"Bu, müsbət qiymətləndirilməlidir. Çünki gərginliyi azaldacaq addımların atılması yerindədir və faydalıdır"
İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi “seçkilər” barədə suala cavabında deyib.
“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir.
Biz hər zaman ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşmağın və hər hansı gərginlik yaradan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayırıq”, - Kənani qeyd edib.
XİN rəsmisi əlavə edib ki, ölkəsi beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.
Məsələni "Sherg.az"a şərh edən millət vəkili Fazil Mustafa qeyd edib ki, belə məsələlərdə qardaş ölkələrdən başqa digər dövlətləein səmimi olub olmadığna baxılmaz:
"Buna beynəlxalq hüquq nöqteyi-nəzərindən doğru və ya yalnış olması konteksindən qiymət vermək lazımdır. Beynəlxalq hüquqa görə bu məsələdə də İran belə açıqlama verməlidir. Digər tərəfdən İranda belə bir problem olarsa, Azərbaycan da eyni məzmunlu açıqlama verəcək. Çünki biz İranın ərazi bütövlüyünü hörmət edən və onun dəyişməsinin əleyhinə olan bir anlayışa sahibik. Bu səbəblə də açıqlama sürpriz deyil və müsbət qiymətləndirilməlidir. Çünki gərginliyi azaldacaq addımların atılması yerindədir və faydalıdır".