Azərbaycanla AB arasında uzun müddətdir ki, bir çox layihələr həyata keçirilir. Bunların bir qolu da “Twinning” layihələridir. Sözügedən layihələr ölkəmiz ilə təşkilatın institutları və ona üzv olan ölkələr arasında standartların razılaşdırılmasını nəzərdə tutur.
Bu sözləri Axar.az-a Azərbaycanın AB ilə bir sıra “Twinning” layihələri dayandırması haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
Ekspert bəhs edilən addımın dövlətimizin ölkəmizə qarşı haqsız ittihamlara qarşı cavabı olduğunu vurğulayıb:
“Həyata keçirilən layihələrin miqyası elə də böyük deyil. Yəni il ərzində bir neçə görüş keçirilirdi və sənəd mübadiləsi olurdu. Bunun dayandırılması Azərbaycanın bir sıra üzvlərin ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün beynəlxalq hüquqa tam uyğun şəkildə atdığı addımlara qeyri-adekvat reaksiyalarından doğub. Baş verənləri Azərbaycanın haqlı etirazı kimi dəyərləndirmək lazımdır. Çünki bəzi ölkələr göz görə-görə çox ədalətsiz şəkildə bizi günahlandırırlar. Dövlətimiz də atdığı cavab addımları ilə aparılan kampaniyanın dayandırılması üçün qarşı tərəfə mesaj göndərir. Qlobal mənada isə Azərbaycanla AB arasında geniş əməkdaşlıq platforması mövcuddur. Hətta təxminən bir il öncə təşkilatla enerji məsələləri ilə əlaqədar strateji tərəfdaşlıq müqaviləsi də imzalanıb. Ancaq hər bir halda haqsız günahlandırma və ittihamlara son qoyulması ilə bağlı xəbərdarlıq mesajı göndərildi. Yəqin ki, qarşıdakı mərhələdə, əgər problem aradan qaldırılmasa, daha sərt addımlar da atıla bilər”.
Qeyd edək ki, Azərbaycan AB ilə bir sıra “Twinning” layihələri dayandırıb. Buraya Litva ilə həyata keçirilən hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihə, eyni zamanda İsveç və Yunanıstanla birlikdə miqrasiya sahəsində gerçəkləşdirilən layihələr daxildir.