ABŞ illərlə müharibə aparmalı olacaq - ŞƏRH

Anti-Husi koalisiyası quru əməliyyatlarına başlasa, Rusiya və İran husiləri dəstəkləyə bilər

  Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatı Qırmızı dəniz ticarətini tamamilə dayandırıb. Bundan öncə strateji əhəmiyyətə malik Übeydə limanı və Bəb-ül-Məndəb boğazına nəzarəti ələ keçirən husilər İsrail gəmilərinə ardıcıl hücumlar edirdi. Husilərin Qırmızı dəniz ticarətini dayandırması isə bütövlükdə dünya ticarətinə və enerji böhranına səbəb ola bilər. Husilərin Yəməndə apardığı silahlı mübarizə bu ölkənin daxili məsələsi hesab edilirdi. Qruplaşmanın İsrailə müharibə elan etməsi də beynəlxalq mənada problem deyildi. Lakin Qırmızı dəniz ticarətinin dayandırılması husilərin ciddi strateji səhvidir.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, dünyanın illik ticarətinin 12 faizi, neft daşınmasının isə 10 faizi Qırmızı dənizin payına düşür. Ekspert vurğulayıb ki, bundan başqa, Qırmızı dəniz ticarətinin dayanması Suveyş kanalının iflic olması, İstanbul boğazında isə durğunluq yarada bilər:

"Qırmızı dəniz ticarətinin tamamilə dayanması fonunda enerji nəhəngləri - Britaniyanın BP, Fransanın “Total Energies”, Belçikanın Şirkəti "Euronav" və daha 11 şirkət keçidlərini dayandırıb. Bu, dünya miqyasında ciddi enerji böhranının yaranması deməkdir. Rusiya-Ukrayna müharibəsinə görə onsuz da mavi qaz böhranı yaşayan Qərbin indi də neftsiz qalması yanacaq qiymətlərində kəskin artımı qaçılmaz edir. ABŞ buna göz yuma bilməz. ABŞ-nin müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qallantla birgə mətbuat konfransında deyib ki, ölkəsi Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır. Anti-Husi koalisiyasında ABŞ, NATO və bir neçə Ərəb ölkəsinin (ümumilikdə 39 ölkənin) yer alacağı gözlənilir. Ostinin sözlərindən bu qənaətə gəlmək olar ki, koalisiyanın əsas hədəfi Yəmən sahillərindən keçən ticarət gəmilərinin təhlükəsiz ərazilərə kimi müşayiət edilməsidir. Yəni Anti-Husi koalisiyası indiki məqamda Yəmənə müdaxilə, ya da husiləri tam məğlub etmək niyyətində deyil".
  Analitikin fikrincə, bunun səbəbləri var: "Birincisi, husilərin nəzarətindəki ərazilər daha çox dağlıqdır və ABŞ Əfqanıstandakı kimi illərlə müharibə aparmalı olacaq. İkincisi, Anti-Husi koalisiyası quru əməliyyatlarına başlasa, Rusiya və İran husiləri dəstəkləyə bilər. Üçüncüsü, husilərlə quru döyüşlərinin başlanması onları daha da aqressivləşdirə, Səudiyyə və BƏƏ şəhərlərini və neft yataqlarını vurmasına gətirib çıxara bilər. Bu baş verərsə, dünya tarixində üzləşmədiyi bir neft böhranı ilə üzləşə bilər. Bununla belə, Anti-Husi koalisiyasında Misir, Səudiyyə Ərəbistanı, BƏƏ-nin olması əməliyyatların uğur qazanması baxımından vacibdir. Məsələnin Türkiyəyə təsiri olduğu üçün Ankara da prosesdə yer ala bilər. Birbaşa hərbi dəstək olmasa da, siyasi mesajların verilməsi istisna deyil".