi sədası varlığıma yayılırdı. Meh əsdikcə kəklikotunun, bənövşənin, qaymaqçiçəyinin bir-birinə qarışan ətri ciyərlərimə dolaraq varlığımda bir aclıq yaradırdı. Oxuduqlarımı beynim maqnit kimi bir-bir özünə çəkirdi. İndi dərk edirəm, mənim uğurlarımın bünövrəsini çiçəkli dağımın sehrli-sirli havası qoyubmuş. Bütün dərslərimdən əla qiymət alırdım. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diploma ilə bitirdim. Həmin il universitetin aspiranturasına qəbul olundum. Elmi rəhbərim gələcəyimə böyük ümid bəsləyirdi. Mənə xüsusi diqqət ayırırdı. Mənim beynimdə isə Amerika sevdası dolaşırdı. Dostumun Amerikaya gedişi bu sevdanı daha da alovlandırdı. O səbirsizliklə yolumu gözləyəcəyini, iş barədə narahat olmamağımı bildirdi. Əlim işdən, gücdən tamamilə soyumuşdu. Hazır olan elmi işimi yekunlaşdırıb elmi şuraya təqdim edə bilmirdim. Özüm burada olsam da, fikrim, xəyalım Amerikada dolaşırdı. İki arada, bir dərəd qalmışdım. Fikrimi nə ailəmə, nə elmi rəhbərimə bildirə bilmirdim. Vaxt keçir, ancaq bu istəyimin də qarşısını ala bilmirdim. Nəhayət, çətinliklə də olsa, fikrimi elmi rəhbərimə bildirdim. Qulaqlarına inanmırmış kimi:
 -Necə? Nə dedin? Nə Amerika? Sən ciddisənmi?,- deyib diqqətlə üzümə baxdı:
-Axı elmi işini bitirmisən, bu gün-sabah müdafiə edəcəksən. Bu nə Amerika sevdasıdır, başa düşə bilmirəm. Sən...Oğul mən sənin savadına, biliyinə, istedadına inanıram. Bilirəm ki, sənin kimi istedadlı gənclər vətənin gələcəyi, inkişafı üçün çox şeylər edər. Çox şeyləri etmək üçün birlik olub güclənməliyik. Ördək, balıq, xərçəng kimi hərəniz bir diyara üz tutsanız, necə güclənərik, necə inkişaf edərik? Qloballaşan dünya ilə necə ayaqlaşarıq? Yaddan çıxarmayın, bu vətən bizə göydən düşən üç almadan biri deyil. Ulularımız, dədələrimiz bizə döyüşə-döyüşə, vuruşa-vuruşa canları, qanları bahasına hər millətə nəsib olmayan, qürurumuz, iftixarımız olan vətən adlı əmanət verib. Biz də bu əmanəti daha da gücləndirib, inkişaf etdirib gələcək nəsillərə verməliyik. Bunu vətəndən axın etməklə yox, başqalarına yamaq olmaqla yox, birləşib, güclənib özümüzə dayaq olaraq edə bilərik. Bu gün vətənin daha çox qılınc-qalxana, top-tüfəngə yox, güclü beyinlərə ehtiyacı var. O beyinlər vətəninə, xalqına lazım olan hər şeyi yaradıb, quracaq. Hər bir istedadlı, savadlı gəncin xaricə axını ürəyimə zərbə üstə zərbə vurur. Bu zərbə mənə dəysə də, ağrısını, acısını vətən çəkəcək. Olan vətənə olacaq. Kimliyindən asılı olmayaraq, vətəni küsdürməyə, incitməyə heç kəsin haqqı yoxdur. İtən vətəni əsrlərlə axtarsan da, tapmaq çox çətindir. Ona görə də, Vətənin qədrini bilək, ondan nə üz döndərək, nə itirək, nə də axtarıb-tapaq.  Yaxşı-yaxşı fikirləş, sonra qərar ver,- Akif müəllim sözünü bitirib diqqətlə üzümə baxdı. Məndən cavab gözləyirdi. Mən başımı aşağı salıb dinmirdim. Nəsə demək istədi, ancaq dinmədi. Başını bulayıb üzünü pəncərəyə çevirdi. Nəzərləri lap uzaqlara dikildi. Mənim üçün çətin də olsa, sağollaşıb çıxmaq istərkən kəskin hərəkəti ilə geri döndü. İncik:
-Çox təəssüf ki, mənim sözlərimi eşitmədin. Rəhmətlik Əli bəy Hüseynzadənin dəyərli fikrini unutma. O demişdi ki, Avropaya gedib onların beynini mənimsəyib gətirin, onların mədəsində həzm olmayın.
