"Bu danışıqların təsirini nə çox şişirtməyə, nə də əksiltməyə ehtiyac var. Ermənistanı gücləndirən heç bir təşəbbüs lehimizə deyil"
Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan rəhbərliyi arasında keçirilən üçtərəfli görüşdən sonra Cənubi Qafqaz uğrunda mübarizənin açıq müstəviyə keçdiyi vurğulanır. Region uğrunda Qərbin Rusiya ilə mübarizə meydanı isə Ermənistandır. Hazırda İrəvan hökuməti Qərbin Rusiyaya qarşı Cənubi Qafqazda "proksi qüvvəsi" rolunda çıxış etməkdədir.
Əslində, bu, ABŞ və Qərbin yeni taktikası deyil. Qərb bu taktikanı Ukrayna üzərindən reallaşdırır, savaşı isə kənardan müşahidə edir. Təxminən oxşar senarinin bölgəmiz üçün də yazıldığı deyilir. Görünür, Ukraynanın funksiyaları Ermənistana həvalə edilir. Qərb Ermənistanı müxtəlif yollarla silahlandırır, Rusiyanın təsiri altındakı qurumlardan, xüsusilə KTMT və Avrasiya İqtisadi İttifaqından rəsmən çıxmasını tələb edir, bunun əvəzi olaraq maliyyə yardımı, təhlükəsizlik qarantiyası vədini verir. Bir sıra şərhçilərə görə, Paşinyan hakimiyyəti Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından rəsmən çıxdığını bəyan edərsə, Moskva dərhal hərəkətə keçəcək. Bu isə Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək. Hazırda İrəvanın atdığı addımlardan aydın olur ki, Ermənistanın hakim siyasi dairələri nə qədər təhlükəli oyunda alətə çevrildiklərini dərk etmirlər. Rəsmi Bakı məhz bu məqamları gündəmə gətirərək Qərbin oyunlarına diqqət çəkir, Ermənistan rəhbərliyinin təhlükəli sularda üzdüyünü diqqətə çatdırır.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, Brüssel görüşünün təsirini nə çox şişirtməyə, nə də əksiltməyə ehtiyac var. Ekspert vurğulayıb ki, Ermənistanı gücləndirən heç bir təşəbbüs lehimizə deyil:
"Bizə məğlub olaraq zəifləmiş, diplomatiyada meydanda təklənmiş bir Ermənistan lazımdır ki, haqlı tələblərimizin qəbul ounması şərtilə sülh prosesi sürətlənsin. İndi müzakirə olunan bir çox məsələlər, o cümlədən anklav kəndlərin qaytarılması üçtərəfli bəyanatla bağlı erməni və rus mediasının yaydığı ilkin xəbərlərdə də keçirdi. Lakin bir müddət Rusiyanın erməni ictimai rəyində özünə bəraət qazanmaq naminə birmənalı olmayan yanaşması prosesi uzutmaq üçün rəsmi İrəvana fürsət yaratdı. İndi qeyri-adi plan kimi Aİ və ABŞ tərəfindən dəstəklənən “Sülh qovşağı” planı da yeni deyil. Bütün kommunikasiyaların, o cümlədən həm Mehri, həm də Gorus üzərindən Naxçıvana yol açılması ilə bağlı müzakirələr 2000-ci illərdə də müxtəlif həll planlarında yer alırdı. Amma 20 il sonra da reallaşmadı. Ermənistan bu planları hər dəfə müxtəlif bəhanələrlə yerinə yetirməkdən boyun qaçırdı. İndi “Sülh qovşağı” ideyasının gündəliyə gətirilməsinin səbəbi Azərbaycanın Zəngəzur dəhlizi açılmazsa, yük və sərnişin daşımalarını İrandan keçəcək Araz yolu vasitəsilə icra olunacağı haqda bəyanat verməsinin, bu sahədə müvafiq anlaşmalar imzalamasının və dərhal da sazişlərin icrası üçün addımlar atmasının nəticəsdir".
