Qazax-Tavuş sərhədinin Kirants kəndindən keçən hissəsində Ermənistan tərəfi sərhədə hasar hörülməsi işini tamamlayıb.
Erməni mediası hasarın uzunluğunun 150 metr, hündürlüyünün 3 metr olduğunu yazıb.
Qeyd edilib ki, Azərbaycan sərhədçiləri artıq hasarın yaxınlığında postlar qurublar.
Politoloq Natiq Miri “Sherg.az”a vurğulayıb ki, beynəlxalq praktikada belə şeylər mövcuddur:
“Yəni bəzi dövlətlər müəyyən potensial təhlükə gözlədikləri qonşu ölkələrlə bu cür hasarlar çəkirlər. Məsələn, Amerikada Donald Trumpın dönəmində ABŞ ilə Meksika arasında yüz kilometrlərlə hündürlüyündə hasarlar çəkildi. Bu qanunsuz miqrasiyanın qarşısını almağa xidmət edir. Ermənistan da özünü dırnaqarası təhlükədə hesab etdiyinə görə və qanunsuz keçidləri aradan qaldırmaq üçün belə hasarlar çəkir. Hər halda bu onların daxili işidir. Əgər bununla həqiqətən də özlərini sığortalanmış hesab edəcəklərsə, hasarın uzunluğunu biraz da artıra bilərlər. Bəzən həssas nöqtələrdə təkcə insanların deyil, eyni zamanda heyvanların da otlaq üçün sərhəddi keçib, digər ölkənin ərazisinə keçmə ehtimalları müşahidə olunur. Yəni dəfələrlə Ermənistan ərazisində olan mal-qara Azərbaycan torpaqlarına keçib və bununla bağlı müəyyən problemlər yaşanıb. Belə hasarların çəkilməsi həssas nöqtələrdə heyvanların başqa bölgəyə keçməsinin qarşısını almağa da xidmət edir”.