Sözünü bitirib yenidən üzünü pəncərəyə çevirdi. Hiss etdim ki, Akif müəllimə növbəti zərbəni mən endirdim. Elmi rəhbərimin dedikləri ilə razı olsam da, istəyimin qarşısını ala bilmirdim. Valideynlərimin də razı olmayacağını bilirdim. Fikrimi onlara bildirəndə hər ikisi qəti etirazını bildirdi. Anam elə təlaşlanmışdı ki, sanki mənim Amerikaya gedişim bizim həmişəlik ayrılığımız olacaqdı. Əvvəlcə məni hirsli, hikkəli tənbeh etməyə başladı. Sonra yalvarırmış kimi:
-Ay bala, bizim bu yaşlı vaxtımızda, bu ölümlü-itimli dünyada sənin dünyanın o başında nə işin var? Nə dolanmamış başın var? Sabah başımıza bir iş gəlsə, özünü necə çatdıracaqsan? Yadların çiynindəmi gedək? Geridən baxan nə deyər? Oxudun, qurtardım, çox şükür. İşin-gücün var, işləyirsən. Sənə deməzlərmi, işini yarımçıq qoyub hara gedirsən? Üşələnib cəlayi-vətən olub nə axtarırsınız yad ellərdə? Axtardığınızı öz vətənimizdə axtarın, tapdığınız da özümüzün olsun. 
Anam dediklərini deyib tərs-tərs üzümə baxdı. Nəsə hiss edib:
-Yox, bala, bilirəm. Səni beyninə qoyduğundan döndərmək çox çətindir. Allah xatirinə, gedirsən, heç olmasa, yaxınlara get. Harayımızı eşidib hay ver, hoyumuza yet.
Nə atamın, nə anamın harayına yetişmədim. Dünyadan köçəndə dəfnlərində iştirak edə bilmədim. Vaxtilə anamın əhəmiyyət vermədiyim sözləri indi xəncər kimi ürəyimi deşirdi. Nə ailəmin, nə elmi rəhbərimin etirazına baxmayaraq, Amerika sevdası başımdan çıxmırdı. Özümdə cəsarət tapıb qərarımı Çəmənə bildirə bilmirdim. Bilirdim ki, mənim aldığım qərar onun bütün arzularını, xəyallarını tar-mar edəcək. Ondan qaçırdım. Görünür, Amerika sevdası mənim sevgimdən daha güclü oldu. Nəhayət, xəyalı ilə yatıb-durduğum Amerikaya qovuşdum. Xəyalımdakı Amerikanın əvəzinə tamamilə başqa bir Amerika ilə qarşılaşdım. Dostumun mənə vəd etdiyi iş alınmadı. Günlər keçdikcə maddi vəziyyətim çətinləşirdi. İş axtarsam da, tapa bilmirdim. O günlərdə atamın ölüm xəbərini aldım. Ancaq getməyə nə maddi imkanım, nə üzüm vardı. O gündən vətənin qapılarını öz əlimlə həmişəlik üzümə bağladım. İçimdə bir hırs yaranmışdı. Geri dönməmək üçün nə iş olur, olsun, işləmək istəyirdim. Ancaq iş tapa bilmirdim. Nəhayət, türklərin kafesində işə başladım. Təmizlik işindən tutmuş, hər işə əl atırdım. Qalmağa yerim olmadığı üçün kafedə gecələyirdim. Sonralar öyrəndim ki, onların işçiyə ehtiyacı olmadığı halda mənim çətin vəziyyətdə olduğumu görüb işə götürmüşdülər. Bütün çətinliyə dözürdüm. İşləyə-işləyə ingilis dilini mükəmməl öyrəndim. Qarşıma qoyduğum məqsədə çatmaq üçün əsas maneəni aradan qaldırdım. Kurslara getdim. Məndə elmə qarşı bir aclıq yaranmışdı, gecə-gündüz çalışır, oxuyurdum. Nəhayət, ixtisasım üzrə işə düzəldim. Bu iş mənim üçün tramplin oldu. Pillə-pillə yüksəlirdim. Şöhrət qanadlarına alıb məni yüksəkliklərə qaldırırdı. Tədqiqatlarımın nəticələri, ixtiralarım ölkəyə xeyli gəlir gətirirdi. İçimdə bir qısqanclıq yaranırdı. Bu gəlirin vətənimə deyil, yad ölkəyə qismət olduğu üçün. Şan-şöhrət, dəbdəbəli həyat qısqanclığı tez içimdən silib atdı. Havalarda uçurdum. Heç nəyin dərinliyinə varmırdım. Konfransda tanış olduğum qadınla evləndim. Ancaq hiss edirdim, evləndiyimiz gündən aramızda soyuq küləklər əsir. Bu küləklər ilbəil daha da şiddətlənirdi. İş həyatımda əldə etdiyim uğurları ailə həyatımda qazana bilmədim. Ailə fərdləri olsa da, bu fərdləri bir-birinə bağlayan nə sevgi, nə də doğmalıq vardı. Qopuq ailə idik. Hər kəs müstəqil, öz həyatını yaşayırdı. Düzəltmək istəsəm də, bacarmırdım. Bu sanki axına qarşı üzmək idi. 