Analitik bununla yanaşı Brüssel görüşünün böyük təsiri olacağını gözləmir:
"Görüş Ermənistandan daha çox, Nikol Paşinyan hökumətini xilas etmək üçündür. Brüssel görüşü ərəfəsi keçirilmiş sorğulara görə, Paşinyanın reytinqi 17 faizdən daha çox deyil. Krım müharibəsi ərəfəsi Ukraynada da mövcud hakimiyyət böhranı var idi. Hökumətin reytinqi 15 faizdən də aşağı idi. Faktiki olaraq dövlətə və ümumən üzdə olan siyasətçilərə etimad boşluğu müşahidə olunurdu. Belə halda ölkəyə xarici müdaxilə də asanlaşır. Ya da tam fərqli bir qüvvənin hakmiyyətə gəlməsi baş verməlidir. Görünür, Qərbdə hesab edirlər ki, indi Paşinyanın və ümumən guya Qərb yolunu seçdiyini bəyan etmiş erməni dövlət aparatınn nüfuzunu xilas etməyə ehtiyac yaranıb. İntəhası, göstərilən yardımlar elə miqdarda deyil ki, bu, Ermənistanda iqitisadi və ya hərbi möcüzə yaratmağa imkan yaratsın. Yardımların bir hədəfi də Qarabağı kütləvi şəkildə tərk etmiş erməni sakinlərin məskunlaşdırılması ilə bağlıdır. Bəllidir ki, onların statusu mübahisəlidir, köçkün və ya qaçqın olması bilinmir. Üstəlik, o icma keçmiş hakimiyyət (Robert Kocaryan-Serj Sarkisyan) tərəfindən Paşinyan iqtidarına qarşı təzyiq qrupu kimi istifadə olunur. Tavuş və Zəngəzur istiqamətində son gərginliklərdə də onlarda istifadə olunmuşdu. Paşinyan hökumətinə qarşı mümkün geniş etiraz aksiyalarının əsas hərəkatverici qüvvəsi də bu icma ola bilər. İndi onlarla bağı hansısa layihər icra edilib, sosial narazılıqlarının siyasi etirazlara çevrilməsinin qarşısı alınacaqsa, buna pozitiv yanaşmaq lazım gəlir. 1988-ci ildən sonra Ermənistandan qaçqın düşmüş soydaşlarımızla bağlı da Mərkəzi hökumət (Moskva) hansı güzəştlər vəd verirdi. Yəni bu layihələr məğlub tərəfi öz taleyi ilə barışdırmaq məqsədi güdə bilər".
C.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın haqlı etirazlarının görüş ərəfəsi nəzərə alınması, ABŞ dövlət katibinin və Avropa Komissiyası prezidentinin Azərbaycan prezidentinə izah xarakterli zəngləri tam arxayınlıq yaratmasa da, rəsmi Bakının mövqeyinin nəzərə alınmasının təsdiqidir:
"Üstəlik, regiona yad qüvvələri buraxmayacağını bəyan etmiş İran və Rusiya üçün bir çağırış var. Buyurub, bəyanatlarının havaya atılmış söz olmadığın sübut etsinlər. Xüsusən, İran yad qüvvələrin bölgəyə gəlməsini öz “qırmızı xətti” elan etmişdisə, indi bu xəttin tapdanmasına biganə qalmamalıdır. Azərbaycana gəlincə, indi Ermənistanın nail olmaq istədiklərinə biz onsuz da nail olmuşuq. Ordumuz NATO standartlarına keçilir, təhlükəsizliyimizə NATO ölkəsindən - Türkiyədən qarantiya almışıq. Silah arsenalı - NATO (Türkiyə) və İsrail vasitəsilə yenilənir. İqtisadi əməkdaşlığımızın əsas hissəsi da məhz Qərb ölkələrinin payına düşür. Lakin biz regionumuzun qarşıdurma məkanına çevrilməsini arzulamırıq. Yalnız NATO-Rusiya qarşıdurmasına deyil, indi Qərb bloku daxilində qarşıdurmanın da regionumuza daşınmasına qarşıyıq. Hərçənd, senarinin məhz bu cür cərayan edərək Rusiyaya ikinci cəbhə açılmasınadək inkişaf edəcəyi ehtimalı zəifdir".