Bayden: İsrailin Qəzzanı işğal etməsi böyük səhv olardı

ABŞ prezidenti Co Bayden Həmas-İsrailin Qəzzada intensivləşən hücumları ilə bağlı yeni açıqlama verib.

Sherg.az xəbər verir ki, Bayden CBS News kanalının "60 Dəqiqə" proqramında qonaq olub.

İsrailin Qəzzada "müharibə qaydalarına" əməl edəcəyinə inandığını vurğulayan Bayden, Qəzzanın günahsız xalqının qida, su və dərman vasitələrinə çata biləcəyini bildirib.

 "İndiki məqamda İsrailin Qəzzanı işğalına dəstək verərdinizmi?"  sualına Bayden, "Düşünürəm ki, bu, böyük səhv olardı. Məncə, Qəzzada baş verənlər ekstremist HƏMAS-la bağlıdır. Bu, bütün Fələstin xalqını təmsil etmir. İsrailin Qəzzanı işğal etməsi səhv olardı. Amma Qəzzaya girib Hizbullah və Həmas kimi ekstremistləri məhv etməsi doğru olardı" deyə cavab verib.

HƏMAS-ın tamamilə məhv edilməsi lazım olduğunu, lakin Fələstin idarəçiliyi və dövləti üçün bir yolun gərəkliyini ifadə edən Bayden deyib: "Bu yol iki dövlətli həll yoludur və ABŞ-nin onilliklər boyu siyasətidir. İsrailin yanında 5 milyonluq bir  Fələstin dövləti qurulacaq”.