Ermənistanın saxtakarlığı, hiyləgərliyi bitib-tükənmir. Ermənilərin həyasızlığı o həddə çatıb ki, törətdikləri öz vəhşiliklərini, qətliam və soyqırımları belə zaman-zaman Azərbaycanın adına çıxmağa çalışıblar. Dəfələlər olub ki, mənfur ermənilər torpaqlarımızı işğal edərkən, eyni zamanda Birinci Qarabağ müharibəsi dövründə öz qaniçən hərəkətlərini, insanlığa sığmayan vəhşi əməllərini "Azərbaycanlılar ermənilərə qarşı törədib" uydurması ilə dünya ictimaiyyətini aldatmağa səy göstəriblər. Hətta erməni quldurları 1992-ci ilin fevralında baş vermiş dəhşətli Xocalı soyqırımını əks etdirən fotoları da "türklər mülki erməniləri qətlə yetiriblər" yalanı ilə tirajlayıblar.
"Sherg.az" xəbər verir ki, ermənilərin, ələlxüsus erməni lobbisinin, diasporunun yalan maşını 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə də işlək vəziyyətdə olub.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Ordusu qarşısında tab gətirməyən erməni silahlıları Gəncə şəhərinə müxtəlif vaxtlarda 5 dəfə raket atıblar. Münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini hədəf seçiblər. Yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri atəşə tutublar. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Təbii ki, həmin cinayətləri əks etdirən yüzlərlə fotolar yayılıb, xarici televiziyalar, media qurumları da baş verənləri işıqlandırıblar.
Ancaq bu qədər aşkar faktın ortada olması da erməni həyasızlığının önünə keçə bilməyib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın raket zərbəsindən sonra sonra Gəncəyə səfərini, dağıntılara məruz qalmış bölgəni gəzməsini əks etdirən fotonu da ermənilər mənimsəyiblər. "Phoneix reloaded" adlı sosial şəbəkə səhifəsi Ombudsmanın olduğu foto-görüntünü paylaşaraq bunu "Azərbaycan hərbçilərinin Qarabağda törətdiyi vəhşilik" kimi qələmə veriblər. "120 min erməninin" yaşadığı "Artsax"da qətliam törədildiyini iddia ediblər. Ermənilərin abırsız yalanları ilə çox üzləşmişik. Amma imkan vermək olmaz ki, erməni terrorçuları "məzlum" obrazına bürünərək dünya ictimaiyyətini aldatsınlar.