BMT-nin baş katibi: “Nə region, nə də dünya yeni müharibələrə dözə bilər”

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxışında Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün İran və İsraili maksimum təmkinli olmağa çağırıb.

Sherg.az xəbət verir ki, BMT-nin baş katibi Quterreş İsrailin çağırışı ilə təcili toplanan BMT TŞ-dəki çıxışında Yaxın Şərqdə artan gərginliyin region və dünya üçün təhlükəli olduğuna diqqət çəkib.

"Hazırda təmkin və gərginliyin azaldılması zamanıdır." Quterreş açıqlamasında İranın hava zərbələri ilə bölgədə gərginliyi daha da artırmasını pislədiyini qeyd edib. 

İsrailin İranın Dəməşqdəki diplomatik nümayəndəliyinə edilən hücumu pislədiyini xatırladan Quterreş, “Yaxın Şərqdə bir çox cəbhədə hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı addımdan çəkinmək lazımdır”- qiymətləndirməsini edib.


Digər tərəfdən, Qəzzada humanitar böhranın getdikcə artdığını və bölgədə təcili atəşkəsin labüdlüyünü vurğulayan Quterreş, hər kəsin həm girovları azad etmək, həm də bölgəyə humanitar yardım çatdırmaq üçün məsuliyyət daşıdığına işarə edib.

Quterreş çıxışının sonunda “Nə region, nə də dünya yeni müharibələrə dözə bilər” deyib.