Danışıqların ikitərəfli formatı bizim üçün hələ də prioritetdir
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü “Sherg.az”a dəyərləndirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib ki, Amerika Birləşmiş Ştatlarının tezliklə sülh sazişinin imzalanması ilə bağlı istəyini görürük:
“Amma bizim sülhün imzalanması üçün hansısa vaxt çərçivəmiz yoxdur. Əsas məsələ hədəflərimizə çatmaqdır. Həmin hədəflər isə beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda, Ermənistan tərəfinə qarşı beynəlxalq hüquqa əsaslanan tələblərimiz var. Yəni ölkələr biri-birinin ərazi bütövlüyünü tanıdığını formal olaraq deyil, əməldə göstərməlidir. Buna görə də Ermənistanın konstitusiyası dəyişdirilməlidir. Düzdür, sülh sazişi ilə bağlı proseslər gedir. Lakin sözügedən məsələlər də həllini tapmalıdır. Amerikanın vasitəçiliyini isə müsbət qiymətləndirmək olar. Ancaq yenə də bu və ya digər formada Amerika siyasətçiləri ermənipərəst mövqe sərgiləyirlər. Məsələn, USAİD-in rəhbəri Samanta Pauer bu yaxınlarda Ermənistana səfər edib və rəsmi İrəvana yardım göstərilməsi ilə bağlı fikirlər səsləndirib. Yenə də Amerikanın müəyyən qədər vasitəçi rolunu görürük. Paşinyan məhz Qərb platformasında Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyimizi tanıdı. Digər tərəfdən isə geosiyasi rəqabət gedir. Sülh sazişinin alətə çevrilməyini istəmirik. Ona görə də ikitərəfli format bizim üçün hələ də prioritetdir. Sülhün regionda bərqərar olmasına xidmət edən vasitəçiliyi alqışlayırıq. Sülh sazişi hansısa kağız üzərində deyil, konkret prinsiplər üzərində qurulmalıdır”.