“Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.
Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, gözləntilər ölkə ərazisindəki digər hava limanlarının xarici şirkətlərə icarəyə verilməsindən ibarət idi:
"Bu daha doğru qərar olardı və rəqabətli mühiti artırardı. Ola bilsin ki, “Naxçıvan” Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyinə verilməsi ilkin mərhələdir. Ehtimal var ki, bundan sonra AZAL tərəfindən həmin hava limanlarının xarici şirkətlərə icarəyə verilməsinə başlanılsın. Ən azından AZAL rəhbərliyinin belə bir yanaşması olub. Görüş zamanı Samir Rzayev bildirmişdi ki, ölkə ərazisindəki hava limanlarını xarici şirkətlərə məmnuniyyətlə icarəyə vermək istəyirik. Hətta, bununla bağlı danışıqlar gedir. Bu prosses həyata keçirilsə, ölkədə rəqabətlilik şəraitinin güclənməsinə səbəb olacaq".