 
Təyyarə bələdçisinin xəbərdarlığı məni düşüncələrimdən ayırdı,- Qoruyucu kəmərlərinizi bağlayın. Təyyarəmiz Heydər Əliyev Havalimanına yaxınlaşır. 

Bələdçinin söylədiyi bu kəlimələr üst-üstə varlığıma sevinc çiləyirdi. Həyatımda bu qədər sevindiyim yadıma düşmürdü. Həkimlərin dönə-dönə xəbərdarlığına baxmayarq, sağ-salamat vətənə qovuşurdum. Nəhayət, qəzasız-bəlasız təyyarəmiz yerə endi. İnsan axınına qarışdım. Ancaq bu axın bir istiqamətə deyil, müxtəlif istiqamətə axırdı. Kimi gəlir, kimi gedirdi. Doğma səsləri, doğma sözləri eşitdikcə səs gələn tərəfə boylanıb gülümsəyir, az qalırdım, onları bir-bir qucaqlayıb bağrıma basım. Tanımasam da, bu an onların hamısı mənim üçün doğma idi. Birdən necə oldusa, beynimdə bu kəlimələr təkrar-təkrar səslənməyə başladı: “Avropanın beynini mənimsəyib gətirin”. Donub yerimdə qaldım. İçimdə bir səs təkrar-təkrar soruşurdu: “Sən vətənə nə gətirirsən?!” Susub xəcalətimdən cavabını verə bilmirdim. Axının ortasında qalmışdım. İnsanların hərəkətinə mane olurdum. Nə irəli gedə bilirdim, nə geri. Artıq kimsənin üzünə nə baxır, nə gülümsəyirdim. Güclə taksi dayanacağına gəldim. Kəndə getmək üçün sürücünü çətinliklə razı salıb taksiyə mindim. Yol boyu gördüklərim məni heyrətə gətirirdi. Yolların genişliyi, rahatlığı, möhtəşəm binalar, şəhərin içərisinə doğru irəlilədikcə Bakının möhtəşəm görüntüsü kitab kimi vərəq-vərəq vərəqlənir, məni heyran edirdi. Taksi tıxacda dayandıqca, hiss edirdim, sürücü əsəbləşir, mən isə sevinirdim, Bakının gözəlliyinə doyunca baxmaq üçün. Nəhayət, xeyli vaxt itirdikdən sonra şəhərdən çıxdıq. Sürücü maşının sürətini artırdı. Sanki tıxacda itirdiyi vaxtın əvəzini çıxırdı. Beş saatlıq yolu dörd saata qət edib kəndə çatdıq. Kənd də tamam dəyişmişdi. Böyüyüb boya-başa çatdığım kənddən əsər-əlamət qalmamışdı. Ayıbalasından (saman qarışıq sarı torpaqdan hazırlanmış kərpic) tikilən evlərin yerində daşdan hörülmüş ikimərtəbəli, üçmərtəbəli evlər ucaldılmışdı. Yollara asfalt döşənmiş, möhtəşəm mədəniyyət, məktəb binaları tikilmişdi. Nə qədər yeniliklər vardı. Kənddə dəyişməyən təkcə bizim yer üzü, ikiotaqlı evimiz idi. Kənardan baxanda kəndin evlərindən kasıb, köhnə görkəmi ilə seçilirdi. Dəyişən- həyətimizin taxta qapısının dəmir qapı ilə əvəz olunması idi. Taksini dəmir qapının qarşısında saxlatdım. Maşından düşüb dərindən nəfəs aldım. Gözü dolusu ətrafa boylandım. Sonra nəzərlərim təkrar evimizə yönəldi. Elə yazıq görkəmi vardı. Qəhər məni boğdu. Özümü toparlayıb dəmir qapını yavaşca itələdim. Yerimdə donub qaldım. Anam evimizin daş pilləkənində oturub ağı deyirmiş kimi nəsə zümzümə edə-edə tikiş tikirdi. Qapının səsinə başını qaldırıb məni gördü. Təəccüblə, diqqətlə mənə baxdı. Hiss etdim ki, məni tanımadı. Necə tanıya bilərdi ki? Uzun əllərdir, məni görmürdü. Tamam dəyişmişəm, yaşlanmışam, üstəlik xəstəlik məni tamamilə tanınmaz hala salıb. Bir dəri, bir sümük idim. Birdən varlığımı titrədən bir haray qopdu:
-Qardaş!
