Bakının istədiyi formatda sülh danışıqları davam etdiriləcək
Rusiya Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və onlar üçün ən rahat şərait yaradacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Kreml sözçüsü bildirib ki, alınan razılaşmalara uyğun olaraq, Moskvada dəfələrlə sülh müqaviləsi layihəsi üzrə danışıqlar keçirilib: "Biz hər iki nümayəndə heyətinin seçdikləri ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət veririk. Rusiya tərəflər arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionun təhlükəsizliyi üçün zəruri ilkin şərt hesab edir". Azərbaycan Xarici İşlər Nazirliyi də Rusiya XİN sözçüsünün açıqlamasını şərh edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.
Bu arada onu da bildirək ki, dünən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülhü istəyən əsas tərəf kimi çıxış edir. Deputatın sözlərinə görə, ötən müddət ərzində Azərbaycan sülhün əldə olunması üçün real addımlar atan və bütün mümkün alətləri səfərbər edən tərəf kimi özünü sübut edib:
"Təəssüflər olsun ki, müxtəlif platformalarda və bir sıra dövlətlərin, təşkilatların moderatorluğunda keçirilən görüşlər zamanı Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə təxribatlara əl atdı. Bugünədək sülhün əldə edilməməsinin ən əsas səbəbkarı Ermənistandır. Prosesin gecikməsinin məsuliyyəti Ermənistanın üzərindədir. Üçtərəfli bəyanatın öhdəliklərini tam olaraq yerinə yetirməyib. Danışıqlar prosesində əldə olunmuş razılıqlar reallaşmayıb. Ermənistan çox ləng tərpənir. Nəzərə alaq ki, 2024-cü ildə heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan tərəflərinin müəyyənləşdirdiyi komissiyaların görüşləri nəticəsində sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanıldı. Artıq 12 km. sərhəd razılaşdırılıb. Azərbaycanın işğal altında olan dörd kəndi qeyd-şərtsiz Azərbaycana geri qaytarılıb. Digər kəndlərin də geri qaytarılması delimitasiya və demarkasiya işlərinin davam etdirilməsi ilə bağlıdır. Hazırda işçi qruplar bu məsələ üzərində işləməkdədir. Heç bir vasitəçi olmadan əldə edilmiş razılıqlar fonunda Avropada, Almaniyada, Amerika və Almatıda görüşlər keçirildi. Təbii ki, üçüncü tərəfin birbaşa vasitəçiliyi olmadan, proseslərə müdaxiləyə yol verilmədən istənilən məkanda ikitərəfli təmaslar reallaşdırıla bilər. Bu, qonşu Rusiya, Gürcüstan və Orta Asiya ölkələri də ola bilər. Hansısa məkanda ikitərəfli görüşlərin keçirilməsində heç bir problem yoxdur. Yetər ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və vaxtı uzatmasın".
Parlament üzvü xatırladıb ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan məhz Londonda cənab Prezident İlham Əliyevlə görüşdən çəkindi: "Bu, sülhə kölgə salmaq idi. Ermənistan öz Konstitusiyasına dəyişiklik etmək, referenduma getmək niyyətində deyil. Yaxud bu prosesi sonrakı dövrdə həyata keçirmək istəyir. Bu da istər-istəməz Ermənistanın hələ də Azərbaycana ərazi iddialarını davam etdirməsi kimi dəyərləndirilir. İrəvan tərəddüdlü mövqeyindən əl çəkməlidir. Sülhün baş tutmasını istəyirsə, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli, Zəngəzur dəhlizini və digər kommunikasiyaların işə düşməsini təmin etməlidir. Belə olacağı təqdirdə qısa zamanda sülhün baş tutmasına şahidlik edə bilərik. İstənilən halda, Azərbaycan sülh gündəliyinə sadiqdir. Şərtlərimiz hər kəs üçün açıqdır. Azərbaycanın diktəsi və Bakının istədiyi formatda sülh danışıqları davam etdiriləcək".