London qlobal siyasətdə Azərbaycanın gündəliyinə əhəmiyyətli dəstək verəcək
Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya səfəri və “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etməsi bir daha göstərdi ki, müstəqil Azərbaycan və onun Müzəffər lideri dünyanın hər yerində olduğu kimi, Avropada da böyük nüfuza malikdir. Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çətin geosiyasi şəraitdə uğurlu müstəqil xarici siyasət həyata keçirir. Ölkə düşünülmüş daxili və xarici siyasət sayəsində həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Ölkə rəhbərliyinin gərgin və yorulmaz fəaliyyəti nəticəsində xarici siyasətdə ciddi uğurlara imza atılıb. Ən ciddi uğurlardan biri sözsüz ki, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə qəbul edilən qərardır. Belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçiriləcəyi gərgin fəaliyyətin, aparılan xarici siyasət kursunun doğru olduğunun göstəricisidir. Elə bir beynəlxalq tədbir olmur ki, Azərbaycan ora dəvət olunmasın. Bu tədbirlərdə və müzakirələrdə iştirak isə gərgin zəhmət və fəaliyyət deməkdir. Azərbaycan Prezidenti də uğurla və layiqincə onların öhdəsindən gəlir. Dövlət başçısı son bir ay ərzində çoxsaylı tədbir, səfər və beynəlxalq konfranslara qatılıb, mühüm müzakirələrdə iştirak edib. Məsələn, dünyanın diqqəti son günlər Böyük Britaniyaya yönəlib. Prezident İlham Əliyev Britaniyadan əvvəl daha bir mötəbər beynəlxalq tədbirə - Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitinə qatılıb. Sammit çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib. Astanada Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilən üçtərəfli görüş isə üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirib. Ümumiyyətlə, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Mərkəzi Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuzunun göstəricisidir.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Böyük Britaniya Cənubi Qafqazın lideri və Mərkəzi Asiyanın təhlükəsizliyində mühüm rol oynamaq istəyən Azərbaycanla işləməyi prioritetlərı sırasına daxil edib. Analitik vurğulayıb ki, Böyük Britaniya Azərbaycanın regional güc olmasına diqqət yetirir. Onun Ukraynadakı müharibə fonunda yaranan xaotik beynəlxalq nizamda artan oyunçuluq qabiliyyətini yüksək qiymətləndirir:
"Azərbaycanın Çinlə əməkdaşlığını yönləndirmək Böyük Britaniyanın hədəfləri sırasındadır. London bu strategiyalarına nail olmaqdan ötrü Avropa Siyasi Birliyinin Zirvə sammitində dövlət başçısı İlham Əliyevlə Nikol Paşinyanın görüşünü açıq təşəbbüskarlıqla dəstəklədi. Amma Ermənistanın görüşdən imtinası Londonun İrəvanla əlaqəli siyasətindəki mülayimliyi məhdudlaşdıracaq. Bu imkan verəcək ki, Azərbaycanla Böyük Britaniya geosiyasi və təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını daha faydalı şəkildə yenidən qursun. Bakıda keçiriləcək COP29 tədbiri fonunda Bitaniyanın “yaşıl gündəliklə” Azərbaycana perspektiv üçün böyük ölçülü dəstəkləri nümayiş oluna bilər. Beləliklə, Böyük Britaniya qlobal idarəçilikdə mühüm rol oynamaq iddialarını Azərbaycan üzərindən güc mərkəzlərinə göstərir. Londonun strategiyası Ukraynadakı müharibənin təhlükəli geosiyasi təsirlərini azaltmaq üçün Azərbaycanın potensialından yararlanması ortaya qoyacağı strateji yanaşmalara əsaslanır. Azərbaycanın yaşıl enerji ixracı üçün arsenalını qüvvətləndirməsi Londonun qlobal siyasətdə Azərbaycanın gündəliyinə əhəmiyyətli dəstəyinə gətirib çıxaracaq".