"Rusiya və Ukrayna müharibəsi həlledici mərhələyə qədəm qoyub".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Ukraynadakı müharibədən danışarkən deyib.
O bildirib ki, indiki mərhələni həm Rusiya, həm də Qərb üçün həlledici qərarların qəbulu kimi xarakterizə etmək olar:
"Çünki Ukraynanın əks-hücum əməliyyatları ümid bəslənən kimi olmadı. Eyni zamanda isə Rusiyanın savaşda qalib gəlmək imkanın mümkünsüzlüyü də dəqiqləşdi. Sanki pat vəziyyəti yaranıb və tərəflərdən heç biri qısa müddətdə qalib gəlmək imkanına malik deyillər. Bu isə hər iki tərəfə ciddi problemler yaradır. Birincisi Kremlin siyasi dairələri anlayırlar ki, müharibənin uzanması Rusiya iqtisadiyyatının çöküşünü sürətləndirəcək və orduda tükənmə prosesi dərinləşəcək. Yəni Moskva üçün apokalipsis səviyyəsində durumun yaranması ehtimalı var. Proses hətta Rusiyada hakimiyyət dəyişikliyinə qədər gətirib çıxara bilər. Digər tərəfdən kollektiv Qərb də çətin durumdadır. Çünki Ukraynaya hərbi dəstəyin verilməsi Qərbə baha başa gəlib. Həmçinin son zamanlarda bunun öhdəsindən gəlməkdə çətinliklərin yarandığı da gizlədilmir. Məsələn, Ukraynanın növbəti il üçün büdcə problemlərinin həllinə rəsmi Kiyev Qərbdən 48 milyard dollar vəsait gözləyir. Bu isə xırda bir məbləğ deyil".
Analitik əlavə edib ki, anti-Rusiya koalisiyasına daxil olan dövlətlərin büdcəsindən çıxan pullar həmin ölkənin əhalisinin sosial vəziyyətinə mənfi təsir göstərir:
"Atıq Amerikada Ukraynaya yardım məsələsinə soyuq yanaşmağa başlayıblar. Hətta ehtimal olunur ki, respublikaçılar ABŞ-də yaxın zamanda baş tutacaq seçkidə qalib gələrlərsə, Ukraynaya maliyyə dəstəyinin tamamilə kəsilməsi barəsində qərar qəbul edə bilərlər. Ona görə də demokratlar bütün yardımların yaxın bir neçə ay ərzində həll edilməsini təklif edirlər. Digər tərəfdən bir müddət əvvəl NATO-nun təmsilçisi açıq şəkildə bəyan etdi ki, Rusiya ilə sülh müzakirələrinə hazırıq. Bu isə çox önəmli məqamdır. Həmçinin Almaniya, Fransa və İtaliya başda olmaqla bir sıra dövlətlər də savaşın bitməsini arzu edir. Çünki onlar düşünürlər ki, Ukrayna müharibəsi Avropa ölkələrinin inkişafını ləngidir. Ümümiyyətlə, artıq müharibədə ikinci qış yaxınlaşır və bu Avropa ölkələri üçün ciddi fəsadlar törədə bilər. Çünki Avropa Rusiyadan alınan enerji resurslarına tam əvəz tapa bilməyib. Yəni savaşın başa çatdırılmasına hər iki tərəf maraqlıdır. Lakin Rusiya öz şərtləri daxilində, Qərb isə Kremlə çox güzəşt etmədən savaşı yekunlaşdırmaq istəyir. Yəqin ki, gələn ilin mart ayına qədər Ukrayna müharibəsinin taleyi böyük ölçüdə aydınlaşmış olacaq".
Qeyd edək ki, Rus hərbçiləri Ukraynanın Xerson şəhərini növbəti dəfə atəşə tutub.
Bu barədə “RBK Ukrayna” məlumat yayıb.
Məlumata görə, silahlı hücum nəticəsində bir kişi yaralanıb, hazırda o, xəstəxanadadır.
Xatırladaq ki, şəhər rusların nəzarətində olan Levoberejya ərazisindən daim atəşə tutulur.