Bacım imiş. Bacım əlindəki tikişi kənara atıb mənə sarı yüyürdü. Mən yerimdə donub qalmışdım. Gördüklərimdən elə təsirlənmişdim. Nə addım ata, nə söz deyə bilirdim. Bacım bərk-bərk boynuma sarılıb:
-Bu sənsənmi, qardaş? Bu sənsənmi? Nə yaxşı gəldin. Elə darıxırdım, səni elə görmək istəyirdim. Neçə gün idi ki, gözlərim yol çəkirdi. Demə, sən gəlirmişsən. Şükür qovuşdurana!
Bacım qollarını boynumdan açıb, bir az kənara çəkilərək diqqətlə üzümə baxdı:
-Necə dəyişmisən, qardaş. Yaxşı ki, anam səni bu halda görmədi. Görsə idi, o anda ölərdi. Bacım yenidən boynuma sarıldı. Elə bildim, sarılan anamdır. Bacım yaşlanıb anama necə də bənzəyirdi. Ona baxdıqca ana yarısı xala deyil, bacı olduğunu düşünürdüm. 
Bacım ailə qurmamışdı. Hərdən telefonla danışanda “Niyə ailə qurmursan?” soruşanda “Qardaş, mən atamın ocağını söndürüb başqasının ocağını yandıra bilmərəm” deyə cavab verərdi. Bacımın ailəsi yox idi, mənimkinin də adı vardı, özü yox idi. Bacım qolumdan tutub yanında-daş pilləkənin üstündə oturtdu. Hər ikimiz susmuşduq, ancaq onun yanaqlarından səssizcə gözyaşı süzülürdü. Mən başımı aşağı salıb nə üzünə baxa bilirdim, nə təskinlik verirdim. Nəhayət, özümü toplayıb:
-Bacı, məni bağışla. Bilirəm, nə qədər səhvlərim, günahlarım var. Məndən inciməyə də, küsməyə də haqqın var. 
Sözümün arxasını deməyə imkan vermədi. Tez gözyaşlarını silib təlaşla:
-Sən nə danışırsan, qardaş? Bu sözü nə sən demisən, nə mən eşitmişəm. Bacı qardaşdan incisə də, heç vaxt küsməz. Sən atamın, anamın mənə yeanə əmanətisən. Şükür qovuşdurana. Səni mənə qovuşdurdu. Elə bil, dünyaları mənə verdi. 
Bacımın bu sözləri üzərimdəki yükü az da olsa, yüngülləşdirdi. İllərdir, bacımla hər telefon danışığımızda cəsarət edib soruşa bilmədiyim sualı çəkinə-çəkinə:
-Çəmən necədir, bacı?
Sualım bacımın əhvalımı tamamilə dəyişdi. Tutuldu. Cavab vermədi. Gözüm üzündə qalmışdı. O isə mənə inad susurdu. Birdən:
-Gedəndə onunla görüşmədən, ona bir söz demədən, sağollaşmadan çıxıb getmisən. İndi onun necəliyini neynirsən, qardaş? Çəmənin ələyi ələyib, xəlbiri göydə taxıl sovurur. 
-Bacı, başa düşmədim, nə ələk, nə xəlbir?
