Bu gün biz Ukraynaya mühüm hava hücumundan müdafiə sistemini modernləşdirmək üçün 138 milyon dollar ayırmaq barədə saziş imzaladıq.
Bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brinkin deyib.
Onun sözlərinə görə, maliyyə Rusiyanın enerji şəbəkəsinə və Ukrayna xalqına qarşı davam edən hücumları zamanı Ukraynanın hava hücumundan müdafiə sistemlərini işlək vəziyyətdə saxlamağa kömək edəcək.
Səfirin fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az” vurğulayıb ki, Bayden İqtidarı hakimiyyətinin seçkiyə qədər olan mərhələsində öz xarici siyasət proritetlərini dəyişmək istəmir:
“Bunun başlıca faktorlarından biri Ukraynaya dəstək verilmə məsələsinin israrla qabardılmasıdır. ABŞ konqresi administrasiyanın verdiyi dəstək paketini təsdiqləməsə də, Bayden İqtidarı fərqli yollara əl ataraq yardımları davam etdirməkdə qərarlıdır. Rusiya aviasiyası kifayət qədər güclüdür və Ukrayna ordusunun əsas hərbi-texniki bazalarını sıradan çıxarmaq iqtidarındadır. Ona görə də sözügedən yardım çətin vəziyyətdə olan Ukrayna ordusunun daha pis vəziyyətə düşməsinin qarşısını almağa hesablanıb”.
Ekspert bildirib ki, əgər 138 milyon dollar doğru şəkildə istifadə edilsə, Ukrayna ordusunu yenidən gücləndirmək baxımından effektiv nəticə verə bilər:
“Amma Rusiyaya qarşı tam şəkildə nəticə əldə etmək üçün 200-300 milyon dollar kifayət deyil. Müharibədən ötən illər ərzində həmin məbləğ həcmində Ukraynaya yardımlar ayrılıb, amma Rusiya ordusunu dayandırmağa kifayət etməyib. İndi Ukraynanın daha irimiqyaslı yardımlara ehtiyacı var. Amerika administrasiyasının bu yardımları sadəcə olaraq seçkilərə qədər prosesi uzatmağa hesablanıb. Eyni zamanda seçkilərdən sonra yeni administrasiyanın kim olmasından asılı olmayaraq dövlət siyasətini eyni cür davam etdirməsinə atılmış addımdır”.