Ərdoğan Türkiyənin böyük hədəflərini açıqladı - POLİTOLOQ

Türkiyə terrorla mübarizədə ədalət carçısı olan azsaylı NATO üzvlərindən biridir

Ankara əldə etdiyi hərbi suverenliklə təkbaşına daha güclü və qətiyyətli addımlar atmağa müvəffəq olur


Türkiyə terrorun qanlı üzünü ən yaxşı tanıyan ölkədir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən NATO sammitinin ardınca baş tutan mətbuat konfransında deyib.

“40 ildir təşkilat və müxtəlif quruluşlara qarşı ağır bədəllər ödəyərək mübarizə aparırıq. Bu məsələdə müttəfiqlərimizdən həmrəylik gözləyirik. Bəzi müttəfiqlərimizin terror təşkilatları ilə münasibətlərini qəbul etməyimiz mümkün deyil”, - o əlavə edib.

Ərdoğanın sammitdə bu çıxışı dünya mediasında rezonans doğurub. Siyasi analitiklər Türkiyənin NATO sammitində masadan “ən güclü çıxan ölkə” olduğunu bildirib. 

 
Rəcəb Tayyib Ərdoğanın fikirlərini “Sherg.az”a dəyərləndirən xanım politoloq Aytən Qurbanova söyləyib ki, Türkiyə sadəcə öz sərhədləri daxilində deyil, regional və qlobal səviyyədə də terrorla mübarizə sahəsində həqiqi ədalət carçısı olan azsaylı NATO üzvlərindən biridir:

“Çox təəssüf ki, bir çox üzv dövlətlər terrorizm və terror təşkilatları ilə bağlı mövcud beynəlxalq hüquqi normalardakı boşluqlardan məharətlə istifadə edərək ikili standartlar əsasında mövqe nümayiş etdirirlər. Öz ərazi sərhədlərinə yaxınlaşmayan və milli maraqlarına zərbə vurmayan hadisələrin terror aktı olaraq dəyərləndirilməsi və ya anti-terror tədbirlərinin icrası zamanı həmrəylik çıxışları müşahidə edilmir. Xüsusilə, PKK ilə mübarizə sahəsində Türkiyə uzun illər ikili standartlarla qarşı-qarşıya qalan dövlət olub. Eyni zamanda, Suriyada, İraqda və digər bölgələrdə də Türkiyənin milli təhlükəsizliyini hədəf alan terror qruplaşmalarına qarşı keçirilən əməliyyatlar zamanı bu yanaşma aydın şəkildə müşahidə edilib. Amma bugün Türkiyə əldə etdiyi hərbi suverenliklə təkbaşına daha güclü və qətiyyətli addımlar atmağa müvəffəq olur. Heç şübhəsiz ki, bu addımlar yalnız Orta Şərq bölgəsində deyil, daha geniş coğrafiyalarda da sülh və sabitliyin bərqərar olmasını hədəfləyir. Ona görə də, cənab Ərdoğanın NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində səsləndirdiyi fikirlər qlobal sistemdəki ikili standartları bir daha bəyan etməklə yanaşı, Türkiyənin böyük hədəflərinin və qətiyyətli mövqeyinin bariz ifadəsi olaraq dəyərləndirilə bilər”.