Fərəc Quliyev: “İrəvan hökuməti Azərbaycan dövlət başçısının ortalığa qoyduğu, əslində, kifayət qədər yumşaq tövrü qeyd-şərtsiz qəbul etməlidir”
Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib. Dövlət başçısı qeyd edib ki, məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Ölkə rəhbəri vurğulayıb ki, azərbaycanlılar və türklər erməni cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər: "Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar". Dövlət başçısı qeyd edib ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir: "2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik".
Məlumat üçün əlavə edək ki, Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan tərəfi yaxın bir ay ərzində Azərbaycanla sülh müqaviləsi layihəsi və onun imzalanması üzərində intensiv işləməyə hazırdır: “Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün yetərincə yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir”. Həmçinin məlumatda qeyd olunub ki, Ermənistanın heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası yoxdur: "Ermənistan və Azərbaycan arasında müzakirə edilən sülh sazişində aydın şəkildə qeyd olunub ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birlərinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişi layihəsində həmçinin razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz. Sazişin imzalanması və onun dövlətdaxili prosedurlar vasitəsilə ratifikasiyası, nəhayət, bu prinsipləri möhkəmləndirəcək".
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında bildirib ki, dövlət başçısı Ermənistanda konstitusiya dəyişməzsə, yekun sülh sazişinin imzalanmasının mümkün olmayacağını vurğulayır. Partiya rəhbərinin sözlərinə görə, burada söhbət ara sənədindən, çərçivə sazişindən getmir:
"Dövlət başçısının mövqeyi tamamilə doğrudur. Ermənistan konstitusiyası sahmana salınanadək ara sənədi, çərçivə sazişi imzalana bilər. Yekun sülh sazişinədək Ermənistan konstitusiyasında dəyişiklik mütləqdir. Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə iddia ilə bağlı müddəa var. Ermənilər 1989-cu ildə Ermənistan SSRİ-nin Ali Sovetinin bir qərarını qəbul edərək, "Dağlıq Qarabağ"ı "Ermənistan ərazisi" kimi qəbul ediblər. Düzdür, SSRİ Ali Soveti bunu sonradan qüvvədən salıb. Ancaq Ermənistan tərəfi bunu ratifikasiya etməyib və öz qərarlarını qüvvədə saxlayıb. 1990-cı ildə Ermənistan müstəqillik aktını qəbul edərkən həmin müddəanı da saxlayıb. 1995-ci ildə qəbul edilmiş Ermənistan konstitusiyasında da bu bənd olduğu kimi qalıb. Yəni mövcud Ermənistan konstitusiyasında Azərbaycanın bir hissəsi "Ermənistan ərazisi" kimi göstərilib. İndi İrəvan izah verməyə çalışır ki, guya sazişdən sonra onlar daxili qanunlarına istinad etməyəcəklər. Amma saziş elə bir sənəddir ki, tərəflərdən biri ondan imtina edərsə, qüvvədən düşmüş sayılır. Konstitusiya isə referendumla həyata keçirilən əsas qanun toplusudur. Saziş konstitusiyadan üstün deyil. Əgər üstün deyilsə, kim qarantiya verir ki, sabah erməni tərəfi daxili qanunlarına istinad etməyəcək?! Ermənistan tərəfi sadəcə sözlə bizi əmin edə bilməz. Əməli şəkildə konstitusiya dəyişilməlidir. İrəvanın indiki açıqlamaları bizi aldatmağa hesablanıb. Erməni strategiyasının gələcəyinə yenə də Azərbaycan ərazilərinə iddia edəcək "Böyük Ermənistan" hədəfini yerləşdirmək cəhdidir. Biz sadəlövhcəsinə buna inana bilmərik. Ona görə də konstitusiya dəyişikliyi mütləq olmalıdır. Bakı proses irəliyə getsin, fasilə yaranmasın deyə öncəsində çərçivə sənədinin imzalanmasında problem görmür. Sərhədlərin delimitasiya və demarkasiya prosesi getməlidir".
F.Quliyev vurğulayıb ki, Ermənistan "güzgü effekti" ilə tələb edir ki, guya bizim də konstitusiyamızda dəyişiklik edilməlidir: "Anlamırlar ki, Azərbaycan Ermənistan ərazilərində yaranmış bir dövlət deyil. Məhz indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmış bir respublikadır. O baxımdan İrəvan hökuməti Azərbaycan dövlət başçısının ortalığa qoyduğu, əslində, kifayət qədər yumşaq tövrü qeyd-şərtsiz qəbul etməlidir. Çünki əks halda mövqeyimiz sərtləşər və haqlı tələblərimiz üzə çıxar. Azərbaycan dövləti kifayət qədər konstruktiv və ermənilər üçün də xeyirli olan mövqedən çıxış edir".