“Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər"
Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu iclası keçirilib. Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib. Həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib. Parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən bəzi qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb. Bunlar “Hərbi qulluqçuların statusu haqqında” və “Ali təhsil haqqında” qanun layihələridir.
Plenar iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif olunur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
"2023-cü iln dövlət büdcəsinin icrası ilə qarşıya qoyulan hədəflərə nail olunub"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, aparılan müzakirələr və təhlillər 2023-cü iln dövlət büdcəsinin icrasının qarşıya qoyulan hədəflərə nail olunduğunu deməyə imkan verir: "Eyni zamanda, təqdim olunmuş sənədləri müzakirə edərkən, bu qənaətə gəlirik ki, büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası üçün mövcud qanunvericilik bazasının təkmilləşməsinə və ya yeni, daha çevik büdcə alətlərinin yaradılmasına, maliyyə intizamının daha da gücləndirilməsinə, büdcə təşkilatlarının planlaşdırma və hesabatlıılıq davranışlarının təkmilləşdirilməsinə və bu məqsədlərə xidmət edən texniki həllərin tətbiqinə ehtiyac vardır. Xüsusilə də, büdcə xərclərinin icrasının səmərlilik və nəticəlilik əsasında qiymətləndirlməsi, gəlirlərinin isə potensiala daha yaxın planlaşdırılması üçün daha çevik və yeni yanaşmalara ehtiyac vardır. Dövlət büdcəsinin icrası prossesində müşahidə olunan faktlar bu qənaəti daha da gücləndirir".
"Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır"
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır. Komitə sədri bildirib ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır: “Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”. F.Mustafa, eyni zamanda publik hüquqi şəxslərlə bağlı məsələdə ciddi islahata ehtiyac olduğunu deyib: “Düşüncə dəyişməlidir. 2022-ci ildə 40 publik hüquqi şəxs yaradılıb və bunun üçün 442 milyon manat vəsait ödənilib. Bunun iqtisadi mahiyyəti dövlətin büdcə yükünü azaltmaqdır. Amma əksinə, get-gedə büdcə yükü artır. Demək ki, bu sistemin yaradılmasının məqsədəuyğunluğuna bir daha baxılmalıdır. Dövlət sifarişlərinin əksəriyyətinin öhdəliklərini publik hüquqi şəxslər yerinə yetirə bilmirlər”.
"Qeyri-stabil qlobal mühitdə Azərbaycanda makroiqtisadi sabitlik təmin edildi"
Deputat Naqif Həmzəyev deyib ki, keçən il qeyri-stabil qlobal mühitdə Azərbaycan barmaqla sayıla biləcək ölkələrdən oldu və makroiqtisadi sabitlik təmin edildi və bütün dünyanı cənginə alan inflyasiya ölkəmizdə minimum göstəricilərlə özünü göstərdi. Deputat qeyd edib ki, 2023-cü ildə dövlət büdcəsinin yönəldiyi prioritet istiqamətlərdən biri işğaldan azad edilmiş torpaqlarda yenidənqurma prosesi, Böyük Qayıdışın sürətləndirilməsidir: “Biz bütün bu prosesi öz dövlət büdcəmiz hesabına maliyyələşdiririk və icra edirik. Digər tərəfdən, 2030-cu ilə qədər elektrik enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəfləndiyindən, bu istiqamətdə dövlətlə birlikdə özəl sektorun investisiyaları və birgə layihələri böyük rola malikdir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi üzrə layihələr bu kimi addımlardandır. Enerji istiqamətində sonuncu layihələrdən Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və Su Elektrik Stansiyalarının tikintisi enerji, kənd təsərrüfatı, suvarma problemi kimi bölgəni yaxından maraqlandıran bir sıra problemləri əhatə edəcək və bu kimi layihələr xüsusilə də enerji və su çatışmazlığı probleminə həll yolu olacaq”.
"Hökumət Ödəniş Portalının ləğvi mikro sahibkarlığa mənfi təsir edib"
Deputat Zahid Oruc deyib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Hökumət Ödəniş Portalının (HÖP) ləğvi mikro sahibkarlığa mənfi təsir edib. Onun sözlərinə görə, yeni sistemdə əsas problem vergi ödənişi zamanı böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır: "İkincisi, ödəniş etdikdən sonra arxivi tapmaq mümkün olmur". Z.Oruc qeyd edib ki, əhalinin orta təbəqəsini yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir: “Müqayisə üçün, ekspertlərin mövqeyi maraq doğurur. Gürcüstan ərazisi Azərbaycanın ərazisindən 19,5 %, əhalisi isə Azərbaycan əhalisindən 2,7 dəfə azdır. Azərbaycan Gürcüstana ixrac etdiyindən 5,5 dəfə çox ərzaq məhsulları idxal edir. Belə ki, Azərbaycan Gürcüstana 13 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları ixrac etdiyi halda, həmin ölkədən 71 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları idxal edir. Fərqi nəzərə alsaq, ölkəmizdən çıxarılan 58 milyon ABŞ dolları, yəni 100 milyon manata yaxın vəsait burada qalsaydı, sahibkarlığın inkişafına töhfə olardı”.
Zahid Oruc bildirib ki, Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər. Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir: "Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".
"Əslində büdcənin icrasına nəzarət haqqında qanun qəbul etməliyik"
Millət vəkili Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, Milli Məclis dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət haqqında qanun qəbul etməlidir. Deputatın sözlərinə görə, əslində bu qanunun tənzimləmə predmetini büdcənin icrasına nəzarətin necə təmin edilməsi təşkil etməlidir: "İctimai münasibətləri tənzimləyən hər hansı sənədin qanunla təsdiq olunması onun qanun qüvvəsi alaması deməkdir. Normativ hüquqi aktlar haqqında qanuna görə, qanun tənzimləmə predmeti olan qeyri müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Konstitusiyada büdcənin icrasına nəzarət haqqında qanunun qəbul olunması tələb olunsa da biz, hər il büdcənin icrası haqında qanun qəbul edirik. Bu qanun hansı münasibətləri tənzimləyir? Qanunun heç bir tənzimləmə predmeti yoxdur və dəfələrlə tətbiq üçün nəzərdə tutulmur. Biz, əslində büdcənin icrasına nəzarət haqqında qanun qəbul etməliyik. Biz, bu gün qanun qəbul etməsək, bu hansı hüquqi nəticələr doğuracaq? Ona görə təklif edirəm ki, Nazirlər kabineti haqqında konstitusiya qəbul olunsun, orada Nazirlər Kabinetinə etimad məsələsi Nazirlər Kabinetinin hesabatının verilməsinin çərçivəsi müəyyənləşdirilsin”.