Çünki erməni lobbisi Fransada hakimiyyət dairələrinin mövqelərinə təsir etmək gücündədir
2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanda haqlı narazılıqlara səbəb olan insident baş verib. Fransanın "France 2" telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakterli açıqlamalar veriblər. Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz simpatiyasını gizlədə bilməyib: "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə".
Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib və bu da Azərbaycan ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Bunun ardınca Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" kimi təqdim edib. Bu isə öz növbəsində şərhçinin Ermənistan komandası ilə bağlı fikirlərinə münasibətdə kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib. Tarixən Olimpiya Oyunları həmişə sülhə və müharibəyə son qoymağa çağırıb. Lakin Fransa televiziya kanalı siyasi qərəz nümayiş etdirərək Olimpiya prinsiplərini pozdu. Sual yaranır, niyə Fransa komandası keçəndə müstəmləkəçilik və müstəmləkəçilik mövzuları çəkilmir? Parisin əsrlər boyu başqa xalqlara verdiyi bütün ağrılar xatırladılmır? Rəsmi Bakı çox güman ki, olimpiya prinsiplərinin kobud şəkildə pozulması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayətlə müraciət edəcək. Ölkəmiz çox güman ki, Parisdən narazılığını həmçinin diplomatik kanallar vasitəsilə də bildirəcək. Qəribə orasıdır ki, dünyanın heç bir ölkəsi, həmçinin beynəlxalq qurumları buna reaksiya vermədilər. Halbuki, Almaniyada futbol üzrə Avropa çempionatında Türkiyə millisi ilə Avstriya yığma komandası arasında keçirilən görüşdə "bozqurd" işarəsi göstərdiyi üçün türkiyəli idmançı Merih Demirala qarşı elə hücumlar təşkil edildi. Nəticədə, həmin idmançı cəzalandırıldı. Bu isə Türkiyə millisinin növbəti görüşlərdəki oyununa mənfi təsir göstərdi. Şübhəsiz, bu, hələ də dünyada hökm sürən ikili standarların nəticəsidir. Beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys bildirib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən “France 2” telekanalına sanksiya tətbiq edilməlidir. O, həmçinin bildirib ki, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: “Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”. Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir. Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır. Bakı Təşəbbüs Qrupu da Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb. Bəyanatda deyilir ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.
Ümumiyyətlə, Paris Olimpiadasının açılış mərasimində millətləri və dövlətləri bir-birinə tanıdan, yaxınlaşdıran nüanslardan əsər-əlamət olmayıb. Bütün bunlarla da Makron Fransası 33-cü Yay Olimpiya Oyunlarını məkrli siyasətinə alət edib. Bu mənada bu Olimpiadanın açılılş mərasimi vaxtilə dünyaya Volter, Didro, Russo və Monteskyeni bəxş edən Fransanın güzgüsü funksiyasını yerinə yetirib desək, səhv etmərik. Odur ki, həmin mərasim bu gün dünyanın tənqid hədəfinə çevrilib. Əslində Makron və onun hökuməti “Paris-2024”ün açılışı mərasimini "sülh və ümid anı" kimi təqdim etmək istəsə də, Fransanın ləkəli tarixini və kolonial siyasətini bir daha nümayiş etdirdi.
Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Şərq"ə açıqlamasında deyib ki, Fransa Azərbaycana qarşı məkirlərindən əl çəkmək niyyətində deyil və bunu dəfələrlə müşahidə etmişik. Deputatın sözlərinə görə, bunun səbəbini bir neçə aspektdən dəyərləndirmək mümkündür:
"Fransada erməni lobbisi çox güclüdür. Erməni lobbisi Fransada hakimiyyət dairələrinin mövqelərinə təsir etmək gücündədir. Eyni zamanda Fransa hakim dairələri erməni lobbisinin nəyinsə müqabilində maraqlarını müdafiə edir. Burada korrupsiya faktları əsasında danışmağa da əsas var. Avropa Parlamentində də analoji hal yaşanmışdı. Təbii ki, Fransada da belə faktlar yox deyil. Fransanın qeyri-obyektiv yanaşma sərgiləyərək Azərbaycana qarşı qərəzli mövqelərdən çıxış etməsinin arxasında erməni lobbisi dayanır. Fransa isə Azərbaycandan qisas almaqdadır. Azərbaycan öz ərazilərini erməni işğalından azad etməklə Fransa başda olmaqla Qərb dairələrinin planlarını alt-üst etdi. Keçmiş münaqişə vəziyyətində Fransa və ümumiyyətlə Qərb Cənubi Qafqaz regionunda öz mövcudluqlarını rahat şəkildə təmin edə bilirdilər. Bölgəyə təsir imkanlarına malik idilər. Azərbaycan münaqişə vəziyyətini aradan qaldırdı və təsir imkanları da paralel olaraq aradan qaldırıldı. Ona görə də bugün Azərbaycana qarşı təxribatçılıq mövqeyindən çıxış edirlər".
Professor vurğulayıb ki, biz öz torpaqlarımızı işğaldan azad edən zaman da ölkəmizə qarşı ciddi siyasi hücumları görürdük:
"Avropanın müxtəlif platformalarında qərəzli müzakirələr təşkil olunurdu. Fransa heç cür Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəmirdi. Fransa parlamentində Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olundu. Halbuki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrdən biridir. 1993-cü ildə Azərbaycan torpaqları işğal olunan zaman qəbul olunan 4 qətnamədə Fransanın da imzası var. Əslində Fransa Azərbaycana təşəkkür etməliydi ki, Bakı qətnamələrin icrasını öz gücünə reallaşdırdı. Ancaq biz tamam əks mövqenin şahidi olduq. Digər vacib amillərdən biri də odur ki, Fransa bundan sonra da Ermənistanı Cənubi Qafqaz regionunda özünün dağıdıcı planını həyata keçirmək üçün istifadə etmək niyyətindədir. Ona görə də Ermənistanın hər vasitə ilə könlünü almağa, İrəvanın xoşuna gəlməyə çalışır. Bütövlükdə Avropanın Sülh Fondunun Ermənistana hərbi yardım göstərməsi, Parisdə keçirilən Olimpiya Oyunları zamanı müşahidə etdiklərimiz ümumi strategiyanın elementləridir. Bunların hamısı bütövlükdə Cənubi Qafqazda yaranmış yeni reallıqları dəyişmək cəhdi kimi qiymətləndirilə bilər".