Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.
“Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”, - Azərbaycan dövlət başçısı vurğulayıb.
Beləliklə, bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
AĞ PARTİYA sözçüsü, siyasi təhlilçi Cavanşir Abbaslı “Sherg.az”a açıqlamasında bildirib ki, səfər olduqca müsbət bir haldır:
“Nəzərə alsaq ki, İlham Əliyevin Moskva gedişi Putinin rəsmi dəvəti ilə baş tutub, bu səfərə əlavə bir rəng qatır.Rusiya regionun ən böyük nəhəngidir. Bu dövlətlə hər zaman münasibətlərə xüsusi önəm verilməlidir və Azərbaycan tərəfi bunu çox yüksək formada həyata keçirməkdədir. Təbii ki, bu səfərdə Ermənistan-Azərbaycan arasındakı sülh danışıqları mütləq şəkildə müzakirə olunacaq. Moskva heç bir halda bu proseslərdən kənarda qalmaq istəmir. Eyni zamanda, günlər öncə həyata keçirilən rus sülhməramlılarının ərazilərimizi tərk etməsi və onun ardınca Qazaxın dörd kəndinin Azərbaycanın nəzarətinə keçməsi də müzakirələr sırasında olacaq. Hesab edirəm ki, biz sülh danışıqları yolunda bəlkə də, qarşıdakı günlərdə yaxud qarşıdakı zamanda bu səfərin tarixi önəmini çox yaxından görəcəyik”.
Ekspert bildirib ki, rəsmi Bakı hər zaman balanslı siyasətə üstünlük verib:
"Səhəri gün Amerikadan, yaxud elə Fransanın özündən və başqa bir Avropa ölkəsindən rəsmi dəvət gəlsə, dövlət başçısı qəbul edəcək".
Cavanşir Abbaslı indiki vaxtda Azərbaycan-Rusiya münasibətlərini ən yüksək səviyyədə olduğunu qeyd edib:
“Azərbaycan və Rusiya bu regionun elə ölkələrdir ki, onlar arasında dönəm-dönəm münasibətlərdə eniş də yaşana bilər. Ancaq bu uzun müddət davam edə bilməz. Çünki, hər iki ölkənin bir-birinə böyük ehtiyacı var. İndiki dönəm də həmin mərhələnin bir çərçivəsi sayıla bilər. Bu əlaqələr hər zaman yüksək səviyyədə olmalıdır. Bunu da Azərbaycan siyasi rəhbərliyi çox yaxşı anlayır. Mən hər zaman demişəm, Rusiyasız sülh danışıqları əldə edilməyəcək. Təəssüflər olsun ki, bu belədir. Onun üçün də, bu ölkə ilə münasibətlərimiz hər zaman yüksək olmalıdır. Bunu da Azərbaycan Ali Baş Komandanı çox ustalıqla həyata keçirir. Bu siyasət hər kəs tərəfindən təqdir olunmalıdır. Biz Amerikasının da, Fransasının da Qarabağ məsələsində bizə qarşı olan mövqeyinin şahidi olmuşuq, indi də olmaqdayıq. Bu dövlətlərin ona görə adlarını xüsusi çəkirəm ki, Rusiya ilə yanaşı ATƏT Minsk qrupunun digər həmsədr ölkələridir. Bizim yolumuz qardaş Türkiyəmizi yanımıza alıb, yolumuza davam etməliyik. Onu da nəzərə alsaq ki, hazırda Türkiyə-Rusiya münasibətləri ən yüksək dövrünü yaşayır, demək bizim də rəsmi Moskva ilə əlaqələrimizin mövcud durumu davam etdirilməlidir".