Fransa başqa olmaqla bəzi Qərb dövlətlərindən şirin vədlər alan Ermənistan həmin qüvvələrin ambisiyalarını bölgəyə daşımaq niyyəti güdür
“Adından da göründüyü kimi, beynəlxalq humanitar təşkilatları digər qurumlardan fərqləndirən əsas cəhət siyasi tərəf müqabili olmaması, hər hansı dövlətlərin marağına xidmət etməməsidir”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
O bildirib ki, hazırkı mürəkkəb geosiyasi zamanda nizamnaməsində müstəqil qeyd olunan təşkilatların əksəriyyətinin Qərb təsisatlarının maraqlarına uyğun davrandığının şahidi oluruq:
“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də bu qəbildəndir. Belə ki, sentyabrın 9-da Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını (RQXC) Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə ərzaq çatdırmaq məqsədilə Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə getmək üçün yola çıxmışdı. Humanitar yükün sentyabrın 10-da Xankəndi istiqamətinə keçidi nəzərdə tutulmuşdu. Amma məlum olduğu kimi, TIR-ın göndərilən ünvana çatdırılmasına Qarabağ iqtisadi rayonunda olan separatçılar və BQXK tərəfindən süni maneələr yaradılır. Birinci məqam ondan ibarətdir ki, Qarabağda olan erməni əsilli sakinlərin əgər dedikləri kimi həqiqətən də ərzağa ehtiyacı varsa, bəs niyə Azərbaycanın 14 gündür buraxılmayan, Rusiyanın isə sentyabrın 10-da çatdırmalı olan humanitar yüklərini qəbul etmirlər? Cavabı isə çox sadədir-Qarabağda ermənilərin dediyi kimi "humanitar böhran" yaşanmır. Sadəcə separatçılar "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin öz istəklərinə uyğun şəkildə açılamasını və əvvəlki kimi yoldan qanunsuz istifadə edilməsini istəyirlər. Çünki Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan qanunsuz silahlar dəstələrin maddi-texniki bazası gücləndirilməlidir ki, onların varlığı mövcud olsun. Bu da ölkəmizə qarşı birbaşa təhdid vasitəsidir və bölgədə separatçılığın davam etməsini təşviq edir. Həmin qanunsuz erməni birləşmələri öz hərbi güclərini artıraraq ərizələrimizdə minalar basdırır, mütəmadi olaraq mövqelərimizi atəşə tuturlar. Lakin dövlətimiz öz suveren ərazilərində bu cür qanunsuz hərbi birləşmələrin mövcudluğuna imkan verməyəcək. Son proseslər də Azərbaycanın bu mövzuda qətiyyətli addımlar atdığını sübut edir. Lakin belə anlaşılır ki, bu prosesdə Ermənistan tək deyil, onlara nüfuzlu Avropa dövlətləri tərəfindən güclü dəstək göstərilməkdədir.
Analitikin sözlərinə görə, diqqət çəkən başqa məsələ isə Ermənistanın Rusiyaya inamsız yanaşması ilə bağlıdır:
“Ermənilərin bu inamsızlığı 44 günlük Vətən müharibəsindən sonra daha da dərinləşdi və bu, hələ də davam edir. Hiss olunur ki, Ermənistan özünə yeni dayaqlar axtarır, bu istiqamətdə də ərazisində olan Rusiya hərbi bazasını və hərbiçilərini çıxarmaq niyyətindədir. Yəqin ki, Fransa başqa olmaqla bəzi Qərb dövlətlərindən şirin vədlər alan Ermənistan həmin qüvvələrin ambisiyalarını bölgəyə daşımaq niyyəti güdür. Həmçinin BQXK və onun Qərb himayədarları Ermənistana təlqin edirlər ki, Rusiyadan gələn yükləri qəbul etsən, eyni yolla Azərbaycandan göndərilən yarımdı da almaq məcburiyyətində qalacaqsan. Bu kimi səbəblərə görə və bölgədə güclü dövlətlərin maraqları kəsişdiyi üçün vəziyyət çıxılmaz xarakter alıb. Amma Rusiyanın göndərdiyi humanitar yük Ağdam-Xankəndi yolundan buraxılsa belə, bu, Azərbaycanın öz prinsiplərindən geri çəkilməsi anlamına gəlmir. Digər bir məqam isə BQXK-nın öz nizamnaməsinə uyğun davranmamasını ilə bağlıdır. Qarşılıqlı anlaşmanı, bütün xalqlar arasında dostluq, əməkdaşlıq və davamlı sülhü təşviq etməli olan, milli, irqi, dini inanclara görə ayrı-seçkiliyə yol verməmək barədə öhdəlik götürən BQXK bu gün öz prinsiplərinə zidd davranış sərgiləyir. Beynəlxalq Qırmızı Xaç Komitəsi ikili standartlar nümayiş etdirərək həm Qərb dairələrinin, həm də Ermənistanın maraqlarına cavab verən addımlar atır. Məsələn, Fransanın ölkəmizlə razılaşdırmadan, suveren ərazilərimizdən keçmək ötrü icazə almadan Azərbaycanın Qarabağ iqtisadi rayonuna yardım aparmasına BQXK tərəfindən heç bir təzyiq göstərilmir, hətta dəstək ifadə olunur. Amma Rusiya ölkəmizlə razılaşdıraraq, Azərbaycanın təklif etdiyi yoldan apardığı yardımın çatdırılmasına süni maneələr yaradılır. Əgər BQXK 1949-cu il Cenevrə Konvensiyasına, öz mandatına və Nizamnaməsinə əməl edirsə, niyə görə ölkəmizin qanunvericiliyinə uyğun davranmır? Bu qurum sadəcə olaraq nüfuzlu Avropa dövlətlərinin maraqlarına xidmət edir, onların istəklərini yerinə yetirir. Humanitar qurumun bu davranışı dünyada insanların guvənlə yaşamasına, həyat və sağlamlıqlarının qorunmasına bir təhdiddir”.
Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.
Lakin hələ də keçid baş tutmayıb.
Xatırladaq ki, artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.