Yeni təyin olunan hakimlər sırasında gənclərin sayının artması müsbət haldır
Prezidentin 04 aprel 2023-cü il tarixli Sərəncamı ilə İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin olunmasından
1 il ötdü. Cəmi 1 il ərzində bir sıra intitusional məsələləri kökündən dəyişən məhkəmə-hüquq islahatları aparıldı. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda mütərəqqi islahatlar aparıldığı xüsusi olaraq vurğulandı. Məsələn, Avropa Şurası Nazirlər Komitəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamentinin Azərbaycanla bağlı son hesabatında Azərbaycan Respublikası qanunvericiliyində Məhkəmə-Hüquq Şurası ilə bağlı və digər dəyişikliklər yüksək qiymətləndirilərək qeyd edilir ki, “Son 1475-ci iclasında Avropa Şurası Nazirlər Komitəsi bu qrupdakı çağırışlarına və Məhkəmə-Hüquq Şurasının tərkibi ilə bağlı GRECO tövsiyələrinə cavab verən son dəyişiklikləri alqışladı”. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son hesabatında da müvafiq məhkəmə-hüquq islahatlarının müsbət qiymətləndirildiyi xüsusi olaraq təsbit edildi. Qeyd edək ki, 2023-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən sonra Məhkəmə-Hüquq Şurasının 9 hakim (hər məhkəmə instansiyasından 3 hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində 1 üzvü Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir. Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən digər dövlət strukturlarından və yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir. Ötən il Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşdırıldı. Ali Məhkəmənin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçildi. Məhkəmə-Hüquq Şurasına yeni Aparat rəhbəri təyin edildi. Qısa müddətdə məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr təşkil edilərək hakimlərin seçilməsi, təyinatından tutmuş, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam və ümumi işin təşkilinədək çoxsaylı mütərəqqi yeniliklərə imza atıldı. Ciddi qanunçuluq və prinsipial şəffaflıq tələbləri əsasında nümunəvi qiymətləndirilən mühüm kadr təyinatları baş tutdu. Qeyd edək ki, Ali Məhkəməyə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub. Onları kollektivə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov təqdim edib. Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub. Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş verib. Azərbaycan məhkəmə sistemi ciddi nailiyyətlər əldə edib. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi vurğuladığımız kontekstdə hüquqi baza rolunu oynadı. Bununla müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatının əsası qoyuldu. 1996-cı il 21 fevralda xüsusi sərəncamla Hüquqi İslahat Komissiyasının yaradılması mühüm addım oldu. Komissiya peşəkar səviyyədə müasir qanunlar və digər hüquqi aktların hazırlanaraq qəbul edilməsi istiqamətində fəaliyyət göstərməyə başladı. Komissiya tərəfindən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar hazırlandı. Ölkədə birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli məhkəmə sistemi formalaşdırıldı. 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanıb ki, bu da 3104 məhkumun azadlığa çıxmasına imkan yaradıb. Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul etmişdi. Nəticədə həmin müddətdə 20 mindən çox məhkum azadlığa buraxılmışdı. Azərbaycan müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirilmişdi.
Prezident İlham Əliyev Ulu Öndərin kursunu davam etdirərək, müasir tələblər çərçivəsində məhkəmə sistemində islahatları daha da dərinləşdirir və yeni səviyyədə səmərəli edir. Kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər özünü göstərir. Hüquqi dövlətdə məhkəmə sisteminin səmərəli olması çox vacib şərtdir.
İslahatlar daxilində artıq Mülki-Prosessual Məcəlləyə 350-dək dəyişikliklər edilib, o cümlədən sadələşdirilib və yazılı icraat genişləndirilib. Məhkəmə proseslərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumlarının diferensiasiyasının tətbiqi də diqqət çəkən faktlardandır. Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində məhkəmə sistemi sahəsində əhəmiyyətli institusional tədbirlər görülüb. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması da bu bağlılıqda çox önəmli addımdır. Çünki bu fakt ümumilikdə elektron hökumətin fəaliyyətinin genişləndirilməsində, kadr seçimi ilə bağlı daha obyektiv və əsaslı qərarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirib.