-Ələk, xəlbir odur ki, Çəmənə olan oldu. Onun taleyinə yazılan yazı nə gözəlliyinə, nə ağlına, nə tərbiyəsinə yaraşan yazı olmadı. Səndən sonra necə oğlanlar istədi. Heç birinə könül vermədi. Sənin yolunu gözlədi, düz 20 il! Axırda ailəsi güclə dörd yetimi olan yaşlı bir kişiyə ərə verdilər. Özünün övladı olmadı. Dörd yetimə baxır. Ərə gedənə kimi onu rəfiqəm kimi yox, gəlinimiz kimi görürdüm. Onun taleyi bu günə kimi məni odsuz-ocaqsız yandırıb-yaxır. 
İçimə xoş bir duyğu yayılmışdı. Bacımın Çəmən haqqında söylədikləri bu duyğunu tamamilə tar-mar etdi. Düşünürdüm, insan doğmalarına, sevdiklərinə, yaxınlarına bu qədər zərbə vurub, bu qədər günah işlədə, bu qədər qırıcı ola bilərmi? Cavab verə bilmirdim. Ancaq onu bilirdim ki, mən nə qədər mənəvi cinayət törətmişəm. 
Çəmənin taleyi günah-şələmin üstünə əlavə bir yük yüklədi. Sarsılmışdım. Bacım mənim sarsıldığımı görüb dediklərindən peşman olmuşdu. Aramızdakı gərginliyi yumşaltmağa çalışırdı. Birdən nəsə xatırlayıb:
-Bacın ölsün, ac olacaqsan. Ürəyimə dammış kimi səhər tezdən durub qurut əzmişəm. Dağ qurutudur. Sən xəngəli çox sevirsən. Dincəl, beş-on dəqiqəyə xəngəl hazır olacaq. 
Başqa vaxt olsa idi, səbirsizliklə xəngəlin bişməsini gözləyərdim. Əhvalım elə qarışmışdı ki, evdə dayana bilmirdim. Bacıma “gəlirəm” deyib evdən çıxdım. Birbaş qəbiristanlığa üz tutdum.
 Qəbiristanlığa gedən yol Çəməngilin evlərinin yanından keçirdi. Evlərinin bərabərində dayandım. Nəzərlərim qeyri-ixtiyari eyvanlarına yönəldi. Getmək istəsəm də, gedə bilmirdim. Bu an hər şeyi unutmuşdum: altmış beş yaşı da. Bu an gənc oğlanın sevdiyi qızı görmək üçün keçirdiyi hissləri, həyəcanı yaşayırdım. Gözlərimi eyvandan ayıra bilmirdim. O isə görünmürdü. İçimdə ona qarşı bir inciklik, bir küskünlük yarandı. Həmişə günün müəyyən saatlarında bir bəhanə ilə evlərinin yanından keçəndə vaxtı bildirməsəm də, o hiss edərdi, eyvana çıxardı. Uzaqdan da olsa, bir-birimizə baxar, gülümsəyərdik. Bu çox çəkməzdi, mən yoluma davam edər, o, eyvandan tez enərdi. Nəzərlərim eyvana dikilib qalmışdı, o isə görünmürdü. Birdən sanki yuxuda idim, ayıldım. Axı bura Çəmənin ata evi idi. Bacımın söylədiyinə görə Çəmənin artıq öz ailəsi vardı. Bunu qəbul etmək istəmirdim. Getmək istəsəm də, gedə bilmirdim, onu görmək istəyirdim. Niyə? Bu “niyə”-nin cavabını verə bilmirdim. Təkcə onu bilirdim ki, qırx ildə əkdiyimi bir gündə biçirdim. Mənim üçün çox ağır idi, bu ağırlığı qaldıra bilmirdim. 
Qəbiristanlıq kəndə bitişik idi. Sanki qəbiristanlıq deyil, kəndin bir məhəlləsi idi, buradakılar da ölü deyil, canlı insanlar idi. Məzarların arası ilə irəlilədikcə sanki başdaşının üzərindəki şəkillər bir-bir canlanır, çoxusunu tanımasam da kimisi mənə gülümsəyib “xoş gəldin” deyir, kimisi də küskün-küskün birbaş getdiyim üçün məni məzəmmət edirdi. Əyilib qəbirlərin arasından bir ovuc torpaq götürdüm. Torpağın hərarəti bütün vücuduma yayıldı. Tez burnuma yaxınlaşdırdım. Elə doğma qoxusu vardı ki. Ovcumu bərk-bərk sıxıb tez-tez qoxulayırdım. Ölümdən dəhşətli dərəcədə qorxan mən indi öz-özümə ölüm arzulayırdım, vətənimin qoynunda uyumaq üçün. 
