Makron tərəfdarları sürətlə azalmaqdadır - TƏHLİL

Avropa Parlamentinə seçkilərdə müəyyən dəyişikliklər baş verəcək

Avropa Parlamenti yenidən formalaşmaq üçün seçkilərə gedir. İyunun 6-da Niderlandda seçkilər keçirilib. İrlandiyada isə seçki ayın 7-də baş tutub. Latviya, Malta və Slovakiya və Çexiyada iyunun 8-də keçiriləcək. İtaliyada isə 8 və 9 iyunda səsvermə keçiriləcək. Avropa İttifaqının (Aİ) qalan ölkələrində seçkilər iyunun 9-da reallaşacaq.

 Aİ ölkələrinin 370 milyondan çox vətəndaşı Avropa Parlamentinin 720 üzvünü seçmək hüququna malikdir. Bu seçkilər bir turda keçirilir və Avropa Parlamenti nümayəndələrinin milli kontingentinin müəyyənləşdirilməsinə yönəlib. Səsvermə partiyalar və ya koalisiyaların irəli sürdüyü namizədlərin tam ilə keçirilir. 5 faiz səs toplaya bilməyən siyahılar Avropa Şurasına daxil edilmir. Görünən odur ki, Avropa Parlamenti köhnə və korrupsioner deputatlardan azad olmaq istəyir. Seçkidə qələbə uğrunda canfəşanlıq edən Avropa ölkələrindən biri də Fransadır. İfrat sağçı Marin Le Pen və partiyasının Avropa Parlamenti seçkilərində aparıcı namizədi Jordan Bardelladır. Namizədlər gənc seçiciləri və hələ öz fikirlərini formalaşdırmayanları inandırmaq üçün səylərini artırırlar. Rəy sorğularına görə, Fransa seçicilərinin 32 faizi  Bardellaya səs verməyə hazırdır. O, partiya lideri Marin Le Penlə birlikdə prezident Emmanuel Makronun hakim Renessans partiyasına qarşı səsverməyə çağırıb. Makronun partiyası hazırda Le Penin partiyasından 15 faiz geridədir. Fransanın baş naziri Qabriel Attal isə bildirib ki, Avropa ölə bilər, çünki bütün qitədə ifrat sağçılar güclənir. Əgər biz heç nə etməsək, evdə passiv tamaşaçı kimi oturub Avropanın tənəzzülünü seyr etsək, Avropa məhv olacaq. Sosialist Partiyası və Xalq Meydanı dərnəyinin namizədi Rafael Qluksmann rəy sorğularının nəticələrinə görə, Makronun partiyası ilə bərabər addımlar ataraq tərəfdarlarını səfərbər olmağa çağırıb. O, şənbə günü cənubdakı Marsel şəhərində təşviqat aksiyası keçirərək, qərarsız seçicilərin onu dəstəklədiyi təqdirdə seçkidə "böyük, gözəl sürpriz" olacağını vəd edib. Yaşıllar Partiyasının lideri Mari Toussaint Parisdə seçki kampaniyası keçirib. Müşahidəçilər qeyd edirlər ki, onun partiyası Avropa Parlamentinə daxil olmaq üçün lazım olan 5 faiz səsi ala bilməmək riski yaşayır. Amma o özü optimist olaraq qalır. Avropa İttifaqı ölkələrinin xüsusi xidmət orqanları Avropa Parlamentinə seçkilərə təsir göstərməyə çalışan “dost olmayan dövlətlərə” qarşı mübarizə aparır. “Dost olmayan ölkələr”in ictimai rəyi manipulyasiya etmək cəhdlərini diqqətlə izləyir və lazım gələrsə, tədbir görür. 

Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Fransada Makron tərəfdarları sürətlə azalmaqdadır və son prezident seçkilərində də Marin Le Penin kifayət qədər səs alması onu göstərdi ki, bu tendensiya bundan sonra da davam edəcək: 

"Çünki Makron son dərəcə yanlış siyasət həyata keçirir, yanlış bəyanatlar verir və bu addımlar onun nüfuzdan düşməsinə gətirib çıxarır. Çox güman ki, Avropa Parlamentinə seçkilərdə müəyyən dəyişikliklər baş verəcək. Xüsusilə Fransadan seçilənlərin dəyişmək ehtimalı çox yüksəkdir. Ancaq bu nə Fransanın Azərbaycana münasibətini dəyişdirəcək, nə də Avropa Parlamentini. Çox təəssüf ki, biz Avropada öz ədalətli mövqeyimizi hələ də bəzi adamlara çatdıra bilməmişik. Burada ola bilsin ki, bizim də yanlışlarımız var. Ancaq digər tərəfdən, Avropa Parlamentinin tərkibində olan deputatların mütləq əksəriyyəti ermənipərəst mövqedədir. Anti-Azərbaycan mövqeyindədir və bu yanaşmanın dəyişməsi üçün hələ xeyli işləmək lazım gələcək. Ancaq işləməliyi və Azərbaycan barədə düşüncələri dəyişdirməyə çalışmalıyıq. Ədalətli olduğumuzu hamıya inandırmağa çalışmalıyıq. Özünə müxalifət deyənlər də bir az dövlət üçün çalışmalıdır. Əfsuslar ki, əksəriyyətinin fəaliyyəti Azərbaycanı nüfuzdan salmağa yönəlib. Noyabr ayında keçirləcək COP29 tədbiri bu istiqamətdə mühüm addım ola bilər. Tədbirin yüksək səviyyədə keçirilməsi bizə olan münasibətin dəyişməsində mühüm rol oynaya bilər".