"Qərbin siyasi dəstəyi İrəvanı müharibə ritorikasına yönəldə bilər"  - TƏHLİL 

"Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycanda cəmlənir. Avropanın enerji təhlükəsizliyi Bakı tərəfindən dəstəklənir. Qərb dünyasından hansısa yardımı görmüşükmü?

ABŞ Dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistan baş naziri arasında keçirilən görüşün nəticələri müzakirə olunmaqdadır. Görüşün görünən tərəfləri ilə yanaşı, pərdəarxası məqamlarının da olması istisna edilmir. İlk növbədə vurğulanmalıdır ki, Ermənistan mediasının həddindən artıq şişirtməyə çalışdığı Brüssel görüşü sönük olmaqla yanaşı, diqqətləri də özünə cəlb edə bilmədi, ajiotaj doğurmadı. Görüşlə bağlı bəyanatlar da bunu deməyə əsas verir. Ermənistan üçün sevindirici məqam Qərbin vəd etdiyi "nəzir payı"dır. ABŞ və Aİ ən yüksək səviyyədə Azərbaycanı əmin edirlər ki, Ermənistanla bağlı həyata keçirilən tədbirlər Azərbaycana qarşı yönəlməyib. 

Amma bu iddiaların Bakını qane etməməsi üçün ciddi əsaslar var. ABŞ və Avropa İttifaqının Azərbaycana verdiyi vədlərə sadiq qalıb-qalmayacağını zaman göstərəcək. Xatırladaq ki, Brüssel görüşündən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşün təfərrüatlarını müzakirə etdilər. Prezident həm Amerika, həm də Avropa rəsmisinə Azərbaycanın qəti mövqeyini çatdırdı və regional inklüzivliyin vacibliyini vurğuladı. Şübhəsiz, xüsusi vurğulamaq lazımdır ki, Bakı ilə məsləhətləşmələrin aparılması Azərbaycanın, ələlxüsus Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Rəsmi Bakı açıq bəyan etdi ki Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər birtərəfli və qərəzli xarakter daşıyır, ikili standart yanaşmasına əsaslanır. Üçtərəfli görüşlə bağlı Rusiya və Türkiyə rəsmiləri də narahatlıqlarını ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə İrəvanı açıq şəkildə milli maraqları satmaqda ittiham edib. Bildirib ki, Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir: "Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir. Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır". Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da vurğulandı ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq: "Azərbaycanın iştirakını nəzərdə tutulmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq". Rəsmi Ankara üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: "Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək". Eyni zamanda Prezident İlham Əliyev Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirdi ki, Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Dövlət başçısı qeyd etmişdi ki, Qərb nümayəndələri üçtərəfli görüşün Azərbaycanın əleyhinə olmadığını desələr də, məlum görüşün Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bəllidir. Göründüyü kimi sözügedən görüşün regionda sülh və sabitlik üçün təhlükə olduğunu yalnız Azərbaycan deyil, region ölkələri də qəbul edir. Aİ-Ermənistan-ABŞ müştərək konfransının qərəzli xarakter daşıdığı göz qabağındadır. Ermənistan da anlamalıdır ki, Qərbin ikili standartları dünyanın hələ heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. 


Millət vəkili Aydın Mirzəzadə "Şərq"ə açıqlamasında deyib ki, Qərbin müəyyən dairələri Ermənistanın mahiyyətini tam görə bilmirlər, yaxud görsələr də buna rəğmən, İrəvana dəstəklərini davam etdirirlər. Deputat vurğulayıb ki, Qərbin Ermənistana verəcəyi maliyyə yardımının gələcəkdə Ermənistanın silahlanmasına sərf olunmayacağına heç kim təminat verə bilməz: 

"Qərb anlamalıdır ki, Ermənistana verilən siyasi dəstək İrəvanı yenidən aqressiyaya, müharibə ritorikasına yönəldə bilər. Nəzərə alaq ki, məhz Brüsseldə keçirilən üçtərəfli görüş günü erməni tərəfi Azərbaycan-Ermənistan şərti sərhədində təxribat törətdi, mövqelərimizi atəşə tutdu. Səbəbi odur ki, Ermənistan arxasında siyasi dəstək gördü və ruhlandı. Digər yandan, əgər söhbət Ermənistanın iqtisadi problemlərini həll etməkdən gedirsə, niyə bənzər dəstəyi Azərbaycana vermirlər? Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycanda cəmlənir. Avropanın enerji təhlükəsizliyi Bakı tərəfindən dəstəklənir. Ölkəmiz dünyada böyük nüfuza malikdir və Azərbaycanın addımları qlobal stabilliyin möhkəmlənməsinə yönəlib. Buna baxmayaraq, işğaldan azad olunan zonalarda bərpa-quruculuq işlərinə Qərb dünyasından hansısa yardımı görmüşükmü? Təbii ki, görməmişik. Çox demirəm, bir kəndin inşasını boyunlarına götürsünlər. Yaxud, Qazaxıstan, Özbəkistan kimi Qarabağda bir məktəb tiksinlər. Azərbaycan görüşlə bağlı etirazını dilə gətirirsə, deməli haqlı səbəblərimiz, narahatlığımızın əsası var".

Parlament üzvü bir məqama da toxunub və Qərbin qərəzli yanaşmasına diqqət yönəldib: 

"Ötən gün Avropa Birliyinin rəsmiləri bildirdilər ki, Ermənistana "ölüm saçmayan" silahların verilməsi qərara alınıb. İstənilən halda silahlar ölüm deməkdir. Avropa Birliyi belə bəyanatla kimi aldatmağa çalışır? Ermənistana siyasi dəstəyin verilməsi, ardıcıl silahlandırılması, bu ölkənin "demokratiya nümunəsi" kimi göstərilməsi İrəvanı yenidən münaqişəyə sürükləyə, özlərinə aid olmayan ərazilərə iddia etmələrinə səbəb ola bilər. Hesab edirik ki, Ermənistanı ilk növbədə beynəlxalq hüquq normalarına uyğun hərəkət etməyə çağırmaq lazımdır, nəinki İrəvanın ünvanına təriflər yağdırmaq..".