Bizim sülalənin məzarları qəbiristanlığın yuxarı başında idi. Bir neçə addım atıb dayandım. Ayaqlarım yerimirdi. Günahlarım, qəbahətim o qədər ağır idi ki, bu ağırlığın altında əzilir, ayaqlarım büdrəyirdi. Mənimlə ata-anamın məzarları arasında xeyli məsafə olsa da, mən anamın nəzərlərini üzərimdə hiss edirdim. O baxışlar məni əzib məhv edirdi. Çətinliklə yeriyib məzarlarının qarşısında yerə çökdüm. Başımı qaldırıb nə üzlərinə baxacaq üzüm, nə deyəcək sözüm vardı. Ancaq bilirdim ki, onların mənə deyəcəkləri nə qədər sözü, verəcəkləri nə qədər sualları vardı. Bu suallar səssiz idi, amma mən eşidirdim. Verəcək cavabım yox idi. Tutulmuşdum. Ömrümdə birinci dəfə idi ki, mənə verilən suallara cavab verə bilmirdim. İçimdə bir təlatüm var idi, ürəyim coşmuşdu. Ağlamaq istəyirdim, ancaq ağlaya bilmirdim. Birdən içimdən varlığımı titrədən bir hönkürtü qopdu. Bu hönkürtü vaxtilə dünyadan köçən atamın-anamın əbədi ayrılığına axıda bilmədiyim, içimdə yığılıb qalan gözyaşlarımın vulkanı idi. Bu hönkürtü cavabını verə bilmədiyim sualların cavabı, günahlarımın etirafı idi. Yerimdən tərpənə bilmirdim. Çökmüş vəziyyətdə nəzərim məzarlara dikilib qalmışdı. Sanki onlardan məni bağışlayıb-bağışlamadıqlarını bilmək üçün bir işarə gözləyirdim. Ancaq onlar nə dinir, nə danışır, nə bir işarə verirdi. Mənə elə gəldi, atamı-anamı bu gün itirdim, bu gün torpağa tapşırdım. Özümü toplayıb güclə ayağa durdum. Qəbiristanlıqdan çıxdım. Bacım məni gözləsə də, evə dönmədim. Ürəyim məni Çiçəkli dağına dartırdı. Ancaq ayaqlarım yerimirdi. Güclə, çətinliklə yeriyərək Çiçəkli dağının ətəyinə çatdım. Çiçəkli dağının sinəsinə rəngbərəng güllərdən sanki əlvan xalı sərilmişdi. Meh əsdikcə boxçagülünün, bənövşənin, nərgizin bir-birinə qovuşan ətri ciyərlərimə dolurdu.Ot otlayan quzuların xırıp-xırıp səsi ruhuma bir rahatlıq verirdi. Hər gün yavaş-yavaş Çiçəkli dağının zirvəsinə doğru qalxırdım. Hədəfim Çiçəklinin zirvəsinə-Dikdaşa çatmaq idi. Günbəgün səhhətim yaxşılaşır, rəngim, ruhum özünə gəlirdi. Ağrılarım tamamilə yox olmuşdu. Xəstəliyimin ayaq səsləri artıq eşidilmirdi. Heyrətə gəlmişdim. İnsan biliyinin, savadının gücü çatıb sağalda bilmədiyi xəstəliyimi vətənimin sehrli, sirli təbiətinin möcüzəsi sağaltmışdı. Nəhayət, bu gün Çiçəkli dağının zirvəsi Dikdaşın üzərinə qalxmışam. Sevinirdim, ancaq tam sevinə bilmirəm. Zirvədən keçmişə boylanıram. Nələri itirmişəm, nələri qazanmışam. Qazandıqlarım yad eldə qaldı. Günahlarımı, xatalarımı özümlə vətənə gətirmişəm. Kövrəlmişdim. Mən vətəndən üz döndərdim, vətən mənə qucaq açdı. İndi dərk edirdim, bu qucağın istisini, hənirtisini dünyanı qarış-qarış gəzsən də, heç yerdə tapa bilməzsən. Ürəyimdə gerçəkləşməsi mümkün olmayan, hey içimdə qorlanan bir istəyim vardı. Kaş zamanı geri döndərə bilsəydim. Bir türk alimi demişdi: “İnsanın keçmiş səhvləri ən iyi öyrətməndir!” Dəyərli fikirdir. Çox təəssüf ki, bəzi insanlar keçmiş səhvlərini ömrünün sonuna kimi ya heç görmür, ya da düzəlməsi mümkün olmayan zamanda görür!