Erməni bloger Roman Baqdasaryan Ermənistan ictimaiyyətinə müraciət edib və Qarabağ klanı üzvlərinin ölkəyə soxulmasının təhlükələri barədə xəbərdarlıq edib. O bu barədə feysbuk hesabında yazıb.
“Müharibədən üç il keçib. Qarabağdan böyük satqın axını var – Araikin “məmurları”, “generallar” və həbsxanadan çıxan qatillər Ermənistana qaçır, burada azad şəkildə gəzirlər. Biz hamının Qarabağdan Ermənistana gəlməsinə icazə veririk? Niyə heç kim soruşmur, Samvel Oqanovskinin Ermənistanda nə işi var?!
Ermənistan iş başında olmayan insanların maaşını necə ödəyir? Onlar Ermənistanda kef çəkirlər. Niyə Bako və Araikin əmri ilə həbsxanalarda insanları öldürən həmin ermənilər İrəvanda sakitcə gəzirlər? İnsanlara cinayət işi açılır, ittiham olunurlar, ancaq Ermənistanda rahat gəzirlər”,- R.Baqdasaryan deyib.
Qeyd edək ki, separatçıların qeyri-qanuni silahlıları da Qarabağı tərk edirlər. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülər Laçın sərhəd-keçid məntəqəsində çəkilib. Ermənilərin daha bir qrupu Qarabağdan Ermənistana gedib. Kadrlardan da aydın görünür ki, içlərində qadın yoxdur. Aydındır ki, heç tələbələr də deyil. Onlar "tələbə qiyafəsində" ermənilərin işğalçı silahlı dəstə üzvləridir.
Baş verənləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov vurğulayıb ki, ermənilərin Qarabağdan Ermənistana keçid etməsi rəsmi İrəvan üçün təhlükə formalaşdırır:
"Paşinyana yaxın olanlar isə artıq bu təhlükəni sezirlər. Ola bilsin təhlükə heç yoxdur, ancaq belə bir ehtimal irəli sürürlər ki, Qarabağ klanına daxil olanlar Paşinyan və Ermənistanın dövlətçiliyi üçün böyük problemə çevrilə bilərlər. Çünki onlar cinayətkar və quldurdurlar. Digər tərəfdən bu həm də bir etirafdır ki, Qarabağda separatçı xunta arasında uzun illər cəlladlar yaşayıblar və hazırda Ermənistana da qənim kəsilə bilərlər. Düşünürəm ki, bu mülahizələrdə həqiqət payı var".
Analitik əlavə edib ki, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi separatçılar və onların ətrafındakılar üçün qəbuledilməz hala çevrilib:
"Onlar Paşinyan hakimiyyətindən qisas ala bilərlər. Lakin əslində məsələni drammatikləşdirmə ehtimalı var və təhlükələrdən xəbər verməyə cəhd edən ekspertlər hər yanda düşmən axtarırlar. Ümumiyyətlə, Ermənistanda hakimiyyəti qorumaq üçün repressiya metodlarından istifadə olunur. Digər tərəfdən bu gün Qarabağdakı quldurların oranı tərk etməsi regionun təhlükəsizliyi üçün önəmli xarakter daşısa da, Ermənistan üçün böyük təhdid kimi qiymətləndirilir".