Qərb demarkasiya və delimitasiya prosesinə əngəl olmağa çalışacaq- ŞƏRH

"Əgər Ermənistan Azərbaycan kimi suveren dövlət olsa idi, sülh sazişi çoxdan imzalanardı”

İyulun 1-də təsdiq edilməli olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın əsasnaməsi hələ də tərəflər arasında razılaşdırılmayıb.

Məsələ ilə bağlı erməni mediası öz mənbələrinə istinadla danışıqların hələ “konstruktiv məcraya” daxil olmadığını yazıb.

Bildirilir ki, Ermənistan bütün sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasında maraqlıdır, Azərbaycan isə bu prinsiplə razı deyil.

İddialara görə, Ermənistan Cermuk, Göyçə istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir, çünki həmin istiqamətdə Azərbaycan Ordusunun irəlilədiyini iddia edir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır. Bu proses daxilində isə Kərki kəndini geri tələb edir.


Mövzunu “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov söyləyib ki, proseslərin planlı və intensiv xarakter almasına başlar-başlamaz Ermənistanın öz istəyi ilə hərəkət edə bilmədiyini gördük:

“Yəni Ermənistanın davranışlarına kənar müdaxilələr çoxdur. Amerika Birləşmiş Ştatları, Fransa, Avropa İttifaqı, diaspor təşkilatları və kilsə Ermənistanı bütün işgüzar vəziyyətdən uzaqlaşdırırlar. Burada məqsəd Azərbaycanla danışıqların ikitərəfli formatda baş tutmamasına hesablanıb. Ermənistana ABŞ-dən daima yüksək rütbəli, hərbi kontingenti təmsil edən məmurlar gəlir. Eyni zamanda, USAİD-in rəhbəri Samanta Pauer Ermənistanda səfərdə oldu. Digər tərəfdən İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. ABŞ Dövlət katibi Antoni Blinkenin NATO-nun 75 illik sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda sülh sazişinin imzalanmasında israrlıyıq fikirləri gəlişi gözəl sözlərdir. Onların dəbdəbəsinə aldanmaq olmaz. Kənar qüvvələr Ermənistanı öz təsirləri altında saxlamaqla onun suverenliyini məhdudlaşdırmaq və dəhlizlərin fəaliyyətini nəzarətlərinə götürmək istəyirlər. Rusiya Federasiyası bölgəyə kənar təsirləri gətirməməklə bağlı Ermənistana xəbərdarlıq etdi. Ermənistan faktiki olaraq həm Rusiya ilə münasibətlərini qırmır, həm də Qərblə münasibətlərini inkişaf etdirir”.

Ekspert qeyd edib ki, Ermənistanın ən böyük gunahı hər şeyi başa düşdükləri halda heç nəyi köklü şəkildə həll etməmələridir:

“Azərbaycanda isə rəsmi dairələr və Prezident İlham Əliyev hər şeyi gözəl anlayır. Məsələn, Amerikanın sülhü tezliklə reallaşdırmaq istəməsinin səbəbi Vaşinqton platformasının  özünü yenidən bərpa etdiyini göstərməkdir. Demilitasiya və demarkasiya prosesində ləngimələrin də səbəbi məhz Qərbdir. Çünki vasitəçilər olmadan ikitərəfli danışıqlar fonunda məsələnin həllinə çalışılması Qərbi qorxudur. İniki halda isə Ermənistan suveren ölkə olmadığını, Qərbdən asılı qaldığını nümayiş etdirir. Ona görə də Qərb demarkasiya və delimitasiya prosesinə əngəl olmağa çalışacaq. Əgər Ermənistan Azərbaycan kimi suveren dövlət olsa idi, sülh sazişi çoxdan imzalanardı”.