1979-cu ildən çıxan İranının “Jomhouri-e Eslami ” qəzeti yazıb ki, Türkiyə və Azərbaycan Ermənistanın indiki zəif halından istifadə edərək Zəngəzur dəhlizini zorla açmağa cəhd etsələr, bunun bədəli ağır olacaq.
Qəzet yazır: "Azərbaycan İranın qırmızı xəttini pozmaq ərəfəsindədir. Əgər Əliyev elan olunmuş qırmızı xətti keçmək niyyətindədirsə, şübhəsiz ki, o, Bakıda mühüm dəyişikliklərə səbəb ola biləcək başqa cür qətiyyətli reaksiya gözləməlidir”.
Məsələni "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan söyləyib ki, "Jomhouri-e Eslami" qəzeti Tehran hakimiyyətinin əsas təbliğatçılarındadır:
"Yəni burada yayılan fikirlər İranın mövqeyini əks etdirir. Həmçinin qəzetin yaydığı ultimatum xarakterli yazı Tehran hakimiyyəti rəsmilərinin əvvəl də ifadə etdiyi fikirlərin məcmusudur. Oxşar fikri bu yaxınlarda İran parlamentinin deputatı vermişdi. O bildirmişdi ki, Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir. Bunların hamısı Tehran hakimiyyətinin Cənubi Qafqaza yolunun bağlanacağından ehtiyyat etdiyi üçün verdiyi açıqlamalardır. Çünki Azərbaycan torpaqları işğal altında olduğu zamanda İran birmənalı şəkildə rəsmi Bakı əleyhinə çalışıb. Həmçinin Ermənistandan Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə edib. Məsələn, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Cənub qonşumuz Ermənistan hakimiyyətinə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamalar verməyib. Amma Ermənistan ərazi bütövlüyünü az qala İranınkı kimi təqdim edilməyə başlanılıb".
Analitik əlavə edib ki, İranın həm Zəngəzur dəhlizi, həm də Ermənistanın ərazi bütövlüyü ilə bağlı verdiyi açıqlamalar daha çox təzyiq vasitəsidir:
"Hələ Qarabağ işğal altında olduğu zaman rəsmi Tehran Bakıya həmin faktor üzərindən təzyiq göstərirdi. İndi bu ərazilər işğaldan tam təmizlənir. Bu halda isə təkcə Ermənistan məsələsi qalır. Digər tərəfdən hələ Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı müqavilə imzalanmayıb. Eyni zamanda Zəngəzur dəhlizi ilə də bağlı beynəlxalq ictimaiyyət öz münasibətini açıq şəkildə bəyan etməyib. Belə bir şəraitdə İran hakimiyyətinin və onun təbliğat maşınının Zəngəzurla bağlı bəyanatlar yayması yuyulmamış qaşığı xatırladır. Çünki Ermənistanın buna razılıq verəcəyi və beynəlxalq ictimaiyyətin dəstəkləyəcəyi təqdirdə İran oyundan kənar vəziyyətdə qalacaq. Belə bəyanatlar isə perspektivdə Azərbaycan-İran münasibətlərinə növbəti zərbə vurmaqdır".
Qeyd edək ki, ki, “Jomhouri-e Eslami ” qəzetinə bir vaxtlar İranın hazırkı dini lideri Əli Xameneyi rəhbərlik edib.