Putin "ildırım turu" ilə meydan oxudu: 4 döyüş təyyarəsi ilə endi

Ukraynaya tanklarını göndərməklə Avropada yeni müharibəyə başlayan Rusiya lideri Vladimir Putin son iki ildə Qərb dünyasından təcrid olunub. Həbs qərarına görə bəzi beynəlxalq sammitlərə belə qatıla bilməyən 71 yaşlı Rusiya lideri İsrailin Qəzzanı işğalı davam edərkən Yaxın Şərq turuna çıxıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərq ölkələrinə nadir hallarda səfər edən Vladimir Putinin şəxsi təyyarəsi Moskvadan havaya qalxarkən yanında 4 döyüş təyyarəsi olub. Su-35-lər Putinin reaktivi ilə bütün yolu qət edib və Rusiya lideri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə möhtəşəm qarşılanıb. Reaktiv təyyarələr Rusiya bayrağının rənglərini səmada tüstü ilə boyayıb və bu əzəmət prezident sarayında da dayanmayıb.

Prezident sarayında Birləşmiş Ərəb Əmirliklərinin lideri Mohammed bin Zayed al Nahyan tərəfindən qonaq edilən Vladimir Putinin üzü gülüb.

İzdihamlı Rusiya nümayəndə heyəti axşam saatlarında bölgənin ən böyük ölkəsi olan Səudiyyə Ərəbistanına yollanıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Rusiya liderini şəxsən qarşılayıb.

Rusiyanın ABŞ-nin ənənəvi müttəfiqləri olan Körfəz ölkələrinə ən yüksək səviyyəli səfəri diqqətəlayiqdir. Beynəlxalq xəbər agentliyi AFP Putinin səfərini Moskvanın qlobal səhnədə öz çəkisini bərpa etməyə çalışdığı bir vaxtda nadir səfər kimi qiymətləndirib.


Çünki 2022-ci il fevralın 24-də Ukraynanı işğal edən Vladimir Putin son 21 ayda keçmiş sovet ölkələrindən başqa iki ölkəyə səfər edib. Bunlar Moskvanın yaxın müttəfiqləri Çin və İran olub.

Yaxın Şərqdə nüfuzunu gücləndirməyə çalışan Rusiya lideri Putin ikinci dayanacağı Səudiyyə Ərəbistanında gülümsəyirdi.Rusiya agentlikləri xüsusilə Putinin Səudiyyə sarayında xoşbəxt olduğu şəkillərini təqdim edib.

Mətbuata açıq olan bölmədə Putin vəliəhd Salmana "onlar doğru zamanda görüşdülər" deyib.

Səfərin ilk dayanacağı Əbu-Dabidə Putin Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin görünməmiş səviyyəyə çatdığını bəyan edərək, Körfəz ölkəsinin Moskvanın regionda əsas ticarət tərəfdaşı olduğunu qeyd edib.


Onun həm Birləşmiş Ərəb Əmirliklərinə, həm də Səudiyyə Ərəbistanına səfərləri zamanı Qəzzadakı müharibə ikitərəfli münasibətlərlə yanaşı, əsas gündəm maddələrindən biri olub.

Fələstinlə bağlı mövqeyini çox daha açıq şəkildə ortaya qoyan Rusiya, İsrailin Qəzzada işğalına qarşı çıxıb və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına gətirilən daimi atəşkəs təkliflərini dəstəkləyib.

Amerikanın Associated Press (AP) xəbər agentliyi Rusiya liderinin Yaxın Şərqə demək olar ki, yarım günlük səfərini “ildırım turu” kimi qiymətləndirib.

AP əlavə edib ki, Putin İsrailin Qəzzada müharibəsini ABŞ diplomatiyasının uğursuzluğu kimi qələmə verməklə Vaşinqtona meydan oxuyub.

Qeyd edək ki, Rusiya lideri ötən mart ayından hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib. Bu səbəbdən Putin BRİKS və G-20 kimi qlobal sammitlərə qatılmayıb.