Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə rəsmi səfərə gedib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" hesabında paylaşım edilib.
K.Vəliyevi paytaxt Ankaranın Esenboğa hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Müdafiə Nazirliyi də K.Vəliyevin Türkiyəyə səfəri barədə məlumat yayıb. Bildirilib ki, sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.
Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfəri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli bildirib ki, hər iki dövlətin hərbi strukturlarının əməkdaşlığı təbiidir:
"Tərəflərin biri-birinə səfərlərinin intensiv olması normaldır. Çünki birgə hərbi-texniki vasitələrin satın alınmasının və hərbi-strateji əməkdaşlığın müxtəlif istiqamətlərinin həyata keçirilməsi intensiv şəkildə həyata keçirilir".
Ekspert əlavə edib ki, Ermənistanla-Azərbaycan münaqişəsinin yenidən gərginləşmə ehtimallarının artması səfəri təşkil edə bilər:
"Yəni Kərim Vəliyevin səfərinə bu səbəblə bağlı ola bilər. Amma ehtimal var ki, bu əvvəlcədən planlaşdırılmış səfərdir. Ümumiyyətlə səfərin qrafiki ilə bağlı dəqiq məlumatımız olmadığı üçün indidən ehtimalları ifadə etmək düzgün deyil. Digər tərəfdən müharibə başlasa da belə səfərlərə ehtiyac yoxdur. Çünki Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq yüksək səviyyədədir və telefon danışıqları kifayət edir".