2024-ün ilk dəqiqələrində "Zeynəb gerçəyi" -  İndiki və köhnə nəsil TOQQUŞMASI

İllərdir sürən ənənə bu il də pozulmadı. 
87 yaşlı Xalq artisti Zeynəb Xanlarova Yeni ilin ilk dəqiqələrində AzTV-də ansamblı ilə çıxış edib.  

2024-ün ilk dəqiqələrində Zeynəb Xanlarova:

"Arzu, kamımda, diləyimdəsən,
Hayana getsəm, ürəyimdəsən.
Sənsiz olmasın, 
mənim bir anım,
Azərbaycanım! Azərbaycanım!
Ürəyim, canım, 
Şöhrətim, şanım,
Azərbaycanım! Azərbaycanım!" İfası ilə dünya azərbaycanlılarını salamlayıb.

Sosial şəbəkələrdə paylaşılan statuslardan aydın olur ki 50 ildir davam edən bu mənzərə əksəriyyət tərəfindən xoş qarşılanmır.
Nənələrimiz də yeni ilə Zeynəb Xanlarova ilə girirdi deyən insanlar ironiya ilə "Zeynəb Xanlarova başladısa oxumağa , yeni il gəldi deməkdir" kimi fikirlər yazırlar.

Zeynəb Xanlarovanı iki əsrin fateh sənətkarı adlandırıb səsinə -özünə heyranlığını ifadə edən insanların da sayı az deyil. 

"Sherg.az" xəbər verir ki, Azərbaycan Mətbuat Şurası sədrinin müavini
Səadət Məmmədova sosial şəbəkələrdə Z. Xanlarovanın şəklini paylaşıb yarı zarafat eyhamlarla şərh yazanlara onun bir epoxa olduğunu xatırladıb: 

"Təxminən 60 ilə yaxındır ki, Yeni ilin ilk ifasını Zeynəb Xanlarova oxuyur. Bu uzun illərdir bir dəyişilməz atributdur. Ölkədə yalnız bir telekanal olduğu vaxtlarda bütün vətəndaşlar onun ifası ilə Yeni ilə addım atırdı, səbirsizliklə hansı mahnını oxuyacağını gözləyirdilər. Sonra bir müddət paltarı, saçı, makiyajı, zinət əşyaları müzakirə olunurdu, mahnısı dillər əzbəri olurdu, indiki dillə desək trendə çevrilirdi. 
İllər ötür, zaman dəyişdi. AzTV haqlı olaraq öz tarixinə sayğı duyaraq bu ənənəni dəyişmədi, heç Zeynəb xanım da dəyişmədi. 
Uşaqlıqda onun pərəstişkarı olmuşam. Əlimə mikrofona bənzər nə düşsə çıxıb divanın, kreslonun, stulun üstündə mahnı oxuyurdum, deyirdim ki, Zeynəb Xanlarovayam. 
O bir epoxadır. İndiki nəsil bəyənməsə də, qəbul etməsə də, heç kəs Zeynəb gerçəyini dəyişə bilməz. Allah ömür versin".
 S.Məmmədova hesab edir ki, nə isə dəyişməlidir ki, Zeynəb xanım öz tarixi klassikasını həmişə eyni cür saxlaya, sevdirə bilsin. Dəyişən zamanla və nəsillərlə ayaqlaşmaq müasir çağırışdır: "Məncə, onun sadiq tamaşaçılarının da zövqü xeyli dəyişib. Zahiri görkəmi, geyim tərzi, makyajdakı rəngləri (göz kölgələri məsələn) də daxil olmaqla mahnı seçimi də bir az dəyişə bilər. Şəxsən mən onun bu günkü mahnılarını statusuna yaraşdırmıram. Xüsusilə 2-ci və 3-cü mahnıları zövqümü oxşamadı. Lap köhnə mahnılarından oxusa, vallah, yeni nəslin dilində əzbər olar ( "Bəs nə deyim, Gəl al qadamı",  "Dünyanın xoşbəxti mənəm dünyada" və s) indiki nəsil köhnələri bəyənmir, qulaq asmır, amma məsələn kimsə qəfildən “Dünya sənin, dünya mənim” oxuyanda xəbər tuturlar ki, o mahnını yazanın və oxuyanın 80-dən çox yaşı var və hələ də yaşayır və yaradır. 
Zeynəb xanımın da repertuarında indiki cavanların bəyənib sevə-sevə oxuyacağı, dinləyəcəyi o qədər qəşəng mahnı var ki…
AzTV konsertində Zeynəb xanımdan sonra səhnəyə Nisə Qasımova çıxdı, özü də lap köhnə mahnısı ilə- Ələkbər Tağıyevin “Elə baxma gözlərinə göz dəyər” mahnısı ilə…".

