Bu qərəzli iddialar ancaq ikitərəfli münasibətlərə zərbə vura bilər
ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində yenə qərəzli, düzgün olmayan mövqe əks olunub. ABŞ-ın bu cür hesabatları real vəziyyəti əks etdirməkdən çox digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. ABŞ müstəqil xarici və daxili siyasət yürüdən dövlətlərə qarşı total hücumlara start verib. Onun belə addımlarından biri də növbəti dəfə anti-Azərbaycan “hesabat”la çıxış etməsidir.
Dövlət Departamentinin əvvəlkilərin təkrarı olan bu "sənəd"i nəinki reallığı əks etdirir, əksinə qərəz və ziddiyyətlərlə doludur. Bu “hesabat” əslində Azərbaycana qarşı təzyiq, qərəz və ayrı-seçkilikdən başqa bir şey deyil. Məsələn, əsassız iddialarla yanaşı, ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları ilə bağlı faktlar nədənsə yada düşməyib.
Amerikanın növbəti anti-Azərbaycan siyasətini “Sherg.az”a dəyərləndirən politoloq Aytən Qurbanova bildirib ki, ABŞ-nın “insan hüquqları” və “demokratiya” kimi universal dəyərlərdən təzyiq vasitəsi olaraq istifadə etmə ənənəsi artıq heç kəsdə təəccüb yaratmır:
“Təəssüflər olsun ki, bu tendensiya uzun müddətdir Amerikanın və ümumilikdə birləşmiş Qərbin “siyasi təzyiq” vasitəsi olaraq istifadə edilir. Azərbaycana münasibətdə də bu tendesiya xüsusilə son dövrlərdə davamlı xarakter almağa başlayıb. Heç şübhəsiz ki, Azərbaycanın uğurlu diplomatik addımları fonunda bütün əsassız iddiaların öz əhəmiyyətini itirdiyi bir mərhələdə bu hesabatların etibarlılıq göstəricisi də eyni nisbətdə önəmini itirmiş olur. Təbii ki, heç bir rəsmi məlumatlara və real vəziyyəti təcəssüm etdirən qərəzsiz mənbələrə istinad etmədən qeyri-peşəkar yanaşmalar əsasında hazırlanmış belə iddialar ancaq ikitərəfli münasibətlərə zərbə vura bilər. Digər tərəfdən isə belə qərəzli çıxışlar zəminində tərtib olunmuş “hesabatlar” bir daha ABŞ-nin məkrli Cənubi Qafqaz siyasətinin imperialist maraqlara əsaslandığını və bu maraqların Azərbaycana münasibətdə ədalətsiz mövqeyin formalaşdırılmasını hədəflədiyini aydın şəkildə ifadə edir”.