Ermənistan hökuməti diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə olaraq Böyük Britaniyaya hərbi attaşe təyin etməklə bağlı qərar qəbul edib.
Bu barədə Ermənistan hökumətindən məlumat verilib.
“Böyük Britaniyada Ermənistanın hərbi attaşesinin olması zərurəti iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olması və Londonun son vaxtlar əməkdaşlığın dərinləşməsinə göstərdiyi böyük maraqla bağlıdır”, - məlumatda qeyd olunub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Emil Həsənli bildirib ki, Ermənistan dövləti Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qərbə doğru üz tutub:
“Hərbi və siyasi əməkdaşlığı Qərb ölkələri ilə həyata keçirir. Paşinyan bu sahadə ilk təmasları Fransa ilə etdi. Ermənistan rəsmi Parisdən silahlar almağa başladı. Əvvəllər yeganə silah aldığı ölkə Rusiya idisə, artıq rəsmi İrəvan yeni alternativlər axtarır. Ermənistan Qərblə paralel olaraq İran və Rusiyayla da əməkdaşlığını davam etdirdi. İndi isə seçim etməlidir. Paşinyanın Qərbə yönəlik siyasəti Ermənistan üçün yaxşı heç nə vəd etmir. Rusiya Ukraynanı cəzalandırdığı kimi Ermənistanla bağlı da belə addımlar atacaq. Qərb dövlətləri Paşinyanı hakimiyyətə gətirib ki, öz maraqlarını Ermənistanda həyata keçirə bilsinlər”.