Moskvadakı terror aktının arxasında hansı qüvvələr dayanır? - EHTİMALLAR

Dünən Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Bir neçə silahlı şəxsin binanın içərisində atəş açması nəticəsində çox sayda insan həlak olub. Terrok aktınının kim tərəfindən törədilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hadisənin arxasında Qərb izinin olduğu iddia edilir. İlkin ehtimallara görə hadisəni Qərb kəşfiyyatının köməyilə Ukrayna kəşfiyyatı edib. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı əlaqələrinin olmadığını vurğulayıb.  Bundan sonra İŞİD-in Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürməsi ilə bağlı “Al-Arabia” məlumat yaydı. Lakin terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi təsdiqlənmədi. Belə ki, bu barədə sözügedən qruplaşmanın rəsmi səhifələrində terror aktını öz üzərinə götürməsi barədə heç bir açıqlama verilməyib. 
Serbiya Prezidenti Aleksandar Vuçiç isə qeyd edib ki, martın 7-də Amerika səfirliyi vətəndaşları Moskvadakı ticarət mərkəzlərinə getməməyə çağırıb:
“Bu o deməkdir ki, onların xidmətləri müəyyən söhbətləri ələ keçirib və onlar bunun baş verəcəyini bilirdilər. İstənilən halda, bu, faciəvi bir hadisədir, nəticəsi ölçülməzdir. Biri deyəcək ki, islamçılar edib, kimsə deyəcək ki, Kiyev. Bəziləri hətta deyəcək ki, bunu Moskva özü edib”.

Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, bu terror şübhəsiz tək Rusiyaya qarşı yox, bütün insanlığa qarşı yönəlmiş hadisədir: 

“Terorun milləti yoxdur. Moskvada sadə insanların qətlinə yönəlmiş bu akt bizə bir daha terrorun gərçək üzünü göstərdi. Azərbaycan dünyada ən çox terrordan əziyyət çəkən ölkələrin başında gəlir. Biz illərlə böyük erməni terroruna qarşı mübarizə aparmışıq. “Crocus City Hall " Moskvanın ən elit əyləncə mərkəzlərin biridir. Rusiyanın ən dəbdəbəli memarlıq abidələrini dizayn etməklə məşhur olan Ağalarovlar ailəsi bu binanı çox gözəl, zövqlə inşa etmişdi. Çox təəsüf ki, artıq həmin binaya baxanda onlarla insanın acısı, itirdiyi yaxınları xatırlanacaq. Bu hadisə Moskvanın ən dəhşətli terror hadisələrindən biri kimi yadda qalacaq. Artıq ölənlərin sayı 100-ü keçib. Bu teror aktından əvvəl Qərb ölkələri xəbərdarlıq etmişdilər. Buradan iki sual meydana çıxır. 1) Qərb ölkələri bu teror hadisənin baş verəcəyi barədə hardan məlumat etmişdilər? 2) Niyə Rusiya dövləti bu xəbərdarlıq fonunda ciddi tədbirlər görmədi? Bu iki sualda hadisənin açılmasında önəmli bir məqamdır. Digər bir məsələ isə hadisənin törədilməsində İŞİD -in adının hallanmasıdır. Hadisəni törədən 6 nəfərdən 4-nün şəxsiyyəti artıq məlumdur və onların hamısının Tacikistan vətəndaşı iddia edilir. Həmin şəxslərin tacik olması hadisənin həqiqətəndə İŞİD tərəfindən törədildiyi ehtimalını artırır. Çünki Tacikistan radikal İslama qarşı ən kövrək ölkələrin başında gəlir. 90-cı illərin əvvəlində Tacikistanda bununla bağlı daxili savaş da olmuşdu. Uzun illər İmaməli Rahmon hökuməti radikal islamçıları nəzarət altında saxlasa belə görünür ki, onlar gizli şəkildə təşkilatlanırlar.  Əfqanıstandakı Taliban amili də özünü göstərir. Taliblər Əfqanıstanı tam nəzarət altına alırlar. Artıq Əfqanıstan fərqli qrupların əlində deyil. Buna görə də İŞİD və bu kimi qruplar Rusiya kimi nəhəng ölkədə gizlənməyi daha rahat hesab edirlər. Burda da təbii olaraq bir çoxlarının istifadəsinə girirlər. Hadisənin hansı dövlət tərəfindən təşkil edildiyini dəqiq deyə bilmərik. Ancaq bu hadisə rus xalqının Putinin ətrafında daha sıx birləşməsinə və Rusiyanın Ukraynada daha sürətli hərbi əməliyyat aparılmasına səbəb olacaq. Ukrayna cəbhəsində yaxında dəhşətli döyüşlərin şahidi olacağıq. Düşünürəm ki, eyni zamanda Rusiya KTMT - nin üzvləri ilə birlikdə Tacikistan dövlətinin iradəsi əsasında bu ölkədə terrorçu qüvvələrə qarşı geniş əməliyyat keçirməlidir. Əks halda belə hadisələrin sayında artım ola bilər”.