Jurnalist Aysel Azad də hesab edir ki, hər il gecə saat 00:00-dan sonra Zeynəb Xanlarovanın ifası gözəl adət-ənənədir:

"Evimizdə peykə görə yerli kanallar göstərmir. Anam Rusiyanın “RTR Planeta” kanalına çevirmişdi. Deyir nə gözəldir, eyniylə sovet dövründəki kimi efirdə yeni il qeyd olunur. Bizdə də bənzərinin qorunması şəxsən mənim xoşuma gəlir. Onsuz da əksər kanallarda eyni şou-proqramları izləyirik. Fərqliliyi də AzTV 
qorusun, nə zərəri var? Başqa vaxt gülüb deyirlər ki, “Mən yerli kanal izləmirəm, AzTV-yə baxmıram”. Bəs necə olur Zeynəb Xanlarova oxuyanda görürsünüz? Demək ki, baxmaq istəyirsiniz, baxırsınız. Məncə, nə qədər yaşayırsa, hər yeni ili elə onla qarşılayaq. Həm də 87 yaşlı qadından nə performans gözləyirsiniz".

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl hesab edir ki, Zeynəb Xanlarova pis deputat, hətta kimlər üçünsə pis adam ola bilər. Amma müğənni kimi bütün dövrlərin ən böyük azərbaycanlı sənətçisi və sənətkarıdır: 

"Sovet dövründə Azərbaycan adını dünyada tanıdıb, mühacir soydaşlarımızı bir araya gətirib. Qarabağ münaqişəsi başlayanda Ermənistanın xalq artisti adından imtina edib, 20 Yanvar faciəsindən sonra bir il səhnəyə çıxmayıb. Onu yetişdirən sovet hakimiyyətinə qarşı gücü bunları etməyə çatıb. Adam indi səhnədən də, deputatlıqdan da gedib. Hər gün efirdən gözlərinizi yağır eləmir. İldə bir dəfə oxumağını da ona çox görürsünüz. Hər gələn il sizin üçün ötən ilkindən fərqlənmirsə, həyatınızda dəyişiklik baş vermirsə, bunun səbəbi Yeni ildə AzTV-də ilk mahnını Zeynəb Xanlarovanın oxuması deyil. Bir az ədalətli olun!".

Emin Sarıyev adlı istifadəçi isə qeyd edib ki, "Dünyanın Xoşbəxti odur Dünyada":  "Ənənəvi olaraq yeni il axşamında Zeynəb Xanlarovanı efirdə görmək, dinləmək çox xoş oldu. Zaman keçdikcə hər gün efirlərə çıxan səviyyəsiz müğənicikləri gördükcə Zeynəb Xanımın dəyərini dahada çox bilirəm. Zeynəb xanım ildə 1cə dəfə efirə çıxır oda Yeni il axşamı. Bəziləri sənətdən və sənətkardan anlamayanlar, tənqid etmək xəstəsi olanlar, yersiz yerə onu təqid etmək istəyirlər, deyirlər dirəşib necə ildi. Dirəşib neynəyib? Kimin qabağını kəsir? Efirə hər səviyyədə özünə müğənni deyənlər çıxır. Zeynəb xanım isə ildə bir dəfə yeni il axşamı oxuyur bitdi. Elə həmin gecə oxumağa layiq insan da odur, çünki hal hazırda Azərbaycanın yaşayan ən titullu, ən dəyərli müğənnisidir".