Partiya sədrinin rəqibi Kamal Cəfərov olacaq
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn həm özünün, həm də digər partiya nümayəndələrinin növbədənkənar parlament seçkilərində iştirak edəcəyini deyib. Partiya sədri AXP-nin seçki hazırlığının hansı səviyyədə olmasından danışıb: "AXP-dən 7 dairə üzrə namizəd irəli sürmüşük, hazırda onların namizəd kimi təsdiqlənməsi üçün imza toplama mərhələsi həyata keçirilir".
P.Hüseyn namizəd kimi dairəsini müəyyənləşdirdiyini açıqlayıb: "68 saylı Sabirabad-Şirvan Dairə Seçki Dairəsindən namizədliyimi vermişəm. Mənim üçün də imza toplanılır. Bitəndən sonra dairə seçki komissiyasına sənədləri təqdim edəcəyik".
68 saylı Sabirabad-Şirvan Seçki Dairəsində Pənah Hüseynin Yeni Azərbaycan Partiyasından rəqibi Kamal Cəfərov olacaq.
AXP sədri bu məsələyə də münasibətini bildirib: "Mən artıq namizədliyimi irəli sürmüşəm. Hər bir partiya istənilən dairədən namizədini irəli sürə bilər. YAP-lı, qeyri-YAP-lı hamıya uğurlar arzulayıram".
Qeyd edək ki, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi yeni yaradılıb. 2020-ci ildə keçirilən parlament seçkilərində bu dairə 68 saylı Cəlilabad Seçki Dairəsi kimi fəaliyət göstərib.