Pakistanla dövlətlərarası münasibətlər üst səviyyəyə qalxacaq - TƏHLİL

Nüvə dövləti olan Pakistanın Azərbaycanla əməkdaşlığı təhlükəsizlik və regional formatda icra olunacaq siyasi layihələrin prespektivi baxımından əhəmiyyətlidir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola saldılar. 

Prezident İlham Əliyevin Pakistana səfərinin  mühüm hadisə olduğunu vurğulayan politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, iki ölkə arasında tarixi, mədəni, iqtisadi və dini əlaqələr mövcuddur:

İki ölkə xalqları biri-birilərini sevirlər və mədəni bağlar olduqca güclüdür. Azərbaycanla Pakistan siyasi və diplomatik sahədə biri-birilərinə müntəzəm olaraq dəstək verirlər. Pakistan qeyri-şərtsiz Azərbaycanın haqq işində daima dəstəkləyib. Eyni zamanda, Pakistan Ermənistanın dövlət müstəqilliyini tanımayan nadir ölkədir. Bu isə məhz Ermənistanın Azərbaycan torparlarını işğal etməsi ilə bağlı idi”.

Ekspert qeyd edib ki, digər tərəfdən Pakistanla Azərbaycan arasında hərbi, iqtisadi, enerji sahəsində əməkdaşlıqlar və silah sənayesinin inkişafına dair razılaşmalar var:

“İki ölkə beynəlxalq təşkilatlarda biri-birilərini tanıyırlar. Pakistan bütün sammitlərdə Azərbaycanın torpaqlarının işğal məsələsini qabardıb və Bakıya dəstəyini əsirgəməyib. Sözügedən münasibətlər sistemi həm liderlərin dostluğu səviyyəsində, həm də dövlətlərarası münasibətlərdə təkminləşib. Prezident İlham Əliyevin Pakistana səfəri isə dövlətlərarası münasibətləri üst səviyyəyə qaldıracaq. Ümumiyyətlə, iki ölkə arasında son zamanlar diplomatik təmaslar artıb. Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) görüşünün şahidi olduq. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə Şuşada sammit baş tutdu. Bütün bu görüşlər və daha sonra Pakistana oluna səfər silsilə xarakter daşıyır. Bunların hamısı Azərbaycanın diplomatik sahədə atdığı addımların göstəricisidir. Pakistanla münasibətlərin güclü olması gələcək prespektivdə də ölkələrarası əlaqələrə təsirsiz ötüşməyəcək. Nüvə dövləti olan Pakistanın Azərbaycanla əməkdaşlığı təhlükəsizlik və regional formatda icra olunacaq siyasi layihələrin prespektivi baxımından əhəmiyyətlidir. Hər iki ölkənin ortaq maraqları var və birgə atmaq istədikləri addımlar var. Bunların hamısı iki ölkənin strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə qaldıra bilər”.