Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr də məlum olub.
Kamil Zeynallının vəkili Ələkbər Qarayev “Qafqazinfo”ya bildirib ki, müvəkkili Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. Vəkilin sözlərinə görə, hələ 48 saatlıq tutulma qərarı var. O, sabah həbs tələbi ilə məhkəməyə çıxarılacaq.
“Mən istəmirəm bizim qızımız atasız yaşasın”.
Bu sözləri isə MTV-nin efirində yayımlanan verilişlərin birində dünən Rusiyada saxlanılan Kamil Zeynallının həyat yoldaşı, müğənni Gülay Zeynallı deyib. O, hadisəni gecə saatlarında elə Kamilin özündən öyrəndiyini deyib.
“Gecə saat 3 idi, Kamil zəng etdi və hadisəni dedi. Sahilə artıq böyük qızdır, mən ona hər şeyi izah etmişəm. Gecədən yatmayıb. Mən dövlətimizdən, prezidentimizdən Kamilə kömək etmələrini xahiş edirəm”, - deyə müğənni qeyd edib. Qeyd edək ki, Kamil Zeynallı 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub. Onların bu münasibətdən bir qızı var.
Məsələni dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a bildirib ki, Kamil Zeynallının Azərbaycana gətirilməsi həyata keçirilməlidir:
"İrəvan XİN tərəfindən verilən məlumata əsasən, guya, Kamil qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa verilib. O zaman gərək azərbaycanlıların başına gətirilən vəhşiliklərə görə, hər bir şəxs barədə cinayyət işi açılsın. Onların hamısı azad şəkildə xarici ölkərdə gəzə bilirlər. Törətdikləri cinayyətlərlə bağlı sübutlar olmasına baxmayaraq, bəs onlar niyə həbs olunmur? Rusiyaya etiraz olunmalıdır ki, dostluğu davam etdirirlərsə,bu düzgün münasibətlər əsasında qurulsun . Əgər əlavə materiallar göndərilsə belə başqa ölkədə deyil, ona Azərbaycanda cəza tətbiq olunsun. Sarkisyan, Köçəryan kimilər də məhkəməyə verilsin. Onların məqsədi Kamil Zeynallını saxlayaraq ölkəmizdə dustaq olan Vardanyan kimilərlə əvəzləməkdir. Ancaq bu məsələyə başqa cür yanaşılmalıdır. Əgər ehtiyac yaranarsa, burada ona cəza veriləcək".