Baş konsulluğumuza hücumu bütün dövlətlər pisləməlidir  - DEPUTAT

"Azərbaycanın sentyabrın 19-da başladığı antiterror tədbirləri xaricdə olan erməni diasporunu və Qarabağ münaqişəsinin bitməməsini arzulayan, bu istiqamətdə uzun illərdir fəaliyyət göstərən qüvvələri yenidən fəallaşdırıb".

Buna "Sherg.az"a açıqlamasında millət vəkili Sevil Mikayılova Los-Anceles dəki konsulluğunuza olan hücumdan danışarkən deyib. 

O bildirib ki, Vətən müharibəsindəki qələbəmizdən sonra biz həmin qüvvələrin Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluqları və səfirliklərinə hücumlarının şahidi oluruq:

"Hər dəfə Azərbaycanın diplomatik və siyasi uğurlarından sonra, bunu istəməyən qüvvələr öz xislətlərini belə iyrənc şəkildə büruzə verirlər. Azərbaycanın Los-Ancelesdəki baş konsuluğuna olan hücum bütün dövlətlər tərəfindən pislənilməlidir. Çünki diplomatik korpusların və nümayəndəliklərin binalarının təhlükəsizliyinin təmin olunması birbaşa Vyana konvensiyasına uyğun olaraq həmin ərazidəki hüquq-mühafizə orqanlarının üzərinə düşən öhdəlikdir. Bununla bağlı Los-Anceles rəhbərliyi və ABŞ-dəki aidiyyəti qurumlardan adekvat addımların atılmasını gözləyirik. Digər tərəfdən sözügedən qüvvələr tərəfindən Türkiyə konsulluğuna da hücum edilib. Ümumiyyətlə Azərbaycan və Türkiyəyə qarşı belə təxribatların olunması torpaqlarımızda separatizmə son qoyulmasını həzm edə bilməyənlərin işidir. Yəqin bundan sonra da belə təxribatların şahidi olacağıq. Çünki 2020-ci il zərərindən sonra da dünyadakı erməni diasporunun üzvləri tərəfindən belə addımların atıldığının şahidi olmuşuq. Birmənalı şəkildə bunu pisləyirik. Ümumiyyətlə diplomatik korpuslarımızın yerləşdiyi ölkələr hazırlıq görməli və təhlükəsizlik tədbirlərini artırmalıdırlar".

Qeyd edək ki, Azərbaycanın ABŞ-nin Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb.
Bu barədə məlumat və uyğun video sosial şəbəkədə yayılıb. Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb. Azərbaycanın diplomatikmissiyasının binasına hücumu ermənilərin törətdiyi vurğulanıb.  Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Anceles polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.