İkili standartlar Avropa Birliyi və ABŞ-yə uyğun olsa da, belə mövqe Yaponiyaya yaraşmır
Yaponiyanın Ukraynaya 4 ədəd minatəmizləmə maşını verməsi bu ölkənin Azərbaycanla bağlı qərarını növbəti dəfə gündəmə gətirib.
Azərbaycan bir müddət öncə Yaponiyaya minatəmizləmə maşını üçün müraciət etmiş, işğaldan azad edilmiş ərazilərin təmizlənməsində texniki yardım istəmişdi.
Bu, həm də Yaponiyanın elan etdiyi humanizm, insanlıq, təbiəti qoruma və digər çox mütərəqqi prinsiplərə uyğundur. Azərbaycanın onillərlə işğalda saxlanılan əraziləri səhralığa çevrilib, burda yüzlərlə kənd, onlarla şəhər və qəsəbə Yer üzündən silinib, əvəzində torpağımıza milyona yaxın mina döşənib. Qarabağ dünyanın mina ilə çirklənmiş ən təhlükəli ərazilərinin başında gəlir. Yaponiya sadəcə minatəmizlənmə texnikası təqdim etməklə, mülki insanların həyatını xilas edə bilərdi.
Mina - humanitar fəlakətdir, insanlığa qarşı cinayətdir, insanların yaşam hüququnu əlindən almaqdır.
Humanitar yardım bütün dünyada, hətta müharibə aparan ölkələr arasında belə normal qarşılanır: o dərəcədə ki, Rusiyanın müttəfiqləri belə hazırda Ukraynaya humanitar yardım göstərirlər və buna Rusiya əks-reaksiya vermir.
Mülki insanların xilası bəşəri dəyərdir, bu baxımdan Azərbaycanın müraciətində Tokionu narahat edəcək heç bir şey yoxdur. Bir halda ki, Ermənistan özü mina xəritələrini verir – baxmayaraq ki, həmin xəritələrin cəmi 25%-i özünü doğruldub, - hər hansı bir ölkənin minatəmizləmə texnikası təqdim etməsi tərəf seçimi deyil, insanlıqdır.
Ancaq Yaponiya Azərbaycanın müraciətini rədd etmişdi və maraqlıdır ki, bu imtinanı əsaslandırmağı belə lazım bilməmişdi. Ancaq Ukraynaya minatəmizləmə texnikası göndərməklə, guya “humanitar missiya” nümayiş etdirir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Emil Həsənli bildirib ki, Azərbaycan 30 ilə yaxın işğala məruz qalıb:
“Həmin bölgələr dünyada minadan çirklənən ən böyük ərazilərdir. Mina məsələsinə bütün dünya dövlətləri kömək etməlidir. Bu ən böyük mina terrorlarından biridir. Mülki əhali və hərbiçilər daxil hər il xeyli sayda insan mina terrorunun qurbanı olur. Ona görə də dünya əhalisi problemin həlli üçün çalışmalıdır. Minadan birdəfəlik imtina etmək mümkünsüzdür. Müharibə edən ölkələr öz sərhədlərini qorumaq üçün minadan istifadə edirlər. Ermənistan kimi terrorçu dövlət isə bütün əraziləri minalayıb. Təkcə minalar təmas xəttinə basdırılsa idi, başa düşülən olardı. Belə olan halda Ermənistana qarşı sanksiyalar tətbiq edilməli və ağır cinayətlər görülməlidir. Eyni zamanda, Azərbaycanın minadan xilas olması üçün dəstək verilməlidir. Yaponiyanın Azərbaycana xoş münasibəti olub. Yaponiya dünyada təhsil və səhiyyənin inkişafına hər il böyük vəsait ayırıb. Mina məsələsində də Yaponiya Azərbaycana normal münasibət göstərməli idi. Həm Yaponiya, həm də Avropa Birliyi, ABŞ və digər ölkələr işğal olunan ərazilərin minadan təmizlənməsinə kömək etməlidir. Azərbaycan öz gücünə torpaqlarını minalardan təmizləyir. AB-i və dünyanın digər gücləri Ermənistan, Gürcüstana böyük həcmdə yardım etsə də, Azərbaycanın ərazisinin bərpası üçün dəstək vermir. Bunların hamısı qeyri-insanı davranışdır. Yaponiya müharibə baxımından ən çox zərər çəkən ölkələrdəndir. Eyni zamanda, ilk və son nüvə silahı Yaponiyaya atılıb. Ona görə də bu kimi məsələlərdə Yaponiya həssas davranmalıdır. İkili standartlar Avropa Birliyi və ABŞ-yə uyğun olsa da, belə mövqe Yaponiyaya yaraşmır. Yaponiya bu siyasətinə yenidən baxmalıdır”.