Hadisənin Vaşinqton görüşünü sabotaj etmək üçün də həyata keçirilməsi mümkündür
Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum ediblər.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsində mülki şəxslər hərbçilərlə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.
İstintaq Komitəsi üç nəfərin həbs edildiyini açıqlayıb. Məlumat verilib ki, üç yerli sakin Ermənistan Cinayət Məcəlləsinə görə ittiham olunaraq həbs edilib.
Mülki şəxslərin hərbi hissəyə hücumunu təsadüfi hal kimi qiymətləndirməyin düzgün olmadığını vurğulayan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Sherg.az”a bildirib ki, Ermənistanın İstintaq Komitəsi buna başqa don geyindirə bilər. Amma mövcud reallıq ondan ibarətdir ki, Paşinyan hökümətinə təzyiq mexanizmi kimi hansısa qüvvələr belə addım atıb:
“Düşünürəm ki, hərbi hissəyə hücum edilməsi və atəş açılması, daha sonra buna başqa adın verilməsi məqsədyönlü şəkildə təşkil olunan hadisədir. Eyni zamanda, Ermənistanda belə halın baş tutması Azərbaycanla danışıqların arxa plana keçirilməsinə hesablana da bilər. Yəni belə hadisənin təsadüfən baş verməsi mümkün deyil. Hərbi hissəyə hücumun baş tutmasının arxasında başqa məqsəd dayanır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda görüş keçirilib. Hesab edirəm ki, sözügedən məsələnin Vaşinqton görüşünü sabotaj etmək üçün də həyata keçirilməsi mümkündür. Hər bir halda bunu Ermənistan hüquq-mühafizə orqanları araşdırmalıdır”.