Azərbaycan Erməninstanın təxribatlarına uymayacaq  - DEPUTAT

"Xankəndi və onun ətrafında olan ərazilərdə "humanitar böhran" olması ilə bağlı separatçılar və Ermənistan tərəfindən yaradılmış şou hər kəsdə tamamilə fərqli fikir formalaşdırmaqdadır".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

O bildirib ki, Ermənistanın dezinformasıyası bəzən onun havadarlarının və beynəlxalq təşkilatların dəstəyini alır:

"Hətta erməni lobbisinin təsiri altında olan siyasətçilər, jurnalistlər və başqaları belə dezinformasıyaları yaymaqda kömək edirlər. Xatırlayırsınızsa, Ermənistan Azərbaycanın əleyhinə BMT Təhlükəsizlik Şurasının çağrılmasına nail oldu, ancaq istədikləri nəticəni əldə edə bilmədilər. Çünki rəsmi Bakı kifayət qədər tutarlı faktlarla Xankəndi və ətrafında yaşayan erməni əhalinin ərzaq problemi ilə üzləşmədiyini sübut edə bildi.  Eyni zamanda Azərbaycanın alternativ yolları təklif etməyinin səbəbini izah etdi. Ermənilər isə yalanlarının üstünün açılacağından ehtiyat edərək Rusiyadan göndərilən humanitar yükün Ağdamdan keçib Xankəndiyə çatdırılmasına razılıq verdilər. Ancaq görünür ki, onlar yardımın içərisində Türkiyə istehsalı məhsulların olmasını bəhanə gətirərək yükləri yandırmaq istəyirlər. 

Ümumiyyətlə qeyd etmək lazımdır ki, humanitar yüklərin harada istehsal olunması və kimin tərəfindən gətirilməsi şərt olmamalıdır. İkincisi də axtarsaq görərik ki, Xankəndində və Ermənistanda Türkiyə istehsalı olan xeyli məhsul satışdadır. Baş verənlər isə ermənilərin növbəti təxribatıdır və onlar belə edərək yüklərin daşınmasının qarşısını almaq istəyirlər. Eyni zamanda ermənilər bu yüklərin Xankəndiyə keçirilməsi zamanı gömrük və sərhəd yoxlamalarının olmamasını da tələb edirlər. Onlar düşünürlər ki, bu təqdirdə humanitar məhsulların içərisində keçirilməsi qadağan olunmuş və hərbi yüklər də daşıya biləcəklər. Çünki biz dəfələrlə BQXK-nın avtomobillərində qadağan olunmuş məhsulların aparıldığının şahidi olmuşuq".

Parlamentari əlavə edib ki, Ermənistanın sadəcə vaxt qazanmağa çalışdığını düşünür:

"Yəni onlar rus kontingentinin nəzarətində olan ərazilərdəki əhalini gərginlik içərisində saxlamaq istəyir. Həmçinin xırda münaqişə ocaqları və narazılıqlar yaratmaqla sülh müqaviləsinin imzalanmasının qarşısını almağı planlaşdırırlar. Bir sözlə Ermənistan və separatçılar Azərbaycanla normallaşmanın tərafdarı deyillər. Digər tərəfdən hazırda Cənubi Qafqazda Ermənistan uğrunda ABŞ və Rusiya arasında aparılan mübarizə daha aktiv fazaya keçib. Paşinyan da öz hakimiyyətini qoruya bilmək üçün Kreml ilə əlaqələrini soyudur. Rusiyanın göndərdiyi humanitar yükə nöqsanların tapılması və bəzi məhsulların yandırılmasını təklif edilməsi də birbaşa bununla əlaqədardır. İstənilən halda Azərbaycan Ermənistanın təxribatlarına uymayacaq və regionda sülhün olması üçün əlindən gələni edəcək". 

Qeyd edək ki, Ermənistanın “Hraparak” qəzeti dünən Ağdam yolu ilə Xankəndiyə gələn yük maşınlarının içində Türkiyə istehsalı mallar da olduğunu yazıb. 

“Ağdam vasitəsilə Xankəndiyə daxil olan Rusiya Qızıl Xaç Cəmiyyətinin maşınlarında sırf Rusiya istehsalı məhsulların olması ilə bağlı ilkin razılaşmaya baxmayaraq, məlum olur ki, Türkiyə istehsalı uşaq bezləri də var. Dünən ermənilər bu barədə həyəcan təbili çalaraq, türk məhsullarının yandırılmasını tələb ediblər”, - məlumatda deyilir.
Xatırladaq ki, bu, separatçıların ilk belə faşist yanaşması deyil. Dünən Xankəndidəki qondarma rejim separatçıları əmin edib ki, yük maşının sürücüsü azərbaycanlı deyil, maşın da Azərbaycan dövlət nömrəsi ilə əraziyə gəlməyib. Eyni zamanda, yüklərin arasında Azərbaycan istehsalı malların olmadı.