Ekspertlər də qeyd ediblər ki, Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi kimi ciddi vəzifələr müəyyənləşdirilib. Bu normativ hüquqi akt məhkəmə-hüquq islahatlarının yeni mərhələsini başladıb, ötən dövr ərzində isə islahatlar keyfiyyətcə tamamilə yeni dövrə qədəm qoyub.
Millət vəkili Tahir Kərimli son dövrlər Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatları çox müsbət qiymətləndirib. O, yeni təyin olunan hakimlər sırasında gənclərin sayının artmasını müsbət hal kimi dəyərləndirib: "Bizim gələcəyimiz gənclərdən asılıdır. Yeni təyin olunan hakimlər sırasında gənclərin olmasına çox yaxşı baxıram. Amma əlbəttə ki, önəmli olan onların bacarığı, hüquqi düşüncəsi, eyni zamanda təcrübəsidir. Yəni bu, gənclərin təmsil olunması xətrinə olmamalıdır. Deputat həmçinin son dövrlər məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin artmasına da münasibət bildirib: "Bu, müsbət haldır. Hakimlərin müstəqilliyinin ən yaxşı göstəricilərindən biri məhz bəraət hökmləridir. Lakin bu, kifayət deyil. Hələlik bəraət hökmlərinin sayı lazımi səviyyədə deyil. Hakimlər daha ürəkli olmalıdır".
Hüquqşünas Əkrəm Həsənov da vurğulayıb ki, bir il əvvəl İnam Kərimovun Ali Məhkəmənin yeni sədri təyin olunması ilə ölkədə real məhkəmə-hüquq islahatları başlandı. Ekspertin sözlərinə görə, söhbət yalnız Ali Məhkəmənin qərarlarının keyfiyyətinin artmasından getmir:
"Halbuki bu da çox önəmlidir. Verilən qərarlar daha əsaslı, vahid mahiyyətli və elmi olmağa başlayıb. Təbii, problemlər hələ də var, amma təkmilləşmə göz qabağındadır. Eyni zamanda qərarlar üzrə axtarış sistemi də təkmilləşib. Amma əsas məsələ odur ki, bütövlükdə məhkəmə sisteminin idarəçiliyində müsbət tendensiya var. Məhkəmə hakimiyyəti daha müstəqil olub, daha Ədliyyə Nazirliyindən asılı deyil. Ötən ilədək Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri idi. Bu da məhkəmə hakimiyyətini icra hakimiyyətindən asılı vəziyyətə salmışdı. İnam Kərimov həmçinin Məhkəmə-Hüquq Şurasının sədri olduqdan sonra bu asılılığa son qoyuldu. Hazırda Ədliyyə Nazirliyi məhkəmə sisteminin işinə qarışmır. Bu model yeni hakimlərin təyinatında da önəmli rol oynayır. Yeni təyinatlar əvvəlkilərdən müsbət mənada fərqlənir. Təbii ki, kadr məsələsi çox vacibdir. Bu baxımdan Ali Məhkəmənin özündə də yenilənmə qaçılmazdır və bu prosesə də artıq başlanılıb. Aprelin 5-də Ali Məhkəməyə müsbət nüfuza malik iki yeni hakim təyin olundu. Məsələn, onlardan biri - Aidə Hüseyn neçə ildir ki, Bakı Apellyasiya Məhkəməsinin ən savadlı və dürüst hakimlərindən biri kimi tanınır. Eyni zamanda Ali Məhkəmənin Konstitusiya Məhkəməsi ilə səlahiyyətlərinin düzgün bölünməsi də nəhayət baş verdi. Son illər ərzində Konstitusiya Məhkəməsi faktiki olaraq növbəti instansiya məhkəməsinə çevrilmişdi. Ali Məhkəmənin qərarlarını yeri gəldi-gəlmədi ləğv edərək, işləri illərlə uzadırdı. Ötən ilin iyul ayından Konstitusiya Məhkəməsi, bir qayda olaraq, yalnız qanunlara şərh verməklə məşğul olmalıdır. Beləliklə, hazırda məhz Ali Məhkəmə məhkəmə-hüquq sisteminin əsas fiquruna çevrilib. Qeyd edilənləri nəzərə alsaq, məhkəmə-hüquq sisteminin gələcəyi nikbin görünür".